Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı

08 oktyabr 2026-cı il tarixində Masallı şəhərində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Seyfullayev Araz Elsevər oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov, Hüquq və kadr məsələləri sektorunun müdiri Bəxtim Qarayev, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Memarlıq və tikinti məsələləri sektorunun böyük məsləhətçisi Elşən Abiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid Araz Seyfullayevin məzarını ziyarət edib, məzarına gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.
Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.





























