• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Təhsilimizin nurlu siması

    Təhsilimizin nurlu siması

    • 29-01-2018, 17:41
    • Təhsil
    • 0
    • 1 786
    Təhsilimizin nurlu siması
     
     
    Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olan akademik Mehdi Mehdizadə altmış ildən çox bir müddətdə tükənməz enerji, gənclik həvəsi ilə yorulmadan elmi-pedaqoji fəaliyyət göstərib, tutduğu vəzifəyə məsuliyyəti, insanlara həssas münasibəti, qayğısı sayəsində daim pillə-pillə ucalıb, onu tanıyanların qəlbində özünə möhkəm yer tutub, unudulmaz xatirə, şəxsi nümunə qoyub gedib.
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Təhsilimizin nurlu siması” sərlövhəli məxsusi yazısında bu görkəmli şəxsiyyətin həyat və fəaliyyətindən söz açıb.

    -Yanvarın 18-də tanınmış ictimai xadim, Azərbaycan maarifinə iyirmi ildən çox yüksək bacarıq və böyük fədakarlıqla rəhbərlik etmiş, pedaqogika elminin görkəmli nümayəndəsi, SSRİ Pedaqoji Elmlər Akademiyasının təsisçilərindən biri, Əməkdar Elm Xadimi, akademik Mehdi Mehdizadənin anadan olmasının 115 illiyi tamam oldu. Bu böyük şəxsiyyətin həyatı və xalq maarifi yolunda gördüyü tarixi işlərlə geniş ictimaiyyəti tanış etməyi özümə borc hesab edirəm.
    Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü ildə Cəbrayıl qəzasının (indiki Cəbrayıl rayonu) Daşkəsən kəndində anadan olub. Daşkəsən kəndi Cəbrayılın böyük kəndlərindən biri idi. Həmin dövrdə kənddə dini təhsillilərlə yanaşı, dünyəvi təhsil alanlar da var idi. Atası Məmməd kişi də başqaları kimi oğlunu savadlı görmək istəyirdi. Onun arzusu oğlunun təhsil alması və doğma kəndlərində müəllim işləməsi idi. 1914-cü ildə Azərbaycanın bir çox kəndlərində olduğu kimi, Daşkəsən kəndində də tədris rus dilində aparılan ibtidai məktəb açılıb. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olub. 1920-ci ildə doğma kəndlərində qiraət komasının müdiri kimi müxtəlif mədəni tədbirlərdə iştirak etməyə başlayıb. Lakin onun arzusu müəllim olmaq, xalqının balalarına dərs demək, bilik öyrətmək idi. Həmin vaxt rayon mərkəzində altıaylıq pedaqoji kursların açılması ona arzusunu yerinə yetirməyə imkan yaradıb. Gənc Mehdi böyük həvəslə pedaqoji kursda oxuyub və oranı bitirdikdən sonra doğma kəndində müəllimliyə başlayıb. Yeri gəlmişkən qeyd edək ki, Mehdi müəllim 1921-ci ilin oktyabrını – müəllim olmaq arzusuna çatdığı ayı sonrakı bütün uğurlu pedaqoji fəaliyyətinin təməli hesab edərək həmişə sevinc hissi ilə xatırlayardı. O zamandan başlayaraq, M.Mehdizadə ömrünü sonsuz məhəbbətlə sevdiyi müəllimlik işinə həsr edib. Az sonra müdir olduğu birinci dərəcəli məktəbdə təlim-tərbiyə işini yüksək səviyyəyə qaldırıb, kəndli balalarını sevə-sevə, əzizləyə-əzizləyə məktəbə cəlb edib, onlar üçün dəftər-kitab tapıb gətirib, kövrək, kiçik ürəklərə əsl müəllim ürəyinin sonsuz məhəbbətindən pay verib. Həm öyrədib, həm də öyrənib, özünütəhsillə ciddi məşğul olub, biliyini artırıb. 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının inspektoru, görkəmli maarif xadimi, Qori Müəllimlər Seminariyasının (1906) və Tiflis Müəllimlər İnstitutunun (1907) məzunu Cavad Cuvarlı (1886-1963) M.Mehdizadənin müdir olduğu məktəbdə yoxlama aparır və bu uğurların şahidi olur. Yüksək tədris nəticəsinə görə gənc müəllimi mükafatlandırırlar. Bu uğurların qazanılmasında Mehdinin atası Məmməd kişi ilə yanaşı, anası Tamaşa xanımın da böyük zəhməti olmuşdu.
