Güclü ordu müstəqilliyimizin və təhlükəsizliyimizin qarantıdır
- 1-02-2022, 10:03
- Maraqlı
- 0
- 297
Bu gün fəxrlə deyə bilərik ki, güclü ordumuz və onun adı ilə fəxr edirik. Müharibə sınaqlarından şərəflə çıxmış bu ordu dünyanın ən qüdrətli orduları sırasındadır. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Azərbaycanı qəhrəman, qalib ordusu olan dövlətə çevrilib. Silahlı Qüvvələrimizdə həyata keçirilən islahatlar konsepsiyası sayəsində hərbçilərimiz çevik, peşəkar və ən yüksək tələblərə cavab verə bilən bir qüvvə kimi formalaşıblar.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daim yüksəltməkdir. Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və dünyanın aparıcı ordularından biridir. Hələ bir neçə il əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı bu uğuru müstəqillik dövrünün ən böyük nailiyyətlərindən hesab etdiyini vurğulayıb: "1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqlarını işğalçılardan azad etmişdir”.
Güclü ordu müstəqilliyimizin əsası, təhlükəsizliyin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilib. Azərbaycan ən sabit ölkələrdən biridir. Ordumuzun arsenalında dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat yer alır. Bu yöndə indiyədək xeyli tədbir görülüb: zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib, raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv sistemlər yetərli qədərdir və onlardan eyni vaxtda bir yaylım atəşi açılsa, düşmənin bütün mövqeləri darmadağın olar. Bizim bütün hərbi hissə, şəhərcik və hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Artıq hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərbi xərcləri 24 dəfə artıb. Belə ki, 2003-cü ildə Azərbaycanın hərbi xərcləri cəmi 160 milyon ABŞ dolları təşkil edirdisə, 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilmişdir. Yanvarın 30-da Gəncə səfəri zamanı Memorial Kompleksin təməlini qoyan Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində ölkəmizin hərbi qüdrətinin daim artırılması zərurətini əsaslandıraraq deyib ki, müharibə başa çatsa da, heç vaxt erməni vəhşiliyini, erməni faşizmini, Xocalı qurbanlarını, həmçinin İkinci Qarabağ savaşı zamanı bombardman edilmiş Gəncənin və digər şəhərlərimizin qurbanlarını unutmamalıyıq. Doğrudur, onların qanı yerdə qalmadı, biz erməni faşizmini məğlub etdik. Amma elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.
Vətən müharibəsi başlanan gün Ali Baş Komandan xalqa müraciətində baş verən hadisələr barədə ictimaiyyəti məlumatlandırdı və bu təxribatı “erməni faşizminin növbəti təzahürü” adlandırdı. Prezidentin “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!” – sözləri xalqda ilk andan böyük qələbə əzmi, ruh yüksəkliyi yaratdı. Bu müraciətdən sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Ali Baş Komandan birmənalı bəyan etdi ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala və ədalətsizliyə son qoyacaq!
2020-ci ilin sentyabrınadək dünyada belə hesab edirdilər ki, Ermənistanın Qarabağ ərazisində “keçilməz hərbi sədlər”, “radiolokasiya sistemləri”, “silah və hərbi texnika”, “döyüşkən ordu” və bu kimi digər “üstünlüklərə” malik olması səbəbindən torpaqlarımızın işğaldan azad edilməsi mümkünsüzdür. Lakin Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qazandığı tarixi Zəfərlə əsl hərbi reallığın necə olduğunu bütün dünyaya nümayiş etdirdi və işğalçı Ermənistan ordusu haqqındakı mifləri darmadağın oldu.
Doğrudur, Ermənistan ordusu o qədər də zəif və gücsüz deyildi. Onlar 30 il ərzində işğalda saxladıqları əraziləri mühəndis-istehkam qurğuları baxımından tam möhkəmləndirə bilmişdilər. Ərazidə düşmənin kifayət qədər silah və hərbi texnikası var idi. Buna baxmayaraq, düşməndən fərqli olaraq, azərbaycanlıların Vətən eşqi çox güclü idi və bu amil qələbənin qazanılmasında silah və hərbi texnikadan daha böyük rol oynadı. “Dəmir yumruq” əməliyyatı nəticəsində arxasında dünyanın böyük gücləri dayanan, müxtəlif lobbi təşkilatları tərəfindən maliyyələşdirilən, sıralarına peşəkar xarici muzdluları cəlb edən işğalçı ordu əzildi, beli qırıldı. Zəfərimiz 200 illik bir antiAzərbaycan səlibini, torpaqlarımızın özgələşdirilməsini, ərazilərimizin kiçildilməsini durdurdu.
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən möhtəşəm Zəfər paradı həm ordumuzun dünyanın ən güclüləri sırasında olduğunun əyani göstəricisi, həm də “bir millət, iki dövlət” konsepsiyasının növbəti təntənəsi idi. Azərbaycan xalqının Vətən müharibəsində qardaş Türkiyənin mənəvi dəstəyi böyük olmuşdur.
Dövlətimizin başçısı vaxtaşırı ön xətdə yerləşən hərbi hissələri ziyarət edir, əsgər və zabitlərlə dost kimi görüşür, qayğıları ilə maraqlanır, onları mükafatlandırır və bir süfrə arxasında nahar edir. Belə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji durumuna müsbət təsir edir və hərbi qulluqçularda xoş ovqat yaradır. Cənab İlham Əliyevin göstərişi ilə müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir.
