Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir

01 oktyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun rəhbərliyi ilə dövlət qurumlarında xalqa təyinatlı xidmətin təşkili, dövlətin müsbət imicinin təbliği və dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması məsələlərinə həsr edilmiş “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirin əsas məqsədi dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi, dövlət xidmətlərinin vətəndaş məmnunluğuna uyğun təşkili, müraciətlərə diqqətlə və operativ yanaşılması, vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına riayət olunması, eləcə də dövlət qurumlarının fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılması ilə bağlı məsələlərin müzakirə edilməsindən ibarət olub.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, dövlət idarəçiliyində əsas prinsiplərdən biri vətəndaşlara layiqli və keyfiyyətli xidmət göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması və problemlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə həllinə nail olunmasıdır. Qeyd olunub ki, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyi vətəndaşların dövlətə olan münasibətində mühüm rol oynayır.
Vurğulanıb ki, hər bir dövlət qulluqçusu və dövlət qurumunun əməkdaşı öz fəaliyyəti ilə dövlət idarəçiliyinin nüfuzuna təsir göstərir. Bu baxımdan vətəndaşlarla ünsiyyətdə nəzakətli, diqqətli və obyektiv davranılması, müraciətlərə qanunvericiliyin tələblərinə uyğun münasibət göstərilməsi, vətəndaşların hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması mühüm əhəmiyyət daşıyır.
Tədbirdə dövlət qurumlarının müsbət imicinin formalaşdırılmasında əməkdaşların peşəkarlığı, davranış mədəniyyəti və xidməti vəzifələrə məsuliyyətli yanaşmasının xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətə düzgün, obyektiv və dolğun məlumatların çatdırılması, həyata keçirilən tədbirlərin və görülən işlərin şəffaf şəkildə təqdim olunması dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Çıxışlarda etik davranış qaydalarına riayət edilməsinin dövlət xidmətində mühüm prinsiplərdən biri olduğu diqqətə çatdırılıb. Dövlət qulluqçularının xidməti fəaliyyət zamanı qanunçuluq, obyektivlik, qərəzsizlik, nəzakətlilik, məsuliyyətlilik və şəffaflıq prinsiplərini rəhbər tutmasının vacibliyi bildirilib. Həmçinin xidməti vəzifələrin icrası zamanı vətəndaşlara ayrı-seçkiliyə yol vermədən, onların müraciətlərinə bərabər və ədalətli münasibət göstərilməsinin zəruriliyi vurğulanıb.
Tədbirdə vətəndaş müraciətlərinə baxılması, onların qəbulu və dinlənilməsi, müraciətlərdə qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və nəticəsi barədə vətəndaşların məlumatlandırılması ilə bağlı məsələlərə də toxunulub. Bildirilib ki, hər bir müraciətin arxasında konkret insanın problemi və gözləntisi dayanır. Buna görə də müraciətlərə formal yanaşmaya yol verilməməli, onların həlli istiqamətində qanunvericiliyin imkanlarından maksimum istifadə edilməlidir.
Eyni zamanda, dövlət qurumlarının əməkdaşlarının xidməti fəaliyyətlə yanaşı, davranışları ilə də dövlətin nüfuzunu təmsil etdikləri qeyd olunub. Əməkdaşların həm iş yerində, həm də ictimai mühitdə yüksək davranış mədəniyyəti nümayiş etdirmələri, xidməti intizama və müəyyən edilmiş etik normalara ciddi əməl etmələri qarşıya mühüm vəzifə kimi qoyulub.
Tədbirdə yerli icra hakimiyyəti orqanları, ərazi nümayəndəlikləri və bələdiyyələr arasında əlaqələrin daha da gücləndirilməsinin, vətəndaşların qarşılaşdıqları məsələlərin birgə və çevik şəkildə araşdırılmasının əhəmiyyəti də vurğulanıb. Qeyd edilib ki, rayon ərazisində fəaliyyət göstərən dövlət və yerli özünüidarəetmə qurumlarının əlaqəli fəaliyyəti vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Tədbirin sonunda dövlət qurumlarında vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, etik davranış qaydalarına ciddi riayət olunması və dövlətin müsbət imicinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.


































