• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » SƏNAN ƏTİRLİ TORPAQ

    SƏNAN ƏTİRLİ TORPAQ

     
    Qanıyla torpağa Vətən yazanlar
     
    SƏNAN ƏTİRLİ TORPAQ

    Şəhid ailələri ilə hər görüşüm, valideynləri danışdırmaq mənə ağırdan da ağırdır. Elə vaxt olur ki, müsahiblərim kövrələrkən hətta özümü qınayır, çətin durumda qalıram. Qaziləri, igidlərimizin hərbçi yoldaşlarını dinləyərkən, bir neçə saatlığa o döyüş səhnələrini yaşayır, sanki iştirakçısına çevrilirəm. Bir neçə gün bu hisslərdən ayrıla bilmirəm. Və bu insanların hansı psixoloji durumda olduqlarını daha yaxşı anlayıram. Eyni zamanda düşünürəm ki, qəhrəman oğullarımızın şanlı döyüş yolunu işıqlandırmaq, onları tanıtdırmaq, tarixə qovuşdurmaq, yaşatmaq mənəvi borcumuzdur. Etiraf edim ki, həm ağrı-acılı, həm qələbə soraqlı bir kiçik yazı ilə şəhid ailəsinin, yaxınlarının, azacıq da olsa, könlünü alıb, onları ovundura biliriksə, mənən rahatlanır, özümüzü xoşbəxt hiss edirik...
    Onlar öz həyatlarını deyil, Vətəni düşündülər. Canları, qanları hesabına itirilən torpaqlarımızı qarış-qarış işğaldan azad etdilər. 30 ildən bəri sinəmizdən ağır daş kimi asılan, çarəsiz zənn etdiyimiz Qarabağ dərdinə 44 günlük Vətən savaşında məlhəm tapıldı.
    Azərbaycanımızın bütövlüyü naminə Sənan Seyfullayev kimi cəsur övladlarımız sinələrini düşmən gülləsinə sipər etdilər.
    Şəhid ailəsi ilə görüşərkən, o üzgün mənzərənin şahidi olanda, ürək yandıran sözləri eşidəndə övladını vaxtsız itirən valideynlərin nələr yaşadığını hiss edirsən. Xoş xəbər eşitmək ümidiylə 71 gün idi ki, Mətləb atanın, Sevda ananın gözləri yollardan yığılmırdı, ölümünə inanmırdılar Sənanın.
    Biz nə qədər nakam gəncin taleyinə acısaq da, göz yaşları içində boğulan doğmaları qədər alışıb-yana bilmərik, gücümüz ancaq onlara ürək-dirək verməyə çatır.
    Şəhidin 52 yaşlı atası Mətləb təskinlik tapır ki, övladı Vətən üçün, dövlət və dövlətçiliyimizin möhkəmlənməsi üçün canını fəda edib, qəhrəmanlıq tariximizin əbədi yolçusuna çevrilib. O, deyir ki, Sənan hərbçi olmaq istəyirdi. Qismətində var imiş oğlumun – ömrünü Vətəni üçün yaşamalıydı, yaşadı.
    Əmisi Fariz əlavə edir ki, müharibə başlayandan döyüşdə olan, ancaq uzun müddətdir heç bir sorağı gəlməyən, aylardır axtardığımız Sənanın ölüm xəbərini, hər birimizi yasa boğan xəbəri eşitmək bizimçün asan olmadı. Ata-anasının güvənc yeri idi, özümüzə arxa-kömək sanırdıq Sənanı. Öz arzuları yarımçıq qalsa da, hamımızın arzusunu, Vətən arzusunu göyərtdi.
    Öyrənirəm ki, Sənan Mətləb oğlu Seyfullayev 26 sentyabr 1998-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində (Göllü küçəsində) anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayıında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N”saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub.
    Vətən Müharibəsinin ilk günündən digər qəhraman oğullarımız kimi Sənan da vətən torpağını düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib.
    30 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsində qəhrəmanlıqla şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan, 10 yanvar 2021-ci il tarixində şəhid olaraq tapılıb.
    Yanvarın 12-də Masallı rayonu igid oğlunu qarşılayıb izdihamla son mənzilə yola salıb. Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Sənan Seyfullayevin nəşi doğulduğu Ərkivan qəsəbəsində - şəhid mayor Anar Novruzovun, baş leytenant Sahib Şirəliyevin məzarı yanında torpağa tapşırılıb.
    Tabuta bükülmüş Azərbaycan Bayrağı şəhidin 9 yaşlı qardaşı Urufa təqdim edilib. Sənan subay idi. Ailədə bir bacı, iki qardaş olublar...


