Masallı rayonunda sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi
18 noyabr 2026-cı il tarixdə Mahmudavar kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Masallı rayonunda sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi keçirilmişdir.
İlk öncə müşavirə iştirakçıları sitrus meyvəçiliyi, çayçılıq və çiyələk məshullarından ibarət sərgi ilə tanış oldular.
Müşavirədə Masallı Rayon İcra hakimiyyəti başçısı Araz Əhmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi nümayıəndəlikləri, bələdiyyə sədrləri, 200 nəfərdən çox sahibkar və fermer iştirak etmişdir.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov giriş sözü ilə açaraq bildirmişdir ki, ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Aqrar sahədə həyata keçirilən ardıcıl tədbirlər, fermerlərə göstərilən dövlət dəstəyi, müasir texnika və avadanlıqlara çıxış imkanlarının genişləndirilməsi, subsidiya və güzəşt mexanizmlərinin tətbiqi kənd təsərrüfatının inkişafına mühüm təkan vermişdir.
Bu siyasətin davamı olaraq, cari ilin 25 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalanmışdır.
Yeni Dövlət Proqramı qarşıdakı illərdə aqrar sahənin inkişafı üçün mühüm hədəflər müəyyən edir. Proqramın əsas məqsədləri kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir və intensiv istehsal modelinə keçidin sürətləndirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, məhsul istehsalı ilə emal arasında əlaqələrin gücləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Masallı rayonunda kənd təsərrüfatına yararlı 32 519 hektar torpaq sahəsi mövcuddur. Bunun 24 907 hektarı əkin torpaqları, 10 197 hektarı isə suvarılan torpaqlardır. Rayonumuzun torpaq-iqlim şəraiti çayçılığın, sitrus meyvəçiliyinin və digər bağçılıq sahələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. S.Nuriyev əlavə olaraq digər əkin növləri və məhsuldarlıq barədə müşavirə iştirakçılarına geniş məlumat verdi.
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov öz çıxışında qedy etmişdir ki, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əsas fəaliyyət istiqamətləri əhalinin və abonentlərin içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi, kənd təsərrüfatı bitkilərinin suvarma suyuna olan tələbatının ödənilməsi, eləcə də rayon ərazisində mövcud suvarma şəbəkələrinin istismarının təşkili və onlara nəzarətin həyata keçirilməsindən ibarətdir.
Belə ki, rayon ərazisində 10131 ha əkin sahələrinin suvarma suyuna olan tələbatı Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan Viləşçay su anbarı, Babaser su anbarı, sututarlar və artezian quyuları vasitəsilə təmin olunur. Suvarma suyunun itkisiz və maneəsiz şəkildə su istifadəçilərinə çatdırılmasından ötrü idarənin Xırmandalı, Həsənli, Köçəkli, Qarğalıq, Xıl, Göyəçöl, Boradigah, Babaser və digər kəndlərində olan suvarma kanallarında lildən təmizlənmə, sahilbərkitmə işləri görülmüş və hazırda da bu istiqamətdə işlərimiz davam etdirilir.
Müşavirədə Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov qurumun mineral gübrələrə, texnikaya və onlara uyğun aqreqatlara olan tələbatın ödənilməsi istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.
Sahibnkar və fermerlərdən “Baba Bulağı” MMC-nin direktoru Zəmanə Babayeva-Cəfərzadə sitrus meyvəçiliyi və çayçılıq, eləcə də “Hacıoğlu-2023” MMC-nin nümayəndəsi Allahyar Muradov çiyələkçilik barədə görülmüş işlər qarşıya qoyulmuş hədəflər və mövcud istehsal gücü barədə ətraflı məlumat vermişlər.
Müşavirə qarşılıq diskusiya şəraitində davam etdirilmişdir.











































