"Oğurlanmış talelər" tamaşası Biləsuvarda səhnələşdirilib
- 25-02-2022, 17:02
- Mədəniyyət
- 0
- 378
Masallı Xalq teatrının səhnə ustaları və Masallı Dövlət Regional Kollecinin tələbələrindən ibarət həvəskar aktyor kollektivi Biləsuvar şəhərində qastrol səfərində olub. Xocalı soyqırımının ildönümü çərçivəsində müştərək teatr layihəsinin reallaşdırılması məqsədilə təşkil olunan səfər zamanı "Oğurlanmış talelər" tamaşası biləsuvarlı sənətsevərlərə təqdim olunub. Yazıçı-publisist Nurəddin Ədiloğlunun müəllifi olduğu dram əsəri Masallı və Biləsuvar Xalq teatrlarının aktyorları və tələbələrin sənət əməkdaşlığı ilə səhnəyə qoyulub.
Təqdimatdan öncə qonaq və yerli rəsmilər Biləsuvar rayon Mədəniyyət Mərkəzinin foyesində yeniyetmə və gənc rəssamların əl işlərində qurulmuş sərgiyə baxıblar.
Ölkəmizin ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş Vətən oğullarının əziz ruhları ehtiramla yad edildikdən sonra səhnə ifalarına başlanılıb.
Tamaşada erməni qəsbkarları tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş amansız cinayətlər surətlərin timsalında bədii ustalıqla əks etdirilib. Eyni zamanda, teatr kompozisiyasında qələbəyə və işıqlı sabaha güclü inam ifadə olunub.
Qeyd edək ki, tamaşanın qarşıdakı günlərdə Masallı və Salyan şəhərlərində də nümayişi nəzərdə tutulur.
Əlihüseyn Şükürov
www.yeniheyet.az