Masallı məktəbliləri “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışının zona birinciliyində ikinci olub
Masallı məktəbliləri “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışının zona birinciliyində ikinci olub
Aprelin 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyi keçirilib.
Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş yarışın açılış mərasimində çıxış edən Cənub Regional Mərkəzinin rəis vəzifəsini icra edən mayor Müsəddiq Əsədov yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb. O, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasında bu yarışın böyük rol oynadığını bildirib.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda Lənkəran rayon V.Qasımov adına Digah kənd tam orta məktəbin komandası birinci yeri tutub. Masallı rayonu Qəriblər kənd tam orta məktəbin komandası ikinci olub. Üçüncü yerə isə Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin komandası layiq görülüb. Yarışda fərqlənmiş komandalar diplomlarla təltif olunub.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika mərhələsində iştirak hüququ qazanıb.