     
    İlk uğurdan ruhlanan, müəyyən pedaqoji təcrübəyə və nəzəri hazırlığa yiyələnən Mehdidə yeni arzu - tam pedaqoji təhsil almaq arzusu oyanır. 1923-cü ilin mayında Cəbrayıl qəzasından Bakıya üçaylıq ali pedaqoji kursa yeddi müəllim göndərilir, onlardan biri də M.Mehdizadə idi. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra, o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) hazırlıq kursuna qəbul olunur. Kursun sonunda imtahan verib 1924-cü ildə institutun fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir.
    M.Mehdizadə 1926-cı ildə institutu bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasında orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. Həmin dövrdə o, yalnız tədris-metodik işlərlə deyil, eyni zamanda, ümumpedaqoji problemlərlə də maraqlanırdı. Buna görə də qəza metodbürosunun sədrliyini də rəsmən ona tapşırıblar. O, qəza metodik mərkəzinə böyük həvəs və məharətlə rəhbərlik edib, ibtidai məktəblərin yeni proqramları, təlim metodları, məktəbin həyatla əlaqəsi və dövrün digər aktual problemləri haqqında göstərişləri ilə qəza müəllimlərinin işinə metodik yardım göstərib. Həmin illərdə qəzada olduğu kimi Respublika Xalq Maarif Komissarlığında da Mehdi müəllimin pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.
    1930-cu ilin martında onu Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq Maarif Komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin ediblər. O, bu vəzifədə cəmi bir il çalışdıqdan sonra 1931-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı nəzdində təzəcə təşkil edilmiş aspiranturaya pedaqogika ixtisası üzrə qəbul edilib. 1932-ci ildə isə yeni yaradılmış Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına köçürülüb. 1932-ci ilin sentyabrından ADPİ-nin pedaqogika kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Zaman keçdikcə, elmi-pedaqoji fəaliyyətini, ictimai işlərdəki fəallığını artırıb, eyni zamanda, ADPİ-də pedaqogikadan mühazirələr oxuyub, pedaqogika tarixi və müasir təlim-tərbiyə məsələləri barədə yazıları ilə dövrü mətbuatda çıxış edib.
    Aspiranturanı bitirdikdən bir il sonra ADPİ-nin rəhbərliyi M.Mehdizadənin institutdakı elmi-pedaqoji və ictimai fəaliyyətini nəzərə alaraq onu 1934-cü ildə pedaqoji fakültənin dekanı vəzifəsinə təyin edib. Az müddət bu vəzifədə çalışdıqdan sonra 1934-cü ilin sonunda onu daha məsul vəzifəyə - ADPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkiblər. Beləliklə, Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuş 31 yaşlı Mehdi Məmməd oğlu Mehdizadə ölkənin müəllim hazırlayan ən böyük ali məktəbinin aparıcı siması kimi tanınıb. O, 1934-1937-ci illərdə bu məsul vəzifədə çalışarkən gecəsini gündüzünə qatıb, cəmiyyətdə institutun nüfuzunun yüksəlməsi istiqamətində səmərəli fəaliyyət göstərib.
