Müstəqil Azərbaycan dövlətinin dünyada böyük nüfuz qazanması Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir
- 10-05-2022, 23:03
- Siyasət
- 0
- 311
Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.
Heydər ƏLİYEV
Ümummilli lider
Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dönəmində – 1969-1982-ci illərdə reallaşdırılan institusional islahatlar nəticəsində kənd təsərrüfatında, sənayedə, eləcə də neft-qaz sektorunda böyük inkişaf tempi əldə edilib. Bununla da ölkəmiz keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Eyni zamanda, paytaxt Bakının abadlaşdırılması, şəhərdə tikinti-quruculuq işlərinin geniş miqyas alması, mikrorayonların və yeni qəsəbələrin salınması, burada onlarla sənaye müəssisəsinin yaradılması, həmçinin kəndlərin infrastrukturunun qurulması, yeni iş yerlərinin açılması, gənc mütəxəssislərin idarəetmədə irəli çəkilməsi kimi məsələlər ötən əsrin 70-80-ci illərində Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib.
Keçmiş SSRİ dövründə ən məşhur dəmir yolunun – Baykal-Amur magistralının çəkilməsi, Bakıda ittifaq əhəmiyyətli məişət kondisionerləri zavodu kimi onlarla müəssisənin tikilməsi Heydər Əliyev dühası haqqında, onun gərgin fəaliyyəti barədə dolğun təsəvvür yaradır, eyni zamanda, bu dahi şəxsiyyətin gələcəyi görmək qabiliyyətini, hədəfi düzgün, dəqiq seçən qərarlar vermək istedadını sübuta yetirir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirilən kompleks islahatlar nəticəsində müstəqil Azərbaycanın iqtisadi inkişafı təmin olundu. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu. Bunlarla bərabər, neft-qaz sektorunda gerçəkləşdirilən genişmiqyaslı tədbirlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və bundan sonra davamlı iqtisadi artım nəzərə çarpmağa başladı, iqtisadiyyatın bütün sahələrində islahatlar aparıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Qanunvericiliyin təkmilləşdirilməsinə mühüm önəm verildi və xarici investorların ölkəyə axınını sürətləndirmək, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, özəl bölməni inkişaf etdirmək, habelə milli iqtisadiyyatın beynəlxalq iqtisadi sistemə uyğunlaşdırılmasını, inteqrasiyasını gerçəkləşdirmək məqsədilə mükəmməl qanunvericilik bazası yaradıldı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən ulu öndərin müstəqil gənc respublikamıza rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana investisiya yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ümummilli liderin beynəlxalq arenadakı şəxsi nüfuzu ilə tərəddüdlərə son qoyuldu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi.
İqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilərək dünya miqyasında layiqli yer tutmasına təkan verdi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratdı, sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi. İqtisadiyyatın bütün sahələrində aparılan məqsədyönlü və ardıcıl islahatlar, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və ticarətdə əldə edilmiş yüksək nailiyyətlər nəticəsində ölkədə ümumi daxili məhsul istehsalı 1996-2002-ci illər ərzində 71 faiz artaraq 6,1 milyard manata çatdı.
Ölkədə ictimai siyasi sabitliyin bərqərar olması daxili və xarici investorlar üçün əlverişli şərait yaratdı və 1993-2002-ci illər ərzində ölkənin istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün 8,2 milyard manat investisiya yönəldildi, onlarla mühüm əhəmiyyət kəsb edən obyektlər tikilərək istifadəyə verildi. Xarici investorların ölkə iqtisadiyyatına vəsait yönəltməsi eyni zamanda ölkələrarası münasibətlərin inkişafına, ölkənin milli maraqlarının təmin olunmasına müsbət təsir göstərdi. Həmin dövrdə ümumi sahəsi 6,7 milyon kvadratmetr olan yeni yaşayış evləri, 31,1 min şagird yerlik ümumtəhsil məktəbləri, 2,2 min yerlik məktəbəqədər təhsil müəssisələri, 1,5 min çarpayılıq xəstəxana və növbədə 3 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri istifadəyə verildi.
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra keçid iqtisadiyyatına xas olan böhranlı proseslər başqa sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da baş verdi. Böhranın qarşısı yalnız 1996-cı ildə alındı, bu sahədə görülmüş tədbirlər nəqliyyatın ayrı-ayrı növlərinin inkişafında müsbət meyillərin yaranmasına təsir etdi. 1996-2002-ci illərdə nəqliyyat sektorunda yük daşınması 2,4 dəfə artdı.
Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası ilə bağlı verilmiş qərarlar nəticəsində xarici ticarətin liberallaşdırılması istiqamətində səmərəli və davamlı tədbirlər reallaşdırıldı. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişləndi, möhkəmləndi və inkişaf etdi. 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdursa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128-ə yüksəldi, xarici ölkələrlə ticarət dövriyyəsi 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollarına çatdı. Bu illər ərzində Azərbaycanda xarici investisiyalı müəssisələrin sayı da kəskin surətdə artdı. Əgər 1996-cı ildə ölkədə fəaliyyət göstərən xarici ivestisiyalı müəssisələrin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olmuş, xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı isə 94,1 faiz artaraq 957-yə çatdı.
Azərbaycan Respublikasında bazar iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlərlə yanaşı, qiymətlərin və ticarətin sərbəstləşdirilməsinə də xüsusi diqqət yetirildi, azad rəqabət üçün əlverişli şərait yaradıldı. Bu tədbirlər nəticəsində istehlak qiymətlərinin aşağı salınması təmin edildi. 1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə artması müşayiət olunduğu halda, aparılmış düzgün iqtisadi siyasət nəticəsində inflyasiyanın artım surətinin kəskin azaldılmasına, onun birrəqəmli səviyyədə saxlanılmasına nail olundu. Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və ötən əsrin 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artaraq 910,2 milyon manata çatdı, xərcləri isə 72,2 dəfə artaraq 931,8 milyon manat təşkil etdi. Büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə endirildi. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artdı. 1993-cü ildə bu məqsədlərə 1,1 milyon manat və ya ümumi büdcə xərclərinin 8,5 faizi sərf olunmuşdursa, 2002-ci ildə bu xərclər 190,3 milyon manata çatdırıldı ki, bu da büdcə xərclərinin 20,4 faizinə bərabər idi.
Ümummilli lider əmək bazarının inkişafına, məşğulluq və işsizlik problemlərinin həllinə geniş yer verməsi nəticəsində iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payının 1995-ci ildəki 43,9 faizdən 2002-ci ildə 69,7 faizədək artmasına nail olundu. Azərbaycanda bu dövrdə qəbul edilmiş Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, Demoqrafik İnkişaf və Pensiya İslahatı konsepsiyaları, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı əmək və əhalinin sosial müdafiəsi sahələrində yeni strateji istiqamətlərin əsasını qoyub.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi milli maraqlardan irəli gələn müstəqil siyasətə əsaslanan kursa sadiq qalan Prezident İlham Əliyev 18 ildə Azərbaycanın möhtəşəm qələbələr əldə etməsinə nail olub. Dövlətimizin başçısı siyasi sabitlik, sosial rifah, milli birlik, iqtisadi güc, uğurlu xarici siyasət və ordu quruculuğu istiqamətlərində gerçəkləşdirdiyi islahatlar nəticəsində İkinci Qarabağ müharibəsində parlaq qələbə əldə etdi.
Ölkə rəhbərinin prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi uğurlu daxili siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib. Bununla bərabər, dövlətimizin başçısı xarici siyasət kursunu da varislik prinsipi üzərində qurub, müstəqil xarici siyasətə üstünlük verib, daim geosiyasi reallıqlara uyğun innovativ təkliflərlə çıxış edib. Milli dövlətçilik maraqlarının müdafiəsi zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatda reallaşdırdığı siyasəti hər zaman diqqət mərkəzində saxlayıb. Bu cür müstəqil xarici siyasət kursunun həyata keçirilməsi ilə əldə edilən uğurlar isə, hətta dünyada bir-birinə qarşı duran güclər tərəfindən də müsbət dəyərləndirilib. Ümumiyyətlə, Azərbaycan rəhbərinin xarici siyasətinin əsasını ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edib. Şübhəsiz ki, belə bir xəttə, mövqeyə əsaslanan müstəqil və qətiyyətli siyasət beynəlxalq güc mərkəzləri tərəfindən yüksək razılıqla qarşılanıb.
Prezident İlham Əliyevin son 18 illik fəaliyyətinin bəzi məqamlarına diqqət yetirsək, bunu aydın görmək olar. Məsələn, ulu öndər Heydər Əliyevin müəllifi olduğu enerji təhlükəsizliyi siyasətinin reallaşdırıldığı sonrakı dövrdə qarşıya müxtəlif obyektiv və subyektiv çətinliklər çıxıb. Lakin dövlətimizin başçısın müdrik siyasəti ilə problemlər aradan qaldırılıb, bununla da Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının gerçəkləşdirilməsinə nail olunub.
Burada bir məqamı da vurğulayaq ki, 2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.
Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaşdırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda uğurlu enerji siyasəti ilə yanaşı, çox böyük nəqliyyat layihələri də icra olunub. Şərq-Qərb nəqliyyat marşrutu reallaşdırılıb. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu işə salınıb. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti istiqamətində mühüm layihələr həyata keçirilib. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün tədbirlər uğurla yerinə yetirilib.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan bu gün, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Ümumiyyətlə, son illərdə gerçəkləşdirilən mühüm layihələr nəticəsində respublikamızın Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb.
İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.
Dövlətimizin başçısı çıxışlarının birində Zəngəzur dəhlizinin-Horadiz-Zəngilan-Ağbənd dəmir yolu istifadəyə veriləndən sonra bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsinə əminliyini ifadə edib. Eyni zamanda, bu dəmir yolunun digər nəqliyyat layihələrinin də reallaşdırilmasına mühüm təsir göstərəcəyini diqqətə çatdırıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları da Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin uğurla reallaşdırılacağına imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına və möhkəmlənməsinə də əsaslı təsir göstərəcək.
Ölkəmizdə nəqliyyat layihələrinin uğurla reallaşdırılmasının nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava yollarının səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətinin səmərəliliyinə görə isə 25-ci yerdə qərarlaşıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyadakı beşulduzlu 10 hava limanından biri kimi qəbul edilib. Bütün bunlarla bərabər, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 27-ci, MDB məkanında isə 1-ci yeri tutub. “Doing Business” hesabatına əsasən, ölkəmiz hökumətin uzunmüddətli strategiyası üzrə həm də dünyada 10-cu yerdə qərarlaşıb. Ölkə rəhbərinin islahatlara sadiqliyinə görə Azərbaycan 5-ci, əhalinin elektrik enerjisinə əlçatanlığına görə isə 2-ci yerdə möhkəmlənib. Eyni zamanda, respublikamız Dünya Bankı tərəfindən “dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilib.
Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi bütün bu uğurlarla bağlı çıxışlarının birinə deyib: “Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir… Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq…”.
Nəhayət, sonda bir məqamı da xatırlatmaq istərdim. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən İkinci Qarabağ müharibəsi başlananadək ötən dövr ərzində Qarabağ zəfərinə uzanan yolda Azərbaycan qarşıya qoyduğu müqəddəs vəzifəni gerçəkləşdirmək üçün siyasi, iqtisadi, sosial sahələrdə son dərəcə ciddi layihələr həyata keçirdi. Dövlətimizin başçısının bu istiqamətdə reallaşdırdığı müdrik xarici siyasəti Ermənistanın işğalçı mövqeyi barədə dünya ictimaiyyətində aydın təsəvvür yaradıb, həmçinin xalqımızın birliyi, milli vəhdəti getdikcə daha da möhkəmlənib, bərabərlik, doğmalıq ruhu güclənib. Erməni faşizminin yaşatdığı ağrı-acılar, haqsızlıq, ədalətsizlik bütün dünyaya nümayiş etdirilib. Ən nüfuzlu, ən böyük dövlətlər tərəfindən Azərbaycanın mövqeləri dəstəklənir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu yeni mərhələyə daxil olub, Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasında qərarlaşıb. Bütün bunlar isə 44 günlük Vətən savaşında möhtəşəm qələbəmizi şərtləndirib.
Prezident İlham Əliyev müdrik siyasəti ilə parlaq qələbəmizə doğru uzanan bir yolda ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər nüfuzlu qurumlarla Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək üçün çox möhkəm beynəlxalq təməl yaratdı. Azərbaycan bu təmələ, həmçinin BMT-nin nizamnaməsinə əsaslanaraq, eyni zamanda, beynəlxalq hüquq çərçivəsində hərəkət edərək, əks-həmlə əməliyyatı 2020-ci ildə 44 günlük savaşla torpaqlarımızı düşməndən təmizlədi.
Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq işlərinə başlanılıb. Ötən müddətdə enerji, kommunal xidmət obyektlərinin, nəqliyyat infrastrukturlarının inşası sürətlə davam etdirilib. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ilə Azərbaycan iqtisadiyyatı artıq bir neçə dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektorial strukturu dəyişib, habelə Qarabağ ərazisinin iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb.
Beləliklə, istər ümummilli liderin hakimiyyəti dönəmində, istərsə də onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi illərində əldə edilən uğurlar Heydər Əliyevin dövrün çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət olmasını sübuta yetirir. Bəli, onun fəaliyyəti sabaha, bügünümüzə ünvanlanmışdı. Ona görə də Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun misilsiz xidmətləri ölçüyəgəlməzdir.
Ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biri olaraq əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
Elşad ABBASOV,
“Embawood” şirkətinin Baş direktoru
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az