Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev Bakı şəhəri II Fəxri xiyabanda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və göstərdikləri qəhrəmanlıq Vətənə sədaqətin və milli iradənin parlaq nümunəsidir. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təmin olunub. Bu tarixi nailiyyət Azərbaycan Ordusunun şəxsi heyətinin, o cümlədən Masallıdan olan hərbçilərin göstərdiyi şücaət və fədakarlıqla sıx bağlıdır.
Ziyarət çərçivəsində şəhidlərin ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı şəhid ailələrinin müraciətləri və onları narahat edən məsələlər dinlənilib, ailələrin qayğıları ilə maraqlanılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri ilə söhbət zamanı onların problemlərinin diqqətdə saxlanıldığını, müraciətlərinin həlli istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirib.
Görüşdə şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, onların ailə üzvlərinin qayğı və problemlərinə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, şəhid ailələri, müharibə iştirakçıları və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunub, bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və qarşılaşdıqları məsələlərin həlli istiqamətində işlərin aparılması diqqətdə saxlanılır.
Ziyarət bir daha göstərib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunur, onların ailələrinə göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

