    M.Mehdizadə 1941-ci ildə “Azərbaycan məktəblərində savad təlimi tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. O,1941-1942-ci illərdə ADPİ-nin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1942-ci ilin sentyabrından 1946-cı ilin iyununadək ordu sıralarında, İkinci Dünya müharibəsinin qanlı döyüşlərində iştirak edib. Müharibədən qayıtdıqdan sonra 1946-1950-ci illərdə doğma institutda elmi-pedaqoji fəaliyyətini davam etdirərək pedaqogika kafedrasının müdiri, fakültə dekanı, elmi işlər üzrə direktor müavini vəzifələrində ləyaqətlə çalışıb. Müharibənin təsirinin güclü hiss olunduğu həmin illərdə Mehdi müəllim yüksək mədəniyyəti, insani keyfiyyətləri, ətrafındakılara münasibəti, tələbələrə göstərdiyi atalıq qayğısı ilə böyük rəğbət qazanıb.
    Azərbaycan cəmiyyətində ilbəil artan nüfuzu Mehdi müəllimin 1950-ci ildə 315-ci seçki dairəsindən Bakı Şəhər Sovetinə deputat seçilməsi,1950-1951-ci illərdə ölkənin ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində çalışması,1951-ci ildə Dəstəfur seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilməsi, 1951-ci ilin noyabrında isə Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsinə təyin olunması ilə nəticələnib.
    M.Mehdizadə 1952-ci ilin martında Azərbaycanın maarif naziri vəzifəsinə təyin edilib. O, bu vəzifədə cəmi üç il işləyib və 1954-cü ildə yenidən nüfuzlu elm və təhsil ocağı olan pedaqoji instituta göndərilib. Onun bu vəzifədə az işləməsi 1953-cü ildə İosif Stalinin ölümündən sonra Azərbaycanda baş verən siyasi hadisələrlə əlaqədar olub.
    Mehdi müəllim 1954-1959-cu illərdə elmi-pedaqoji fəaliyyətini daha da genişləndirib və bu sahədə uğurlu elmi nəticələrlə diqqəti cəlb edib. 1956-cı ildə “Azərbaycan sovet məktəbinin tarixi” mövzusunda yazdığı doktorluq dissertasiyasını Moskvada böyük müvəffəqiyyətlə müdafiə edib. Pedaqoji elmlər doktoru M.Mehdizadə 1957-ci ildə ADPİ-nin professoru vəzifəsinə seçilir. İki ildən sonra 1959-cu ilin sentyabrında o, Azərbaycan Ali və Orta İxtisas Təhsili Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilir.
    Görkəmli alim və təhsil təşkilatçısı 1960-cı ildə Azərbaycan Kommunist Partiyasının XXIV qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilib, həmin ilin martında yenidən Azərbaycan maarif naziri vəzifəsinə təyin edilib. Onun 1960-cı illərin əvvəllərində Azərbaycan, rus və digər dillərdə nəşr etdirdiyi elmi məqalələr, kitablar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda etdiyi məruzələr Azərbaycan məktəbinin və pedaqoji elminin dünyada tanınmasına təkan verib. Alimin “Azərbaycan məktəbləri yenidənqurma yollarında”, “Məktəbdə təlim-tərbiyə işlərinin yenidən qurulması” kitabları, “Təlimin məhsuldar əməklə birləşdirilməsinə dair bəzi qeydlər”, “Məktəb sisteminin yenidən təşkili məsələlərinə dair qeydlər”, “Dərsdə şagirdlərin fəallığını artırmaq haqqında bəzi qeydlər” və digər məqalələri apardığı elmi tədqiqatların nə qədər əhəmiyyətli və çoxsahəli olduğuna dəlalət edir.
    M.Mehdizadənin fəaliyyətində beynəlxalq əlaqələr, beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə fəal iştirak, bu tədbirlərdə dərin məzmunlu elmi pedaqoji məruzə və çıxışlar əsas yer tutur. O, 1961-1965-ci illərdə UNESCO-nun Yaşlıların Təhsili üzrə Məsləhət Komitəsinin daimi üzvü olub, 1960-cı ildən başlayaraq iyirmi il ərzində məharətlə, şəxsi nümunə göstərməklə Azərbaycanın xalq maarifi sisteminə ləyaqətlə rəhbərlik edib. O zaman Sovet hökumətinin maarif məsələləri üzrə tapşırıqlarını yerinə yetirmək məqsədilə sovet nümayəndə heyətinin tərkibində Polşada, Hollandiyada, Fransada, Afrikada və digər ölkələrdə rəsmi səfərlərdə olub, pedaqogika elminin nailiyyətlərini məharətlə təbliğ edib və böyük nüfuz qazanıb.
