Masallı rayon Təhsil Şöbəsinin növbəti onlayn iclası
- 10-02-2022, 18:29
- Təhsil
- 0
- 393
Masallı rayon Təhsil Şöbəsinin növbəti onlayn iclası keçirilmişdir
Masallı Rayon Təhsil Şöbəsi, məktəb direktorları, direktor müavinləri, fənn müəllimləri və bağça müdirlərinin iştirakı ilə onlayn iclası keçirilmişdir.
Öncə canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov məlumat verdi ki, Təhsil
Nazirliyindən məktəbəqədər və ümumi təhsilin təşkili və idarəolunması ilə əlaqədar bir sıra təlimat və tapşırıqlar daxil olmuşdur. Bu tapşırıqlar rayon təhsil şöbəsində geniş müzakirə edilmiş, vəzifələr müəyyən edilmişdir.
Tariyel Əkbərov bildirdi ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin idarə edilməsinə verilməsi ilə əlaqədar hazırda bu müəssisələrdə təhvil-təslim prosesi aparılır və Təhsil Nazirliyinin təlimati məktubuna əsasən vakant yerlərə pedaqoji işçilərin qəbulu müvvəqəti olaraq dayandırılmışdır. Bağçalara uşaq qəbulunun düzgün aparılması üçün hər bir qrupda olan uşaq sayı, boş yerlər barədə lazimi məlumatlar, bağçaların texniki təminatlar və covid məhsulları ilə təhcizatına olan tələbat haqqında məlumatlar təhsil şöbəsində cəmlənir. Tariyel Əkbərov qeyd etdi ki, Rayon Təhsil Şöbəsində yaradılacaq komissiya tərəfindən məktəblərdə və bağçalarda monitorinqlər aparılacaq, neqativ hallar üzə çıxarsa müvafiq tədbirlər görüləcəkdir.
Tariyel Əkbərov onu da qeyd etdi ki, ümumi təhsil məktəblərində məktəbəqəbul, yerdəyişmə, fərdi təhsil, fakultativ məşğələlər, dərnəklərin təşkili və idarə edilməsində müəyyən nöqsanlara rast gəlinir.
UTİS sistemidə şərti məktəblərdən sui-istifadə hallarının, Şagird-məzun sistemində yaranan nöqsanların qarşısını almaq üçün məktəb rəhbərlərinə mütəmadi olaraq tapşırıqlar verilmişdir. Bununla bağlı bir daha şagird siyahıları UTİS və Şagird-məzun sistemi ilə yoxlanılacaqdır.
Tariyel Əkbərov tapşırdı ki, məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət gücləndirilməlidir. Direktor müavinləri, psixoloqlar, UBT rəhbərləri və kitabxanaçılar işlərini gününü tələbləri səviyyəsində qurmalıdırlar. Məktəblərdə baş verən hər hansı hadisə haqqında Təhsil Şöbəsinə dərhal məlumat verilməlidir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, daha sonra T.Əkbərov məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərlərinə bir daha tapşırdı ki, yaranmış vakant texniki işçi yerlərinə qəbul zamanı şəhid və qazi ailələrindən olanlara üstünlük verilir və bundan sonra da bu qayda gözlənilməlidir.
Tariyel Əkbərov qeyd etdi ki, məktəblərdə baş verə biləcək bütün neqativ hallara qarşı ən kəskin tədbirlər görüləcəkdir.
Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İsalmov məktəblərdə texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə dair təlimatlar verdi.
Masallı Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov məlumat verdi ki, bu il yanvar ayının 22-də respublika Fənn Olimpiadasının rayon turunda 335 şagirdimiz iştirak etmiş, zona mərhələsinə 82 şagird vəsiqə qazanmışdır. Rayon turunda Sığdaş, Sığıncaq, Dəmirçi, Masallı şəhər 3 saylı, Bədəlan və s. məktəblərin şagirdləri fərqlənmişdir. Zona mərhələsi fevralın 17-də olacaqdır. Mart ayında VI-VII sinif şagirdləri üçün Fənn müsabiqələri, V sinif şagirdləri üçün isə Lütfizadə məntiq olimpiadaları keçiriləcəkdir. Qoşqar Hətəmov həmçinin Təhsil Nazirliyinin F-382 və F-43 nömrəli əmrininn icra vəziyyəti barədə məlumat verdi.
Sonda iclas iştiakçılarını maraqlandıran suallar cavablandırıldı.