Kəlbəcərin azadlığı Azərbaycanın siyasi iradəsinin və dövlət suverenliyinin təntənəsidir
- Bu gün, 09:46
- Maraqlı
- 0
- 8
25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan tarixində milli iradənin, dövlət qətiyyətinin və ərazi bütövlüyünün bərpasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Bu tarix yalnız tarixi torpaqlarımıza qayıdışın deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və ardıcıl dövlət siyasətinin nəticəsidir.
Kəlbəcərin işğaldan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin, diplomatik fəaliyyətinin və Azərbaycan Ordusunun gücünün təcəssümü oldu. 2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mühüm tarixi mərhələ kimi yadda qaldı.
Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın postmünaqişə dövründə müəyyən etdiyi strateji hədəflərin real nəticələrini nümayiş etdirir. Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, sosial obyektlərin yaradılması, enerji layihələrinin icrası və Böyük Qayıdış Proqramı çərçivəsində məskunlaşma tədbirləri dövlətin öz vətəndaşlarının doğma torpaqlarına qayıdışına verdiyi yüksək önəmin göstəricisidir.
Kəlbəcər nümunəsi bir daha sübut edir ki, güclü siyasi iradə, milli birlik, prinsipial diplomatiya və qüdrətli ordu dövlətin strateji maraqlarının təmin olunmasında həlledici amillərdir. 25 noyabr tarixi Azərbaycan dövlətçiliyinin möhkəmliyini, suverenlik prinsipinə sadiqliyini və gələcəyə hesablanmış inkişaf strategiyasını əks etdirir.
Aybəniz Novruzova,
Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi





























