Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində şəhid Zöhrab Həsənovun valideynləri üçün Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına inşa edilən evdə aparılan təmir işləri ilə yerində tanış olub.
Rayon rəhbərinə evdə görülən təmir işləri, işlərin hazırkı vəziyyəti və qarşıda duran məsələlər barədə ətraflı məlumat verilib.
Araz Əhmədov görülən işlərin gedişatını nəzərdən keçirərək təmir prosesini yüksək qiymətləndirib. Rayon İcra Hakimiyyətinin başçısı işlərin keyfiyyətlə, müəyyən olunmuş tələblərə və müvafiq standartlara uyğun şəkildə davam etdirilməsi və vaxtında yekunlaşdırılması ilə bağlı aidiyyəti şəxslərə tövsiyə və tapşırıqlarını verib.
Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların qayğı və problemlərinin diqqətdə saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi Masallı Rayon İcra Hakimiyyətinin də fəaliyyətində daim xüsusi diqqət mərkəzində saxlanılır.
Görüş zamanı qarşıda duran işlərin operativ şəkildə həyata keçirilməsi və evin şəhid Zöhrab Həsənovun valideynlərinin istifadəsinə təqdim olunması üçün bütün zəruri tədbirlərin görülməsi diqqətə çatdırılıb.

































