Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
23 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qızılağac kəndində Vətən müharibəsi şəhidi Cavad Babayevin ailəsini ziyarət edib.
Ziyarətdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Görüş zamanı şəhid Cavad Babayevin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvləri ilə səmimi söhbət aparılıb. Rayon rəhbəri şəhid ailəsinin sosial-məişət vəziyyəti, gündəlik qayğıları və onları narahat edən məsələlərlə yaxından maraqlanıb, ailə üzvlərinin müraciətlərini dinləyib.
İcra başçısı bildirib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələri dövlətimizin daim xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Şəhid ailələrinin ziyarət edilməsi, onların qayğılarının öyrənilməsi və qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlərin görülməsi bu diqqətin mühüm göstəricilərindəndir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısı ardıcıl şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti və həssas münasibəti də şəhid ailələrinin mənəvi və sosial dəstəyinin gücləndirilməsində mühüm rol oynayır.
Masallı rayonunda da dövlətin bu siyasətinə uyğun olaraq şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların problemləri yerində öyrənilir, sosial-məişət məsələlərinin həlli istiqamətində müvafiq addımlar atılır. Bu cür görüşlər həm şəhid ailələrinin qayğılarının birbaşa dinlənilməsinə, həm də onların daim dövlətin diqqətində olduqlarının bir daha nümayiş etdirilməsinə xidmət edir.
Şəhid Cavad Babayevin ailə üzvləri göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər. Onlar şəhid ailələrinin daim diqqətdə saxlanılmasının, ailələrin qayğıları ilə maraqlanılmasının onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını bildiriblər.
Ailə üzvləri şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, eyni zamanda rayon rəhbərliyinin mütəmadi diqqət və qayğısını yüksək qiymətləndiriblər.



