    Təqdirəlayiq haldır ki, onun “Məktəbdə təlim tərbiyə işinin yenidən qurulmasının bəzi məsələləri”, “Azərbaycan xalq maarifi yeni yüksəlişdə” monoqrafiyaları ciddi elmi-nəzəri və praktik əhəmiyyəti ilə yalnız Azərbaycanda deyil, Sovetlər İttifaqında elmi-pedaqoji ictimaiyyət arasında çox böyük maraqla qarşılanıb. 1961-ci ildə “Zaqafqaziyada yaşlı əhali arasında savadsızlığın ləğvi təcrübəsindən” sərlövhəli məqaləsi UNESCO-nun Şərq ölkələri üzrə mətbuat orqanında dərc edilib. Akademik M.Mehdizadənin 1961-ci ilin iyununda UNESCO yanında Yaşlıların Təhsili üzrə Beynəlxalq Komissiyanın sessiyasında iştirakı, orada “Afrika ölkələrində yaşlı əhalinin təhsilinin əsas məsələləri” mövzusunda məruzəsi böyük marağa səbəb olub və UNESCO-nun sənədlərində ingilis, fransız və ispan dillərində çap olunub. “Azərbaycan sovet məktəbinin tarixinə dair xülasələr” monoqrafiyası 1962-ci ildə Moskvada rus dilində çapdan çıxıb. Mehdi müəllim həmin ilin martında Afrika ölkələri maarif nazirlərinin Parisdə keçirilən beynəlxalq konfransında da problemliyi ilə diqqəti cəlb edən məruzə ilə çıxış edib.
    Xalq maarifinin görkəmli təşkilatçısı, pedaqogika elminin tanınmış nümayəndəsi, ictimai-siyasi xadim, professor M.Mehdizadə o vaxtlar dərin biliyi, zəngin irsi, peşə səriştəliliyi ilə həm nazir, həm də alim kimi keçmiş SSRİ miqyasında böyük hörmətə və nüfuza malik idi. Məhz buna görə də o, 1966-cı ilin avqustunda yeni yaradılan SSRİ Pedaqoji Elmlər Akademiyasının təsis komissiyasının tərkibinə daxil edilib və birbaşa akademiyanın həqiqi üzvü seçilib.
     
    Akademik M.Mehdizadə 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada nəşr olunan dördcildlik “Pedaqoji Ensiklopediya”nın, ikicildlik “Pedaqoji lüğət”in müəlliflərindən biri kimi tanınır. Əlli ilədək çox məsuliyyətli dövlət vəzifələrində çalışması onu 1930-cu ildən başladığı elmi-pedaqoji tədqiqatlarından bir an belə ayırmayıb, həmin işləri ömrünün sonuna qədər sistemli şəkildə davam etdirib, məhz bu cür aydın məqsəd, ardıcıl səyin, fəaliyyətin nəticəsində respublikamızda pedaqogika elminin formalaşmasına müsbət təsir göstərib. Onun ölkəmizdə məktəb quruculuğu, xalq maarifinin təşkili, təhsilin məzmunu, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin, xalq maarifinin idarə olunmasının səmərəliliyinin artırılması sahəsindəki tədqiqatları pedaqoji ictimaiyyət arasında geniş yayılıb, onların nəticələrinin tətbiqi təhsil sistemimizə böyük fayda verib. Həyatının son illərində tamamladığı “Məktəb və məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı”, “Azərbaycanda məktəb təhsilinin və pedaqoji fikrin inkişafı” əsərləri görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib. Akademik M.Mehdizadənin