    Şəhid əsgər Sənan Seyfullayevin döyüş yolu barədə məlumat toplamaqda mənə onun qohumları Fariz Seyfüllayev və Elşən Bağırov kömək etməyə çalışdılar. Bir neçə nəfərlə telefon əlaqəsi saxladıq.
       Masallı rayonunun Ərəb kəndindən olan, 20 yaşlı şəhid Masim Qurbanovun atası, Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı, II qrup Qarabağ müharibəsi əlili Hafiz kişi dedi ki, Sənan Vətən müharibəsi başlanan gündən sona qədər oğlumla bir bölükdə - həmlə taborunun tərkibində xidmət ediblər. Eyni gündə şəhid olublar.
    Taqım komandiri, baş leytenant Toğrul Rizvanlı: “Bizə verilən əsas tapşırıqlar yüksəkliklərin alınması və onlara nəzarət, düşmənə gələn köməkçi qüvvələrin təyin edilməsi və s. idi. Döyüşdən-döyüşə, cəbhədən-cəbhəyə irəliləyirdik. İrəlilədikcə daha strateji yüksəklikləri fəth etməyə çalışırdıq. Dəfələrlə ölümlə üz-üzə qalmışıq.  Top mərmiləri, minamyotlar yaxınlığımıza düşürdü.
    Vətən müharibəsindəki əsas məqsəd və hədəfimiz bir idi. Buna rəğmən zabit yoldaşım, baş leytenant Elmir Şəmmədovla birgə rəhbərlik etdiyimiz şəxsi heyətin qorunması, təhlükəsizliyi də bizimçün önəmli idi.  
    Ən ağır döyüşlərimiz Qubadlıda – Balasoltanlı kəndi ərazisindəki və “Qanlı Təpə” yüksəklikləri uğrunda oldu. Qalibiyyətlə geri dönsək də şəhid mayor Müseyib Zeynalov, əsgər Elnur Tağıyev və Elgiz Mehdiyev kimi neçə igidimizi itirdik ...

    Sənanın bibisi oğlu, qazi Kamran Bağırov: “Könüllü olaraq cəbhəyə bir gündə yollanmışıq. Ağcabədidə “N” saylı hərbi hissədə təlimlərdə də bir yerdə olmuşuq. Sonra yollarımız ayrıldı. Növbəti görüşümüz isə Cəbrayıl rayonunda oldu. İşğaldan azad etdiyimiz postu onlara təhvil verdik. Həmyerlimiz Hüseyn Mazanov da dayıoğlu ilə birgə idi. Qucaqlaşıb, hal-əhval tutduq.
    Bizdən təxminən bir kilometr irəlidə isə düşmənin texniki və canlı qüvvəsi yerləşmişdi. Biz isə onlardan yüksəkdə mövqelənmişdik. Elə yüksəkliyi alarkən də ermənilərin dərsini əməlli-başlı vermişdik. Hətta beş zabit meyidini də qoyub qaçmışdılar.  
    Olan-qalan ərzağımızdan da Sənangilə pay verdim. “Allaha əmanət, özünüzdən muğayat olun!” deyə, sağollaşıb ayrılmışdıq.“
    Sənanın səngər yoldaşlarının dediklərindən:
    Hüseyn Mazanov: “Xüsusi əməliyyatlara seçim zamanı həmişə özünü önə atardı. Ürəyi açıq, könlü tox idi. Günlərlə ac, susuz qaldığımız vaxtlarda son tikəsini bizimlə bölərdi Sənan. Ölümə bir getdiyim qardaşlardan Sabir Əzizli, Ələm Hüseynov, Rəcəb İsmayılov, Masim Qurbanov, Elməddin Vəlişov, Sənan bu dünyada olmasalar da, ömrüm boyu onları xatirələrimdə yaşadacağam."

