Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir

    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir

    Ötən həftə Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi etdi. Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda  Prezident İlham Əliyev çıxış edərək ölkə üçün əhəmiyyətli iqtisadi mesajlar verdi. Ölkə başçısının çıxışı Azərbaycanın qarşıdakı illər üçün iqtisadi inkişaf modelinin əsas istiqamətlərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. 

    Əslində qarşıya qoyulan məsələ artıq yalnız ölkəyə investisiya gətirmək deyil. Əsas məsələ cəlb olunan kapitalın daha yüksək əlavə dəyər yaratması, yeni texnologiyalar gətirməsi, ixrac imkanlarını genişləndirməsi, insan kapitalını inkişaf etdirməsi və iqtisadiyyatın dayanıqlığını artırmasıdır. Prezidentin qeyd etdiyi kimi, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısı xarici investisiyaların payına düşür. Bu göstərici ölkənin investisiya tarixinin miqyasını göstərməklə yanaşı, qarşıdakı mərhələdə əsas sualı da ortaya qoyur: bundan sonra investisiyanın istiqaməti və keyfiyyəti necə dəyişməlidir?

    Prezidentin çıxışının ən mühüm mesajlarından biri məhz budur: Azərbaycan artıq iqtisadiyyatın ilkin infrastruktur bazasını formalaşdırmış ölkə kimi növbəti mərhələyə keçir. Son illərdə yollar, dəmir yolları, enerji infrastrukturu, limanlar, hava limanları, internet və digər mühüm infrastruktur layihələri həyata keçirilib. Bu infrastrukturun yaradılması təsadüfi proses deyildi. İnvestor üçün yalnız maliyyə imkanlarının olması kifayət etmir. İnvestor bilməlidir ki, istehsal etdiyi məhsulu bazara necə çıxaracaq, enerjini haradan alacaq, xammalı necə gətirəcək, məhsulu hansı nəqliyyat dəhlizi ilə ixrac edəcək və rəqəmsal xidmətlərdən necə istifadə edəcək. Bu baxımdan Azərbaycan uzun illər ərzində iqtisadi inkişafın fiziki əsaslarını formalaşdırıb. İndi isə həmin infrastrukturun iqtisadi gəlirə çevrilməsi mərhələsi başlayır.

    Bu mərhələdə Azərbaycanın ən böyük üstünlüklərindən biri coğrafi mövqeyidir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Prezidentin açıqladığı rəqəmlərə görə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı, 2030-cu ilədək isə 25 milyon tona və daha yüksək səviyyəyə qaldırılmasının hədəfləndiyi bildirilir. Bu, sadəcə tranzit statistikasının artması demək deyil.

    Tranzit yük ölkədən keçib getməməlidir, onun ətrafında iqtisadi ekosistem yaranmalıdır. Logistika mərkəzləri, anbarlar, sığorta, gömrük xidmətləri, təmir və texniki xidmət, qablaşdırma, emal, maliyyə və rəqəmsal xidmətlər inkişaf etməlidir. Yəni Azərbaycanın məqsədi sadəcə “keçid ölkəsi” olmaq yox, “dəyər yaradan logistika mərkəzi” statusunu gücləndirmək olmalıdır. Bu baxımdan rəqəmsallaşma və gömrük idarəçiliyi məsələlərinin Prezidentin çıxışında ayrıca vurğulanması təsadüfi deyil. Çünki XXI əsrin logistikasında sürət və şəffaflıq fiziki məsafə qədər əhəmiyyətlidir.

    Digər böyük istiqamət enerji sektorudur. Azərbaycan uzun illər neft və qaz ölkəsi kimi tanınıb. Lakin bu gün enerji siyasətinin qarşısında daha geniş və çoxşaxəli məqsədlər dayanır. Bərpaolunan enerji, elektrik enerjisinin ixracı, enerji saxlanc sistemləri, ötürücü xətlər və yaşıl enerji layihələri Azərbaycanın enerji strategiyasının yeni istiqamətlərini formalaşdırır. Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi potensialının qeyd olunması bu imkanların miqyasını göstərir. Prezident həmçinin qarşıdakı beş il ərzində Azərbaycanın müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin geniş yayılacağını bildirdi. Burada mühüm məsələ ondan ibarətdir ki, bərpaolunan enerji yalnız ekoloji layihə kimi qəbul edilməməlidir. Bu, eyni zamanda böyük investisiya, sənaye, texnologiya və ixrac layihəsidir.