həyatına, ömür yoluna diqqətlə nəzər yetirdikdə görürük ki, o, həmişə səmərəli nəticə verən işlər görüb, pedaqoji fəaliyyətin bütün sahələrində öz dəst-xətti və təşəbbüskarlığı ilə bu mühüm sahənin tanınmış simalarının diqqətini cəlb edib, onlarda xoş təəssürat oyadıb. Onun şəxsiyyətində müəllimliklə alimlik bir-birini tamamlayıb. Mehdi müəllimin elmi üslubu da çox aydın və cəlbedici olub. O, təlim və tərbiyə prosesinin hansı sahəsinə müraciət edibsə, orijinal fikir, mühakimə yürüdüb, nəzəri və praktik cəhətdən çox böyük əhəmiyyət daşıyan ümumiləşdirmələr aparıb. Nəzəriyyə ilə təcrübənin üzvi şəkildə dialektik vəhdətdə verilməsi Mehdi müəllimin elmi-pedaqoji yaradıcılığına xas olan cəhətlərdəndir. O, respublikanın maarif naziri kimi çox mühüm, dövlət əhəmiyyətli vəzifədə çalışdığı vaxt bir an belə qələmini yerə qoymayıb, xalq maarifi quruculuğunun müxtəlif mərhələlərində təlim-tərbiyə prosesinin ən vacib problemlərini görkəmli alim, dövlət xadimi təfəkkürü ilə işıqlandırıb, konkret əməli yollar göstərib. Maarif təşkilatçılığı ilə elmi yaradıcılıq onun ictimai-pedaqoji fəaliyyətində həmişə qoşa qanad, paralel istiqamət, inkişaf xətləri kimi vəhdətdə olub.
    Ölkəmizin xalq maarifinin müxtəlif pillələrində uzun müddət Mehdi müəllimlə bir yerdə çalışanlar, onu yaxşı tanıyanlar (professorlar Hüseyn Əhmədov, Nurəddin Kazımov, Yəhya Kərimov, Zahid Qaralov, Şəmistan Mikayılov, Əjdər Ağayev, Vidadi Xəlilov, dosentlər Nəcəf Nəcəfov, Arif Muradov və başqaları) öz xatirələrində səmimi etiraf edirlər ki, o, çox böyük şəxsiyyət, gözəl insan idi. Adamları, xüsusilə dövləti idarə vəzifələri üzrə tabeçiliyində olanların arzu və istəklərini tez duyub qiymətləndirməkdə, düzgün nəticə çıxarıb ona uyğun tədbir görməkdə Mehdi müəllimin tayı-bərabəri yox idi. Düşünürəm ki, onun geniş ümumxalq məhəbbəti qazanmasının əsas səbəbləri göstərilən cəhətlər və şəxsi keyfiyyətləri idi.
    Akademik M.Mehdizadənin yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olub, onun rəhbərliyi ilə neçə-neçə namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. O, eyni zamanda, Moskva, Tbilisi, Bakı və digər şəhərlərin elmi şuralarında müdafiə edilən onlarla namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olub. Bu sahədə çalışan yaşlı nəslə mənsub olan alimlərimiz onun ancaq özünəməxsus alimlik etikasını, məsləhətvermə qabiliyyətini indi də xatırlayır, öz elmi fəaliyyətlərində nəzərə alırlar. Xalq maarifinin və pedaqogika elminin aktual məsələləri ilə əlaqədar böyük əhəmiyyət daşıyan tədbirlərin təşkilində həmişə fəal iştirak edib, dərin məzmunlu mühazirələr oxuyub, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxtəlif komissiyalarına bacarıqla rəhbərlik edib.