      Ehtiram Əliyev: “Manqalarımız ayrı olsa da Sənanla eyni taqımda olmuşam. İlk döyüşə Füzulinin dərə adlanan ərazisindən başladıq. Düşmənin aramsız ağırçaplı silah atəşlərinə məruz qalmışdıq. Güclü müdafiə olunsaq da bir şəhid verdik – həkim baş leytenantımızı itirdik. Sonra iki qrupa bölünərək Cəbrayıl dağlarında döyüşlərə qatıldıq. Sənandan ayrılmışdım. Hadrutda, toplanış zamanı onunla yenidən görüşdük. Növbəti tapşırığa əsasən çayqırağı, dağlıq ərazilərlə Qubadlıya doğru irəlilədik. Qarşı tərəf bizi minamyot, tank əleyhinə silahlarla atəşə tuturdu. Arxadan isə hərbçilərimiz düşmənin minaatanlarının atış nöqtələrinə zərbələr endirir, onları susdururdular. Biz isə irəliləyirdik. Gündüzlər səngərdə mövqe tutur, əsasən gecə saatlarında hücuma keçirdik. Oktyabrın 25-də, Qubadlı şəhərinin alındığı gün biz düşməndən təmizlədiyimiz “Taxıllıq” adlandırdığımız yüksəklikdə idik. Saat 11 olardı, Sənanla Ələm aşağı endilər ki, köhnə yerimizdə qalan ləvazimat və ərzağımızı yuxarı qaldırsınlar. Üstündən 4 saat keçmişdi ki, mərmi dalğasına düşdüm, yaralandım. Sənan gələn kimi məni bu vəziyyətdə görcək başımı dizi üstə alaraq yardım etməyə çalışdı. Axşam saat 6-7 radələrində, hava qaralanda məni digər yaralılarımızla və şəhid yoldaşımızla birgə döyüş meydanından təxliyə etdilər. Dağdan aşağı enməyə 8 saat yarım vaxt sərf etdik. Bizi tibbi maşınlarla hospitala ötürdükdən sonra Sənangil “Qanlı Təpə”yə doğru irəlilədilər...”

    İbrahim Hüseynov: “...Bir neçə saatdan sonra Qubadlı şəhərinə çatdıq. Mövqeləndik. Bir neçə gün (25-30 oktyabr) orada qaldıq. 29 oktyabr, axşam saat 7-də “Qanlı Təpə” istiqamətində yola düşdük. Gecənin yarısı əraziyə çatdıq. Sübh namazından sonra iki qrup şəklində hücuma keçdik. Düşmənin yuvasını darmadağın edərək onları mövqelərindən qovduq, yüksəkliyi aldıq. Azad etdiyimiz postu möhkəmləndirir, düşmənə macal vermirdik ki, işğaldan azad olunan torpaqlarımızı geri alsınlar. Ərazidə qruplar şəklində səpələnmişdik ki, qarşı tərəfin qəfil artileriya atəşlərində yayına bilək. Lakin sonda biz fikirləşdiyimiz qədər də asan olmadı. Yanımıza düşən top mərmisindən 6 döyüşçü yoldaşımızı – Sənanı, Masimi, Sabiri, Ələmi, Rəcəbi, Elgizi itirdik, Mehman və mən yaralandıq...