Bu gün Azərbaycan regionda ən güclü orduya malikdir. Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan nümunəvi dövlət sayılır. Ordumuzun çevik, peşəkar və müasir tələblərə cavab verə bilən ordu olduğu şəksizdir. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra isə ordumuzun daha da modernləşməsi istiqamətində addımlar atılır.
Vətən savaşı ilə işğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat fərəh doğurur. Xüsusən də yeni yaradılan mobil və modern Komando briqadaları bir yenilikdir, Azərbaycanda ilkdir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qeyd etdiyinə görə, müharibədən sonra Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Müzəffər Ali Baş Komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər müəyyənləşdirib, onların təxirəsalınmaz icrasını tapşırıb: “Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern hərbi gücə çevriləcək”.
Peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Cənab İlham Əliyevin hərbi islahatları isə bir daha təsdiq edir ki, Prezidentimiz həm də mahir sərkərdədir. Ötən ay yerli televiziya kanallarına verdiyi geniş müsahibədə dövlət başçısı Azərbaycanın hərbi quruculuq işlərini davam etdirməsinin səbəblərini bir neçə aspektlə əsaslandırıb. İlk olaraq, müharibə dövründə Azərbaycan Ordusu kifayət qədər döyüş sursatından istifadə edib və bu gün onların yeri doldurulmalıdır. Odur ki, bağlanmış yeni müqavilələr əsasında ordumuzun arsenalı ən yeni silah-sursat, hərbi texnikalarla təchiz olunur.
Digər məsələ isə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması və daim ayıq-sayıq olmaq zərurətidir. Bu baxımdan müxtəlif ərazilərdə yeni Komando xüsusi təyinatlı qüvvələrinin yaradılması da uğurla davam edir. Həmin briqadalarda yüksək təlim keçmiş, iradə nümayiş etdirmiş və Vətən uğrunda canını qurban verməyə hazır olan hərbçilər xidmət edəcəklər. Sözsüz ki, bu da ordumuzun gücünə güc qatacaq, əsgər və zabitlərimizin peşəkarlığını, yüksək mənəvi ruhunu qoruyacaq. Bu yüksək mobil hava-desant hücum birləşməsi günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdır. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya-kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını aparmağa qadirdilər.
`Hərbi islahatlar sayəsində Azərbaycan Silahlı Qüvvələri daha da qüdrətlənir. Maraqlı bir etiraf: Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi taktika ABŞ-ın Milli Müharibə Kollecinin, Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Bu, Qərbin bəzi aparıcı media orqanlarının da qənaətidir. Yəni Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. 44 günlük müharibə zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və artıq ali hərbi məktəb dərsliklərinə salınır, öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edir.
Bütün bu deyilənlər hərbi quruculuq işinin cənab Prezidentin dövlət siyasətinin strateji prioritetlərindən olduğunun nəticəsidir. Məğlub Ermənistan bundan sonra nə qədər pulsuz silah-sursatla təmin edilsə, arsenalını zənginləşdirsə belə, erməni əsgəri yüksək döyüş ruhlu, xüsusi təyinatlı Azərbaycan əsgərinin qarşısına çıxmağa cürət etməz, çünki gözü bərk qorxub.
Nankör qonşularımızın Qarabağda və Şərqi Zəngəzurda işğala məruz qoyduğu torpaqlarımızın 44 günlük Zəfər yürüşü ilə azad olunması şərəfli bir tarixdir. Müdafiə naziri Zakir Həsənov: “Xatırlayıram, əvvəllər tarixi torpaqlarımıza qoşunların təmas xəttindəki səngərlərdən binokl vasitəsilə baxırdıq. Ali Baş Komandan hər dəfə ordu rəhbərliyinə qətiyyətlə bildirirdi ki, qarşıdakı əraziləri azad etmək bizim müqəddəs vəzifəmizdir və bu vəzifəni ləyaqətlə yerinə yetirməliyik. Ali Baş Komandanımızın bu əzmkarlığının tezliklə reallaşacağına zərrə qədər də şübhəmiz olmayıb. Biz daim hazır vəziyyətdə onun “İrəli!” əmrini şərəflə icra edəcəyimiz günü gözləyirdik”.
Budur, dünənədək həsrətlə baxdığımız ərazilərimizə yenilməz Azərbaycan ruhu hakim kəsilib. Möhtərəm Prezidentimiz Azərbaycan bayrağını o yerlərdə şəxsən qaldırıb. Azadlığına qovuşmuş əzəli torpaqlarımızda bərpa-yenidənqurma tədbirləri geniş vüsət alıb. Bütün bunlar ulu öndərin əsasını qoyduğu mükəmməl ordu quruculuğu siyasətinin nəticəsidir.
Bəli, Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək. Cənab İlham Əliyev Gəncədə verdiyi müsahibənin sonunda bildirdi: “Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.
Qoy, heç kim unutmasın ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u daim yurdumuza kəc baxanların başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu hərbi xidmətində daha ayıq-sayıq, daha əzmkar, daha güclü və daha hazırlıqlıdır.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
www.yeniheyet.az