    Azərbaycanın qarşısında duran hədəf təbii qazın elektrik enerjisi istehsalında istifadəsini mümkün qədər azaltmaq və həmin qazı ixraca yönəltməklə yanaşı, yeni enerji güclərini də iqtisadiyyatın inkişafına xidmət etdirə bilməkdir. Bu prosesin növbəti mərhələsi elektrik enerjisinin ixracıdır. Azərbaycanın Mərkəzi Asiya ilə Avropanı birləşdirən enerji layihələrində iştirakı, Qara dəniz üzərindən elektrik bağlantıları və yeni ötürücü xətlərin yaradılması ölkəmizin enerji xəritəsindəki rolunu dəyişə bilər.

    Qarşıdakı illərdə Azərbaycanın enerji sektorunda ən mühüm dəyişikliklərdən biri məhz neft və qaz ixracatçısı olmaqla yanaşı, elektrik enerjisi və yaşıl enerjinin də regional ixracatçısına çevrilmək istiqamətində olacaq. Lakin burada bir məsələni xüsusi vurğulayım ki, enerji istehsalı ilə yanaşı, enerji tutumlu yeni iqtisadiyyatın qurulması da vacibdir.

    Prezidentin çıxışında süni intellekt və data mərkəzlərinin xüsusi qeyd olunması məhz bu baxımdan diqqət çəkir. Ucuz və etibarlı enerjinin, coğrafi mövqenin və fiber-optik bağlantıların mövcudluğu Azərbaycan üçün data mərkəzləri və rəqəmsal iqtisadiyyat baxımından yeni imkanlar yarada bilər. Bu, artıq klassik neft iqtisadiyyatından tamamilə fərqli modeldir. Burada əsas resurs neft quyusu deyil, enerji, məlumat, texnologiya və insan kapitalının birləşməsidir. Bu səbəbdən Azərbaycan üçün növbəti strateji məsələ insan kapitalıdır.

    Texnologiyanı almaq mümkündür. İnfrastruktur qurmaq mümkündür. Maliyyə cəlb etmək mümkündür. Amma yüksək texnologiyalı iqtisadiyyatı yalnız ixtisaslı kadrlarla qurmaq olar. Prezidentin çıxışında təhsil, xaricdə təhsil proqramları, Kibertəhlükəsizlik Mərkəzi və peşəkar kadrların hazırlanması məsələlərinə xüsusi diqqət yetirməsi də bununla bağlıdır. Məncə, Azərbaycanın gələcək iqtisadi rəqabət qabiliyyəti birbaşa insan kapitalının keyfiyyətindən asılı olacaq.

    Bu gün dünya ölkələri artıq yalnız kapital uğrunda deyil, istedadlı mütəxəssislər uğrunda da rəqabət aparırlar. Ona görə də Azərbaycanın qarşıdakı mərhələdə əsas üstünlüklərindən biri öz vətəndaşlarının yüksək texnologiyalar, mühəndislik, süni intellekt, kibertəhlükəsizlik, maliyyə, logistika və idarəetmə sahələrində rəqabət qabiliyyətini artırmaq olmalıdır. Burada neft-qaz sektorunun rolunun bitdiyini düşünmək də doğru olmaz. Əksinə, Prezidentin çıxışında çox aydın şəkildə göstərildi ki, neft və qaz hələ uzun müddət Azərbaycan iqtisadiyyatının mühüm dayaqlarından biri olaraq qalacaq. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ExxonMobil”, “TotalEnergies” və digər şirkətlərlə imzalanan sənədlər bunu bir daha təsdiqləyir.

    “SOCAR”, “XRG” və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarının mübadiləsi, “SOCAR” ilə “ExxonMobil” arasında Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi də forumun konkret iqtisadi nəticələri sırasındadır. Bununla yanaşı, “SOCAR” ilə “Oracle” arasında texnoloji əməkdaşlığa dair sənədin imzalanması da xüsusi diqqət çəkir. Bu sənəd neft-qaz şirkətinin fəaliyyət dairəsinin enerji ilə məhdudlaşmadığını, rəqəmsal texnologiyaların iqtisadiyyatın ənənəvi sahələrinə inteqrasiyasının artıq ayrıca istiqamətə çevrildiyini göstərir.

