Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
Masallı rayonunda şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların müraciət və qayğılarının diqqətdə saxlanılması, yaşadıqları ünvanlarda abadlıq və quruculuq işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun və aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev Sığdaş kəndində 44 günlük Vətən müharibəsi şəhidi Amid Salayevin valideynlərinin yaşadığı küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub.
Rayon rəhbərinə küçədə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, şəhid valideynlərinin yaşadığı küçənin yol örtüyünün yenilənməsi məqsədilə asfaltlanma işləri həyata keçirilib. Görülən işlər nəticəsində sakinlərin, xüsusilə də şəhid ailəsinin gündəlik gediş-gəlişinin daha rahat və təhlükəsiz təşkili üçün şərait yaradılıb.
İcra başçısı küçədə aparılan işləri ilə tanış olub, yolun keyfiyyətlə və müəyyən edilmiş tələblərə uyğun şəkildə asfaltlanmasının vacibliyini diqqətə çatdırıb. Rayon rəhbəri görülən işlərin ərazidə yaşayan sakinlərin rahatlığının təmin olunmasına xidmət etdiyini bildirib və müvafiq tapşırıq və tövsiyələrini verib.
Səfər çərçivəsində rayon rəhbəri şəhid Amid Salayevin valideynləri ilə də görüşüb. Onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib və gündəlik həyatlarında qarşılaşdıqları məsələlərin diqqətdə saxlanılacağını bildirib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğı ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların məişət şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli və müraciətlərinə həssaslıqla yanaşılması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Masallı rayonunda da bu istiqamətdə ardıcıl işlər görülür. Şəhid ailələrinin yaşadığı ünvanlarda yolların təmiri və asfaltlanması, abadlıq işlərinin aparılması, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Sığdaş kəndində şəhid Amid Salayevin valideynlərinin yaşadığı küçənin asfaltlanması da bu diqqət və qayğının növbəti nümunəsidir. Görülən işlər həm şəhid ailəsinin rahatlığının təmin olunmasına, həm də kəndin ümumi infrastrukturunun yaxşılaşdırılmasına töhfə verir.
Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı onların qəhrəmanlıqlarına verilən yüksək dəyərin ifadəsi olmaqla yanaşı, Vətən uğrunda canından keçmiş insanların ailələrinin daim dövlətin diqqətində olduğunu bir daha nümayiş etdirir.

































