Ukraynada Masallıdan olan azərbaycanlıya yüksək vəzifə verilib
- 16-02-2019, 14:27
- Dünya Xəbərləri
- 0
- 2 751

Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyatlar sferasını azərbaycanlıya həvalə edib.
Yeniheyet.az “Report”a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun “Report”un Kiyev bürosuna verdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayonundan olan, 1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib.
Bu dairə İvano-Frankovsk və Çernovtsı vilayətlərini əhatə edir.
R.Qasımov 1987-ci ildən Ukraynada yaşayır, İvano-Frankovsk Milli Qaz-Neft Universitetini və Ternopil Milli İqtisadiyyat Universitetini bitirb. Elmi nailiyyətlərə malikdir. Bir müddət biznes sahəsində çalışan R.Qasımov daha sonra iki dəfə İvano-Frankovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin vilayət strukturunda çalışıb. O, həm də azərbaycanlıların diaspor hərəkatında fəaldır.