    Forum çərçivəsində “SOCAR” ilə “Comstock Resources”, “Apollo”, “SEFE”, “VNG” şirkətləri arasında müxtəlif əməkdaşlıq sənədlərinin, “SOCAR”ın “Eni” ilə Kot-d’İvuarın “Baleine” yatağında 10 faiz iştirak payının əldə olunmasına dair sənədin, Azərbaycan Biznesinin İnkişafı Fondu ilə “UFlex Group” arasında birgə müəssisə müqaviləsinin, İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group” arasında strateji tərəfdaşlıq və investisiya çərçivə sazişinin, Ələt Azad İqtisadi Zonası ilə “Hong Kong Renteng International Trade” arasında investisiya müqaviləsinin mübadiləsi həyata keçirilməsi xüsusi təqdirəlayiq idi. Bu sənədlərin hər birinin ayrıca iqtisadi mahiyyəti var. Lakin onların ümumi mənzərəsi daha vacibdir: investisiya gündəliyi yalnız bir sektorun çərçivəsində qalmır. Enerji, texnologiya, sənaye, logistika, kənd təsərrüfatı və digər istiqamətlər paralel şəkildə inkişaf etdirilir.

    Azərbaycanın təbii sərvətlərinin iqtisadi dövriyyəyə daha səmərəli cəlb edilməsi yalnız hasilat məsələsi kimi nəzərdən keçirilməməlidir. Əsas məqsəd xammalın daha yüksək əlavə dəyərli məhsula çevrilməsi olmalıdır. Eyni yanaşma kənd təsərrüfatına da aiddir. Ərzaq təhlükəsizliyi artıq sadəcə kənd təsərrüfatı siyasətinin məsələsi deyil. Qlobal təchizat zəncirlərinin dəyişdiyi, su qıtlığının və iqlim risklərinin artdığı bir dövrdə ərzaq təhlükəsizliyi milli iqtisadi təhlükəsizliyin tərkib hissəsidir. Bu baxımdan kənd təsərrüfatında müasir texnologiyaların, suya qənaət edən sistemlərin, rəqəmsal idarəetmənin, məhsuldarlığın artırılmasının və emal sənayesinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, Azərbaycanın yeni investisiya strategiyası yalnız böyük şirkətlərin ölkəyə gəlməsi ilə ölçülməməlidir. Əsas məsələ bu investisiyaların yerli iqtisadiyyatda hansı zənciri yaratmasıdır.

    Əgər xarici investor Azərbaycana gəlirsə, burada yerli şirkətlərlə əməkdaşlıq edirsə, yerli kadr hazırlayırsa, texnologiya gətirirsə, məhsulu burada emal edir və ixrac edirsə, həmin investisiyanın iqtisadi təsiri daha geniş olur. Növbəti mərhələdə investisiya siyasətinin əsas göstəricilərindən biri məhz bu olmalıdır. Çünki Prezidentin də vurğuladığı mühüm məqamlardan biri budur: qeyri-neft-qaz sektorunun ÜDM-də payı artıq 70 faizdən çoxdur, lakin ixrac strukturunda neft və qazın çəkisi hələ də çox yüksəkdir. Deməli, qarşıda duran əsas vəzifələrdən biri iqtisadiyyatın deyil, ilk növbədə ixracın şaxələndirilməsidir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, biz qeyri-neft sektorunu yalnız daxili bazar üçün deyil, beynəlxalq bazarlar üçün də böyütməliyik. Azərbaycan məhsulu “Made in Azerbaijan” adı ilə daha çox ölkədə görünməlidir. Bunun üçün rəqabətqabiliyyətli istehsal, keyfiyyət, brendləşmə, logistika və ixrac maliyyələşməsi paralel şəkildə inkişaf etməlidir.

