Masallı Rayon Ağsaqqallar Şurasının sədri və fəalları Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət ediblər
- Bu gün, 19:03
- Maraqlı
- 0
- 9

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri əsasında autizm spektr pozuntusu və Kanner sindromu olan, 9 oktyabr 2020-ci il təvəllüdlü Sərvər Əliqismət oğlu Məcidov Masallı rayonunda ilk dəfə inklüziv təhsil formasında təhsilə cəlb olunub. Sərvər Məcidov şəhid Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbinin I “a” sinfində təhsil alır.
27 noyabr 2026-cı il tarixdə keçirilən tədbirdən əvvəl məktəbin foyesində Qarabağ şəhidi Sakit Tağıyevin büstü önünə gül dəstələri düzülüb, şəhidlər anılıb.
İnklüziv təhsilin təşkilinə xüsusi diqqət yetirən Masallı Rayon Ağsaqqallar Şurasının sədri, "Vətənə xidmətə görə" ordeni və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medallı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ələşrəf Niftiyev və fəalları Sərvər Məcidovu təhsil aldığı məktəbdə ziyarət edib, onun təhsil prosesi və məktəb mühiti ilə tanış olub.
Qeyd etmək yerinə düşər ki, Masallı şəhər 4 nömrəli tam orta məktəbinin I “a” sinfində ümumilikdə 21 şagird təhsil alır. Onlardan 20-si sağlamlıq imkanları məhdud olmayan şagird, 1-i isə inklüziv təhsil alan haqqında söhbət açdığımız Sərvər Məcidovdur.
Məktəbin direktoru Hamlet Quliyev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Nitqində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun məktəbə, xüsusən Səlvərə olan qayğısından danışıb, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin də bu humanist addımını qeyd edib.
Görüş zamanı Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev geniş nitqindən sonra Sərvər Məcidova və onun sinif yoldaşlarına kitab və qələm dəstlərindən ibarət hədiyyələr təqdim edib.
Ziyarət zamanı psixoloq İlhamə Ağayeva, müəllim Yusif Xasıyev, Banbaşı bələdiyyəsinin sədri Vüsal İsmayılov, xidməti rəhbəri Namik Cahangirov, I “a” sinfinin rəhbəri Səidə Hüseynova, Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeyənkənd kənd ərazisi üzrə nümayəndə Yaşar Yavərov, veteran müəllim Namik Ağayev, RAŞ-ın ərazi üzrə nümayəndəsi Şəməddin Adgözəlov, Sərvərin atası Əliqismət Məcidov və başqaları çıxış ediblər.
Çıxışlarda inklüziv təhsilin əhəmiyyəti, xüsusi təhsil ehtiyacları olan uşaqların ümumi təhsil mühitinə inteqrasiyası və onların təhsil hüquqlarının təmin olunmasının vacibliyi diqqət mərkəzində olub.
Daha sonra bildirilib ki, inklüziv təhsil uşaqların fərdi xüsusiyyətlərindən asılı olmayaraq həmyaşıdları ilə birlikdə təhsil almasına, sosial mühitə uyğunlaşmasına və cəmiyyətə inteqrasiyasına imkan yaradır. Sərvər Məcidovun da həmyaşıdları ilə bir sinifdə təhsil alması bu baxımdan mühüm nümunədir.
İbtidai sinif müəllimi Səidə Hüseynovaya gül dəstəsi təqdim olunub.
Sərvər Məcidovun valideyni Əliqismət Məcidov övladına göstərilən diqqət və həssas münasibətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Masallı rayon rəhbəri Araz Əhmədova minnətdarlıq bildirib.




İbrahim Şükürov,
Masallı Rayon Ağsaqqallar Şurasının mətbuat katibi,
AJB-nin üzvü.





























