Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
Masallı rayonunun zəngin folklor və mədəni irsi ilə seçilən kəndlərindən biri də Musakücə kəndidir. Kənd uzun illərdir həsirçilik sənəti ilə tanınır və bu sənət əsrlər boyu nəsildən-nəslə ötürülərək kənd sakinlərinin həm məişətində, həm də məşğulluğunda mühüm yer tutur.
Musakücə kəndində ərazi nümayəndəliyinin inzibati binasında Beynəlxalq Qadınlar Günü münasibətilə həsirçiliklə məşğul olan bir qrup qadınla Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüş keçirib. Rayon rəhbəri qadınları bayram münasibətilə təbrik edərək onların hazırladıqları əl işləri ilə tanış olub, ənənəvi sənətin qorunub saxlanılmasında göstərdikləri zəhməti yüksək qiymətləndirib.
Görüş zamanı bildirilib ki, həsirçilik Musakücə kəndinin qədim sənətkarlıq ənənələrindən biri olmaqla yanaşı, həm də milli-mədəni dəyərlərimizin qorunub yaşadılmasında mühüm rol oynayır.
Daha sonra rayon rəhbəri kənddə təmir işləri aparılan həsir toxuma sexinə baxış keçirərək burada aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Qeyd olunub ki, həyata keçirilən təmir işləri sexin gələcəkdə müasir tələblərə uyğun fəaliyyət göstərməsinə, istehsal imkanlarının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.
Rayon rəhbəri görülən işləri müsbət qiymətləndirərək təmir işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılmasının vacibliyini vurğulayıb, məsul şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda həsirçiliklə məşğul olan qadınlar onlara göstərilən diqqət və qayğıya, eləcə də yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

































