• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Gürcüstanın Prezidenti Azərbaycanda rəsmi səfərdədir

    Gürcüstanın Prezidenti Azərbaycanda rəsmi səfərdədir


    Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
     
    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.
    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
    Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşıladı.
    Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verdi.
    Prezident İlham Əliyev və Prezident Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
    Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
    Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
    Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin qarşısından keçdi.
    Prezidentlər rəsmi foto çəkdirdilər.
     
      
    Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
     
    Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.
    Prezidentlər görüşdə çıxış etdilər.
    Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
    -Hörmətli xanım Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz.
    İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.
    Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.
    Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində, elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik.
    Bir daha xoş gəlmisiniz.
    X X X
    Gürcüstan Prezidenti Salome ZURABİŞVİLİ dedi:
    -Təşəkkür edirəm cənab Prezident.
    Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.
    Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik.
    Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm.
    Prezident İlham Əliyev: Sağ olun.
     
    Azərbaycan və Gürcüstan prezidentlərinin geniş tərkibdə görüşü olub
     Fevralın 27-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
    Prezidentlər görüşdə çıxış etdilər.
    Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
    -Hörmətli xanım Prezident, hörmətli qonaqlar, sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
    Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən xanım Prezidenti prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdim. Çox şadam ki, qısa müddətdən sonra xanım Prezident Azərbaycana səfər edir. Bu, çox gözəl göstəricidir.
    Bu gün biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Əminəm ki, bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacaqdır. Biz bu günə qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik. Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq.
    Biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik. Əlbəttə ki, indi bu məsələləri geniş tərkibdə, daha geniş formada müzakirə edəcəyik. Əminəm ki, bu səfərin nəticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcək.
    Bir daha xoş gəlmisiniz.
    X X X
    Gürcüstan Prezidenti Salome ZURABİŞVİLİ dedi:
    -Cənab Prezident, təşəkkür edirəm. Şadam ki, Azərbaycana gəlmişəm. Bu, mənim regionda birinci səfərimdir. Bizim qonşu və dost ölkə Azərbaycanda olmaqdan məmnunluq duyuram. Bizim əməkdaşlığımız bizim üçün çox əhəmiyyətlidir. İlk növbədə, bizi böyük tarix, ənənələr birləşdirir. Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq. Bunlar bizim dövlət quruculuğumuza təsir etdi. Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq. Bizim yolumuz müstəqillik yoludur və belə də davam edəcəyik. Bunlar böyük uğurlardır.
    Şadam ki, buradayam. Çünki bizim həm keçmiş, həm də gələcək haqqında çox söhbətlərimiz var. Bizim regionumuz çox böyük perspektivlərə malikdir.
     
     
     
    Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
     
    Fevralın 27-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər.
    Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

    Prezident İlham Əliyevin bəyanatı
    -Hörmətli xanım Prezident.
    Hörmətli qonaqlar, xanımlar və cənablar.
    İlk növbədə, xanım Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
    Sizi bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik edirəm. Çox şadam ki, seçkilərdən qısa müddətdən sonra Siz Azərbaycana səfər edirsiniz. Bu, onu göstərir ki, Siz ölkələrimizin əlaqələrinə çox böyük önəm verirsiniz. Biz də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Çox şadıq ki, bu əlaqələr uğurla, sürətlə inkişaf edir. Bugünkü səfər və apardığımız müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, bizim əlaqələrimizin çox gözəl gələcəyi vardır.
    Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.
    Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.
    Əlbəttə ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Keçən il bu layihənin icrası ilə bağlı çox önəmli il olmuşdur. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsini təşkil edən TANAP layihəsi də istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir.
    Biz bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstəririk və bu da danışıqların mövzusu olub. Bu layihələr də ölkələrimizə çox böyük fayda gətirir. İl yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində indi ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və artacaqdır. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görürük və artan yükdaşımalar deməyə əsas verir ki, biz düzgün yoldayıq. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Azərbaycan öz qonşuları ilə, Xəzərin şərq hissəsində yerləşən ölkələrlə çox fəal danışıqlar aparmışdır, razılığa gəlinmişdir. Əminəm ki, bu razılıq əsasında indi yükdaşımalar böyük dərəcədə artacaqdır. Bu, bizim ümumi layihəmizdir. Bu yeni dəhliz imkan verəcək ki, qitələr birləşsin. Yenə də burada Azərbaycan, Gürcüstan və Türkiyə - ənənəvi üçtərəfli əməkdaşlıq formatı əsas rol oynamışdır, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır.
    Əlbəttə ki, bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı.
    Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir.
    Şadam ki, xanım Prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl guşəsi ilə tanışlıq əminəm ki, Sizdə xoş təəssürat yaradacaqdır.
    Bir sözlə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır.
    Bir daha, hörmətli xanım Prezident, Sizi səmimiyyətlə salamlayıram. Sağ olun.
    X X X
    Sonra Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatla çıxış etdi.
     
     
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    2. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    3. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    5. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    6. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    7. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    8. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    9. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    10. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    11. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    12. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    13. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    14. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    15. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    16. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    17. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    18. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    19. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    20. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    21. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    23. 13:36 Ziyalı işığında...
    24. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    25. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    26. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    27. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    28. 11:33 Nurlu insan
    29. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    30. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    33. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    34. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    35. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    36. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    37. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    38. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    39. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    40. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