27 Sentyabr – Anım Günü
- Bu gün, 10:55
- Maraqlı
- 0
- 9
27 Sentyabr Azərbaycan xalqının tarixində mühüm və unudulmaz günlərdən biridir. Bu tarix Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi Anım Günü kimi qeyd olunur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları xalqımızın Vətən torpaqlarının işğaldan azad olunması istiqamətində apardığı mübarizənin mühüm mərhələsi oldu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan əsgər və zabitlərinin böyük qəhrəmanlığı, şücaəti və fədakarlığı ilə tarixə yazıldı.
Bu mübarizədə minlərlə hərbçimiz torpaqlarımızın azadlığı naminə canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onların qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı isə dövlətimizin əsas prioritetlərindən biridir.
27 Sentyabr həm də xalqımızın birlik və həmrəyliyini nümayiş etdirən bir tarixdir. Bu gün hər bir Azərbaycan vətəndaşı şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, onların həyat və mübarizəsini gələcək nəsillərə çatdırmağı öz mənəvi borcu hesab edir.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların Vətən qarşısındakı fədakarlığı Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olaraq gələcək nəsillərə örnək olacaq.
Aybəniz Novruzova,
Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi






























