Azərbaycanda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanılıb
- 21-12-2022, 09:35
- Maraqlı
- 0
- 238
Azərbaycanda dörd ərazidə qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Xətai rayonunun Masallı şəhəri, habelə Ağdam və Lerik rayonlarının ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Paytaxtın Xətai rayonunun Xətai bələdiyyəsinin torpaq sahəsində, Masallı şəhəri, Heydər Əliyev prospektində, Ağdam rayonu, Böyükbəyli kəndində meşə fonduna daxil olmayan, Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin 15 saylı dolayında meşə fonduna daxil olan, ümumilikdə 72 ədəd ağac və kolun kəsilməsi faktları təsdiqini tapıb.
On altı min manatdan çox ziyan dəyməsi ilə nəticələnmiş xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə cinayətlərinin əlamətləri olduğuna görə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az