BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
- Bu gün, 11:08
- Maraqlı
- 0
- 12
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Xalqının yox olmasından, dövlətinin yer üzündən silinməsinidən xilas edir.
Belə tarixi günlərdən biri də 3 oktyabrdır.
Belə tarixi günləri də əbədiləşdirən tarixi şəxsiyyətlərdir. Tarixi şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, dövlətin həyatında əvəzolunmaz rola malikdir. Bəşər tarixində milli liderliklə siyasi liderliyin birləşməsi nadir haldır. Belə şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycanın dövlətçilik memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev də olub. Ulu Öndər Heydər Əliyev xalqın yaddaşında əbədi olaraq xilaskar, qurucu və müdrik dövlət başçısı kimi yaşayıb, yaşayır və yaşayacaq da.
Azərbaycan 1991-ci ildən etibarən dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, siyasi sarsıntılardan hələ də xilas ola bilməmişdi. 1993-cü ilin əvvəlindən ölkədə dərin sosial-iqtisadi və xalqın mənəvi-psixoloji böhranı hökm sürürdü.
Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.
Müstəqilliyin bərpasının ilk illəri dövlətçiliyimizin mövcudluğu üçün ciddi təhlükələr yaranmışdı. Sovet İttifaqının dağılması ilə Azərbaycan müstəqillik qazansa da, reallıqda daxili hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə, siyasi ambisiyaların milli maraqlardan üstün tutulması dövləti labüd təhlükəyə aparırdı. Ölkə parçalanmaq və dövlət dağılmaq astanasında olduğu bir şəraitdə Azərbaycan xalqı vəziyyətdən çıxmaqdan ötrü xilaskar axtarırdı. Belə bir şəxs yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev idi. Xalq Heydər Əliyevə inanır və ona xilaskar kimi baxırdı.
Azərbaycan xalqı əldə etdiyi müstəqilliyin qorunması üçün əvəzsiz lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev, xalqın və respublikanın hakim dairələrinin təkidli tələbini qəbul edərək Bakıya gəldi.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı. Heydər Əliyev Azərbaycanın zəngin neft və qaz resurslarından səmərəli şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qura bilmişdi.
Bütün bu çətinliklərə baxmayaraq 1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Heydər Əliyevin siyasi irsi qurtuluşdan başlayaraq inkişaf və zəfərə qədər uzanan dövlətçilik konsepsiyasıdır. Bu konsepsiya müstəqil Azərbaycan dövlətinin tarixi taleyini yalnız qorumaqla kifayətlənməmiş, onu güclü və nüfuzlu regional aktora çevirmişdir.
Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
ƏLİNİYAZ MƏMMƏDOV
YAP VETERANI





