    İnvestisiya Forumunun əsas mesajlarından biri də Azərbaycanın özünü dəyişən qlobal iqtisadi sistemdə daha böyük rol üçün hazırlamasıdır. Bu gün investor yalnız yüksək gəlir axtarmır. O, sabitlik, təhlükəsizlik, hüquqi müəyyənlik, enerji təminatı, nəqliyyat imkanları, rəqəmsal bağlantı və proqnozlaşdırılan iqtisadi mühit axtarır. Azərbaycanın üstünlüyü də bu amillərin bir neçə istiqamətdə eyni anda mövcud olmasıdır. Lakin investor üçün yaradılan mühit daim inkişaf etdirilməlidir. Dünya dəyişir, texnologiyalar dəyişir, kapitalın istiqaməti dəyişir. Dünən investor üçün kifayət edən üstünlük sabah kifayət etməyə bilər. Buna görə də Azərbaycan rəqabət qabiliyyətini qorumaq üçün daim yenilənməlidir. Məhz buna görə Prezidentin “geosiyasi vəziyyət dəyişsə belə, Azərbaycan təchizatçılar üçün cəlbedici qalmalıdır” fikri xüsusi əhəmiyyət daşıyır. Bu, əslində, uzunmüddətli iqtisadi strategiyanın çox mühüm prinsipidir: iqtisadi model yalnız müəyyən bir geosiyasi şəraitə uyğun qurulmamalıdır.

    Azərbaycanın yaratdığı nəqliyyat, enerji, rəqəmsal və maliyyə infrastrukturu müxtəlif ssenarilərdə işləyə bilməlidir. Qarşıdakı mərhələdə parlamentin də əsas vəzifələrindən biri iqtisadi inkişaf üçün hüquqi bazanın daim təkmilləşdirilməsinə dəstək vermək, sahibkarların və investorların qarşılaşdığı məsələləri gündəmə gətirmək və qanunvericiliyin iqtisadi reallıqlara uyğunlaşdırılmasına töhfə verməkdir. Çünki iqtisadiyyatın şaxələndirilməsi yalnız hökumətin və investorların işi deyil. Burada qanunvericilik, təhsil, maliyyə, məhkəmə, gömrük, vergi, rəqəmsal idarəetmə və insan kapitalı bir-birini tamamlamalıdır.

    Bu gün Azərbaycanın qarşısında yeni bir mərhələ dayanır. Birinci mərhələdə əsas vəzifə dövlətin iqtisadi və maliyyə dayaqlarını möhkəmləndirmək, infrastruktur qurmaq və enerji resurslarını ölkənin inkişafına yönəltmək idisə, yeni mərhələdə əsas məqsəd həmin bazanın üzərində yüksək texnologiyalı, rəqabətqabiliyyətli və ixracyönümlü iqtisadiyyat qurmaqdır. Bərpaolunan enerji, logistika, tranzit, rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, mədənçilik, kənd təsərrüfatı, sənaye, turizm və insan kapitalı bu yeni iqtisadi modelin əsas elementlərinə çevrilə bilər.

    Ən vacib məsələ isə kapitalın özü deyil, kapitalın yaratdığı dəyərdir. Azərbaycan artıq böyük investisiyalar cəlb edə bildiyini nümayiş etdirib. Qarşıdakı dövr isə həmin investisiyaların daha çox texnologiya, daha çox istehsal, daha çox ixrac, daha çox yüksək ixtisaslı iş yeri və daha çox əlavə dəyər yaratdığı dövr olmalıdır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanan çoxsaylı sənədlər də göstərir ki, bu proses artıq nəzəri müzakirə mərhələsindən praktik əməkdaşlıq mərhələsinə keçir. Azərbaycanın qarşıdakı iqtisadi hədəfi sadə şəkildə belə ifadə oluna bilər: neft sərvətlərindən əldə olunan imkanları gələcəyin iqtisadiyyatına çevirmək. Bu gələcəyin iqtisadiyyatında enerji yenə mühüm yer tutacaq, amma enerji ilə yanaşı texnologiya, logistika, insan kapitalı, rəqəmsallaşma və innovasiya daha böyük rol oynayacaq.

    Azərbaycanın gücü isə bu istiqamətlərin bir-birindən ayrı deyil, vahid iqtisadi sistem kimi inkişaf etdirilməsindən asılı olacaq. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu təkcə investisiya tədbiri kimi deyil, Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsinin təqdimatı kimi qiymətləndirmək olar.

     

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    2. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    3. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    4. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    5. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    6. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    7. 11:28 Məhərrəm Səfərli – 80
    8. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    9. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    10. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    11. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    12. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    13. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    14. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    15. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    16. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    17. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    18. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    19. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    20. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    21. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    22. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    23. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    24. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    25. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    26. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    27. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    28. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    29. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    30. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    31. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    32. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    33. 10:55 27 Sentyabr – Anım Günü
    34. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    35. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    36. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    37. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    38. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    39. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