     
    Şəkildən məsum-məsum baxıb boylanan şəhid,
    İyirmi üç yaşında baxışı donan şəhid,
    Ömrün bahar çağında xatirə olan şəhid.
    Bizə Zəfər sevinci, göz yaşı nəsib etdi,
    Bütöv Azərbaycana güntək nur saçan şəhid.


    Bəli, Sənan nəinki bizimçün, valideynləri üçün, hətta gələcək nəsillər üçün də elə 23 yaşında qalacaq.

             AKİF AĞAYEV,
             www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:31 Şəhid Məmmədağa Bağırovun şəhadətinin 4-cü ildönümü anıldı
    2. 17:53 Masallının ərazilərində ağacəkmə aksiyası davam etməkdədir
    3. 18:03 Masallıda "Masallı STEAMçilər kulubu" layihəsinin açılışı
    4. 16:27 Şəhid Ziya Gözəlovun şəhadətinin 4-cü ildönümü anıldı
    5. 16:24 Rayon rəhbərinin 22 noyabr 2024-cü il tarixli vətəndaş qəbulu
    6. 16:21 Şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 4-cü ildönümü anıldı
    7. 14:37 32 illik şərəfli yol
    8. 14:16 Masallı RİH Başçısı 21.11.2024-cü il tarixdə Xıl ərazisinin sakinləri ilə görüşdü
    9. 09:06 Ağdamın Zəfər Günü 
    10. 18:39 Yeyənkənd kəndində küçələrin təmiri üçün hər kəs səfərbər olub
    11. 18:37 Böyük Kolatan kəndində transformator yeniləndi
    12. 18:36 Masallıda Uşaqlarıın VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş
    13. 18:20 Masallıda “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib
    14. 10:04 Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
    15. 09:40 Masallının tanınmış ziyalısı
    16. 22:00 Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb
    17. 18:40 Masallıda payızlıq kələm yığımı davam edir
    18. 18:37 Masallı RİH Başçısı 19.11.2024-cü il tarixdə Miyanku ərazisinin sakinləri ilə görüşdü
    19. 12:33 Yeni Azərbaycan Partiyası -32
    20. 12:31 Yeni Azərbaycan Partiyası -32
    21. 11:54 Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
    22. 08:44 Azərbaycanı inkişafa aparan yol
    23. 08:42 COP 29: Dünya Azərbaycanda Masallıda tədbir                                 
    24. 23:30 20 noyabr - Ağdam şəhəri günüdür
    25. 23:30 Bədəlan ərazisinin Çayqıraq kəndində daxili yollar təmir olunur
    26. 23:00 Şəhid Elməddin Nəzərovun şəhadətinin 4-cü ildönümü anıldı
    27. 23:00 Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə
    28. 14:07 “Biz Heydər Əliyev irsini öyrənirik” 
    29. 23:30 Şəhid Elçin Novruzovun şəhadətinin 4-cü ildönümü anıldı
    30. 23:00 Azərbaycan Prezidentinə yazırlar
    31. 10:18 Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində
    32. 20:30 Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır
    33. 18:40 Ağakişibəyli kəndində şəhid küçəsi abadlaşdırılır
    34. 18:35 Rayon rəhbərinin 15 noyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    35. 11:12 200 ölkənin yekdil qərarı-Azərbaycan COP29-a ev sahibliyi edir
    36. 23:30 Azərbaycanın başladığı meqalayihələr çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib
    37. 23:00 Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu
    38. 18:38 Böyük Xocavar kəndində evi yanan kənd sakininə xeyriyyəçilər dəstək olurlar
    39. 18:35 Şəhid Sahib Şirəliyevin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 18:31 Masallı RİH Başçısı 14.11.2024-cü il tarixdə Qodman ərazisinin sakinləri ilə görüşdü
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