    Akademik M.Mehdizadənin zəngin pedaqoji irsində təhsilin idarəedilməsinə dair nəzəri fikirləri böyük maraq doğurub. O, bu istiqamətdə inzibati-amirlik üslubunun əleyhinə çıxıb, elmi-metodik əsaslarla idarəetməyə üstünlük verib. Mehdi müəllimin təhsili idarəetməyə dair baxışları, fikirləri mükəmməlliyi, elmi-nəzəri və praktik dəyəri ilə öz dövründə yüksək qiymətləndirilib, elmi məclislərdə və rəsmi müşavirələrdə təqdir edilib. Təsadüfi deyil ki,1976-cı ildə təhsilin idarəedilməsi ilə bağlı apardığı araşdırma zamanı aldığı dəyərli elmi nəticələr elə həmin il rus dilində “Sovetskaya pedaqoqika” jurnalında çap olunub. Hesab edirəm ki, onun respublika xalq maarifinin inkişafı sahəsindəki geniş fəaliyyəti indinin özündə də diqqətlə öyrənilməli və tətbiq edilməlidir. Düşünürəm ki, həyatı, geniş elmi-pedaqoji fəaliyyəti, parlaq şəxsi nümunəsi ilə böyük bir məktəb yaratmış bu böyük insanın elmi irsi mütəxəssislər tərəfindən dərindən öyrənilməli və araşdırılmalı, silsilə kitablar şəklində ölkəmizin elmi-pedaqoji ictimaiyyətinə çatdırılmalıdır.
    Xüsusi qeyd etmək yerinə düşər ki, M.Mehdizadənin 23 ilə yaxın ölkə maarif sisteminə rəhbərlik etdiyi dövrdə respublika rəhbərliyi dörd dəfə dəyişib. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə, o, böyük hörmətlə 10 il öz şərəfli missiyasını davam etdirib,1981-ci ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.
    Mehdi müəllim öz ərizəsinə əsasən 1980-ci il fevralın 24-də Azərbaycan maarif naziri vəzifəsindən azad edilib, həmin vaxtdan ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi məsləhətçisi olub. O, təqaüdə çıxdığı ilk gündən institutla əlaqələrini daha da genişləndirib, “Mühüm pedaqoji problemlər” mövzusunda elmi-nəzəri seminara rəhbərlik edib. Ayda bir dəfə keçirilən həmin seminarda respublikanın bütün pedaqoq alimləri, metodistləri və praktik müəllimləri iştirak edirdilər. Seminar məşğələlərində pedaqogika elminin ən aktual problemləri diqqət mərkəzinə gətirilirdi. Çox böyük fəallıq və işgüzar müzakirə şəraitində keçən seminar məşğələlərinə maraq daha da artırdı. Seminarın rəhbəri kimi bu sahədə çalışan tədqiqatçılara lazımi istiqamət verir, əməli kömək göstərirdi.
    Akademik M.Mehdizadə institutda elmi məsləhətçi işlədiyi illərdə qeyri-adi səmimiliyi, təvazökarlığı, geniş dünyagörüşü, sadəliyi ilə əməkdaşların böyük rəğbətini qazanmışdı. Onun həyatına, ömür yoluna, geniş pedaqoji fəaliyyətinə diqqətlə nəzər yetirdikdə görürük ki, o, həmişə səmərəli nəticə verən işlər görüb, pedaqoji fəaliyyətin bütün sahələrində öz dəst-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb edib, xoş təəssürat oyadıb. Müəllimliklə alimlik onun şəxsiyyətində daim vəhdətdə olub, bir-birini tamamlayıb. Altmış ildən çox bir müddətdə tükənməz enerji, gənclik həvəsi ilə yorulmadan elmi-pedaqoji fəaliyyət göstərən Mehdi müəllim tutduğu vəzifəyə məsuliyyəti, insanlara həssas münasibəti, qayğısı sayəsində daim pillə-pillə ucalıb, onu tanıyanların qəlbində özünə möhkəm yer tutub, unudulmaz xatirə, şəxsi nümunə qoyub gedib.
