Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin iştirakı
- 11-10-2023, 14:31
- Maraqlı
- 0
- 159
Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirilir. Son zamanlar şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsiişlərinin təşkilinə diqqət daha da artmışdır.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərindən aydın olur ki, yerli ekoloji proqramların məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər.
Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.
Qanunvericiliyin qeyd edilən tələblərindən aydın olur ki, dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələləri ilə bağlı yerli ekoloji proqramlar bələdiyyələrin maliyyə imkanlarına uyğun olaraq nəzərdə tutula bilər, məişət tullantıllarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur.
Tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də öz əksini tapmışdır.
SözügedənQanunun 17-ci maddəsində qeyd edilmişdir ki, tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət qanunvericilikdə müəyyən olunan qaydada ictimai birliklər, əmək kollektivləri və vətəndaşlar (əhali) tərəfindən həyata keçirilir və ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir.
Qanunun 18-ci maddəsinə əsasən tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqq tullantıların həcminin (kütləsinin), növünün və digər xüsusiyyətlərinin nəzərə alınması ilə müəyyən edilir və çirkləndirici tərəfindən ödənilir. Hüquqi və fiziki şəxslərinödəmələrindən əldə olunan vəsait təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə sərf olunur. Tullantılarla əlaqədar iqtisadi stimullaşdırma formaları və onun tətbiqi mexanizmi, habelə tullantıların toplanmasına, yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi, onun həcmi və bölüşdürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının 2.1 - 2.3-cü bəndlərinə görə şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların sayı və həcmi kommunal-təsərrüfat qurumlarıtərəfindən müəyyən edilir. Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır.
Qaydaların 3.1-ci bəndində göstərilir ki, məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti təşkilatlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır. Qaydaların 10.4-cü bəndinə əsasən yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə kommunal-təsərrüfat qurumlar, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər cavabdehlik daşıyır.
Qaydaların 10-cu bəndində yaşayış və istirahət yerlərinin təmizliyinə görə cavabdehlik daşıyan qurumların vəzifələri aşağıdakı kimi müəyyən edilmişdir:
10.1.Küçələrin, həyətlərin və şəhərlər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirilir.
10.2.Şəhər (rayon) icra hakimiyyətləri tərəfindən:
-maye və bərk məişət tullantılarının əmələgəlmə norması (1 nəfər/1 il hesabı ilə);
-müəssisə, təşkilat, idarələr tərəfindən yığışdırılacaq ərazilərin siyahısı;
-küçələrin, meydançaların və keçidlərin mexanikləşdirilmiş təmizlənməsi, həm də onların yay və qış mövsümlərində təmizlənmə növbəsinin siyahısı müəyyən edilir.
10.3.Balansında yaşayış binaları olan müəssisə, idarə və təşkilatlar, binalar üzrə məsul şəxslər:
- cavabdeh olduğu ərazilərin, tullantı kameralarının təmiz, tutumların saz vəziyyətdə saxlanılmasını təmin etməyə, bunlar üçün meydançaların müntəzəm yuyularaq dezinfeksiya edilməsinə;
-tutumlar üçün sukeçirməyən örtüklə döşənmiş meydançalar hazırlamağa;
-yeyinti tullantılarının, küçə və həyət süpürüntülərinin yığışdırılıması üçün inventarlarla təmin etməyə;
-əhali arasında izahat işləri aparmağa və onları yaşayış yerlərinin təmiz saxlanılması qaydalarının həyata keçirilməsi tədbirlərinə cəlb etməyə;
-məişət tullantılarının vaxtlı-vaxtında daşınması üçün tədbirlər görməyə və tullantıların uçotunun aparılmasına borcludurlar.
10.4.Aidiyyəti qurumlar, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər:
-yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə;
-hər bir xüsusiləşdirilmiş avtomaşın üçün marşrut qrafikini tərtib etməyə;
-istismar şəraitinin dəyişməsinə uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə;
-təsdiq olunmuş marşrut qrafikinin dəqiq yerinə yetirilməsini təmin etməyə;
-tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə;
-tullantıların daşınması üzrə xüsusiləşdirilmiş avtomaşınların başqa məqsədlər üçün istifadə edilməməsinə;
-tullantıların qarışmasına yol verməməyə;
-tullantılar avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə;
-məişət tullantılarının yığışdırılaraq daşınması üçün bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə yerinə yetirməyə;
-tullantıların uçotunu aparmağa borcludurlar.
10.5.Bələdiyyələr tərəfindən:
- bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması;
-əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir.
Eyni zamanda bu Qaydalarda aidiyyəti qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur.
Ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntularının aşkarlanması ilə əlaqədar aidiyyəti dövlət qurumları tərəfindən bir sıra bələdiyyələrin vəzifəli şəxsləri barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) inzibati xəta haqqında protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd olunmalıdır ki, qanunvericilikdə məişət tullantılarının yığılması və daşınması ilə bağlı bələdiyyələrin üzərinə birbaşa vəzifə qoyulmamış, yalnız bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə, həmçinin həmin Məcəllənin 266-cı maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına və şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunla müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.
“Polis” haqqında Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüququdur və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1 və 5.11-ci bəndlərinə əsasən İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2, 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 266.3 və 266.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır.
Ekoloji mühitin qorunmasında Respublikamızda aparılan tədbirlərə vətəndaşların, yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirən və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanına malik olan bələdiyyələrin müsbət dəstəyi ekoloji sahənin daha da inkişafına müsbət təsir göstərəcəkdir.
Aqil SALMANOV,
Lənkəran Regional Ədliyyə İdarəsinin
böyük məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu.