Tatyanoba kəndində şəhid Rəşid Lətifovun anım mərasimi
29 dekabr 2022-ci il tarixdə Masallı rayonunun Tatyanoba kəndində 44 günlük Vətən müharibəsinin şəhid çavuşu Rəşid Güləhməd oğlu Lətifovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid çavuşu Rəşid Güləhməd oğlu Lətifovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
44 günlük Vətən müharibəsinin III dərəcəli "Vətənə xidmətə görə" ordenli, «Kəlbəcərin azad olunmasına görə» və «Vətən uğrunda» medallı, Azərbaycan Silahlı Qüvvələrinin şəhid çavuşu Rəşid Güləhməd oğlu Lətifovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər gün, hər saat şəhid ailələri, qazilərlə, Qarabağ döyüşçüləri ilə aparılan geniş və təxirəsalınmaz işlərdən, Masallı şəhidlərinin qəhrəmanlığından söhbət açmışdır. - Füzuli və Murovdağ döyüşlərinin qartalı Rəşid balamız bir zamanlar heç ağlına da gətirməzdi ki, əbədiyyətə qovuşacaq və əsrlər boyu onun adı yaddan çıxmayacaq. Öz qəhrəmanlığına görə şəhidimiz bir neçə dəfə ölkə başçımız tərəfindən mükafatlandırılmış, bu günlərdə o, araşdırmalar nəticəsində 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeninə layiq görülmüşdür... Azərbaycanın bayrağı həmişə ucalarda dalğalansın! Allah Prezidentimizi qorusun! Allah qəhrəmanlarımızı qorusun! — deyə Araz Əhmədov çıxışında qeyd edib.
İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Rəşid Güləhməd oğlu Lətifovun 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordenini (ölümündən sonra) və vəsiqəsini atası Güləhmədə təqdim etmişdir.
Mərasimdə həmçinin Masallı rayon Vətən müharibəsi şəhid ailələri adından təşəkkür və Fəxri fərmanı Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayevə və «Masallı xəbərləri. az» saytının Baş redaktoru Rauf Cəbiyevə təqdim edilmişdir.
Azay Ağayev çıxış edərək, Masallı rayon Vətən müharibəsi şəhid ailələrinə minnətdarlıq ifadə etmişdir.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az