    M.Mehdizadə böyük alim, ictimai-siyasi xadim, müdrik şəxsiyyət olması ilə yanaşı, qayğıkeş ailə başçısı idi. O, işdə olduğu kimi, ailədə də öz tələbkarlığını şəxsiyyətə hörmətlə uzlaşdırıb, övladlarını da doğma xalqına layiq vətəndaş kimi böyüdüb. Bütün ömrü boyu sadəliyə üstünlük verən, təmtəraqdan həmişə uzaq olan Mehdi müəllim ömrünün sonunadək Qız qalasının yaxınlığındakı mənzilində yaşayıb. Təsadüfi deyil ki, vəfalı ömür gün yoldaşı Lətifə xanımla birgə böyüdüb boya-başa çatdırdıqları övladları da elm-maarif yolunu seçiblər. Oğlu Rafiq texnika elmləri doktoru, professor, qızı Zemfira pedaqoji elmlər namizədi, qızları Elmira və Nailə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentləri kimi atalarına layiq səmərəli fəaliyyət göstəriblər.
    Qədirbilən xalqımız və dövlətimiz hər zaman bu böyük insanın əməyini layiqincə qiymətləndirib, o, dövrün ən yüksək ordenləri ilə təltif olunub, beş dəfə (III, V, VI, VII, VIII çağırışlar) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, Xalq Maarifi sahəsində uzun illər səmərəli fəaliyyətinə görə dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib, “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi” (1981) fəxri adına layiq görülüb, Bakı şəhərindəki küçələrdən birinə, Gəncə şəhərindəki məktəblərdən birinə, Cəbrayıl rayonundakı bir nömrəli orta məktəbə, Beyləqan rayonundakı üç nömrəli şəhər orta məktəbinə akademik M.Mehdizadənin adı verilib və məktəbin qarşısında onun büstü qoyulub.
    Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqı 1995-ci ildə akademik Mehdi Mehdizadə adına mükafat təsis edib. Həmin mükafata layiq görülən pedaqoq, psixoloq alimlər, müəllimlərin bir çoxu Mehdi Mehdizadə irsini ləyaqətlə davam etdirirlər.
    Akademik M.Mehdizadə 1984-cü il mayın 1-də Bakı şəhərində vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub. Dünyasını dəyişməsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, səbirliliyi, təmkinliliyi, ədalətliliyi, xeyirxahlığı, obyektivliyi, prinsipial mövqeyi, dərin biliyi, geniş dünyagörüşü, güclü məntiqi, vaxtında düzgün qərar verə bilmək qabiliyyəti, halallığı ilə nümunəvi həyat yolu keçmiş bu böyük şəxsiyyətin adı bu gün də ölkə təhsil ictimaiyyəti arasında fərəhlə, iftixarla xatırlanır, dərin hörmətlə anılır.
     
     
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:19 YAP Masallı Rayon Təşkilatı aparatında “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir
    2. 12:47 Azərbaycan- Rusiya münasibətlərində qarşılıqlı inam və etimad çalarları güclənmişdir
    3. 21:00 Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir
    4. 16:58 Tüklə kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verildi
    5. 16:55 Şərəfə kəndində yeni məhəllə təbii qazla təmin olundu
    6. 16:51 Masallı RİH Başçısı 24.04.2024-cü il tarixdə Tüklə ərazisinin sakinləri ilə görüşdü
    7. 15:24 Prezident İlham Əliyevin Rusiya dövlətinə rəsmi səfərləri ölkələrimiz arasında dostluq və tərəfdaşlığa töhfələr verir
    8. 23:30 Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılışı baş tutdu
    9. 23:30 Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir
    10. 23:30 Masallı kitabxanasının 100 illik yubileyi
    11. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    12. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    13. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    14. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    15. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    16. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    17. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    18. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    19. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    20. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    21. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    22. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    23. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    24. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    25. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    26. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    27. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    28. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    29. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    30. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    31. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    32. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    33. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    34. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    35. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    36. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    37. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    38. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    39. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    40. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