Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
11 avqust 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub.
Rayon rəhbərinə görülmüş işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərasim evi kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə tikilib və təmir olunaraq kənd sakinlərinin istifadəsinə verilib. Görülən işlər nəticəsində mərasim evində sakinlərin rahat istifadəsi üçün əlverişli şərait yaradılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərə görə əməyi olan şəxslərə təşəkkürünü bildirib, mərasim evində yaradılmış şəraitlə maraqlanıb. Rayon rəhbəri kənd sakinlərinin istifadəsində olan bu cür sosial təyinatlı məkanların abad və səliqəli vəziyyətdə saxlanılmasının, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, kəndlərdə sosial infrastrukturun yaxşılaşdırılması, əhalinin istifadəsində olan məkanların abadlaşdırılması və yenilənməsi istiqamətində görülən işlər sakinlərin rahatlığının təmin olunmasına xidmət edir.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, mərasim evinin tikilib təmir olunmasının kənd əhalisinin istifadəsi üçün daha əlverişli şərait yaratdığını qeyd ediblər.

































