Azərbaycan - Vyetnam münasibətləri
- Bu gün, 09:11
- Maraqlı
- 0
- 9
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı, iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Vyetnam arasında təxminən 70 illik tarixə malik dostluq münasibətlərindən bəhs etmiş, bu əlaqələrin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu vurğulamışdır. 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Vyetnama səfəri iki xalq arasında əlaqələrin möhkəm təməlinin yaranmasına mühüm töhfə vermişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan və Vyetnam arasında siyasi dialoq daim inkişaf edir. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri münasibətlərin yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdır. Həmin səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olmuşdur.
Müsahibədə iqtisadi və ticarət əlaqələrinə də xüsusi diqqət yetirilmişdir. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olmuşdur. Energetika, neft-qaz sənayesi, kənd təsərrüfatı, nəqliyyat, logistika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu vurğulanmışdır. SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın inkişafı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı humanitar, təhsil və mədəni əlaqələrin xalqlar arasında dostluğun möhkəmləndirilməsində mühüm rol oynadığını bildirmişdir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələr, təhsil təşəbbüsləri və mədəni tədbirlər iki xalqın yaxınlaşmasına xidmət edir. Müsahibədə sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması da tarixi dostluğun mühüm göstəricisi kimi qeyd edilmişdir.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda Vyetnamla əməkdaşlığından da danışmışdır. Xüsusilə Vyetnamın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələlərində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirdiyi ədalətli mövqeyə görə minnətdarlığını ifadə etmişdir.
Müsahibədə nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivləri də diqqətə çatdırılmışdır. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizində mühüm mövqeyə malik olması Vyetnam ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Elmar Qulamov,
Masallı rayonu Bala Kolatan kənd sakini






























