• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dünya evimizdən, kəndimizdən başlanır...

    Dünya evimizdən, kəndimizdən başlanır...

    Dünya evimizdən, kəndimizdən başlanır...


    Süleyman Əlisa belə deyir...


    - Söhbətimizə yaradıcılığınızın "kənd mərhələsi" ilə başlayaq. Bakıda ali təhsil aldıqdan sonra yenidən kəndə qayıdışınız nə ilə bağlı idi?

    - Hələ Bakı Dövlət Universitetində oxuyarkən ədəbi mühitdə fəallıq göstərirdim. Yaradıcı insanların əhatəsində idim, qəzetlərdə, jurnallarda şeirlərim çap olunurdu. Şəhər mühitinə də qaynayıb-qarışmışdım. Elə bil bir parça şəhərdim, bir parça kənd. Sanırdım ki, mənim ürəyimdə, qəlbimdə kəndimiz şəhərə köçüb. Orda elə bir ocaq var idi ki, odunun istisi şəhərə çatırdı. Orda elə bir bulaq var idi ki, burda da dodağım suyundan dadırdı. Bir dəfə də sözümü sındırmayan, hər nazımı çəkən, könül sazımı dilləndirən, üzü dağlara, gözü yollara baxan kəndimiz elə bil məni çəkirdi. Həmin dövrdə təkcə mən yox, bir çox yaradıcı insanlar kəndə can atırdı. Bundan əlavə o illərdə kəndlərdən şəhərə böyük insan axınının qarşısını almaq üçün təbliğat da aparılırdı. Mən isə ürəyimin diktəsi ilə kəndə qayıtdım. 25 il orada müəllim işləməklə bərabər, yaradıcılığımı da davam etdirdim.

    - Bəs kənd həyatı sizi Bakıdakı ədəbi mühitdən ayırmadı?

    - Bizim nəsil, yəni 80-cilər o zaman çox fəal idi. Elə mən də şeir-sənətlə nəfəs alırdım. Ona görə də paytaxtdakı ədəbi mühit üçün çox darıxırdım. Ayda bir və ya iki dəfə ədəbi dərnəklərdə iştirak etmək üçün şəhərə üz tuturdum. Beş il tələbə Süleymanı qoynunda saxlayan Bakı indi məni qonaq kimi qarşılayırdı. Gündə neçə dəfə keçib gəldiyim küçələr elə bil məni unutmuşdu. Elə dərnəklərdəki bəzi qələm dostlarımız da mənim kimilərə "əyalət şairi" kimi baxmağa başlamışdı. Buna baxmayaraq, kəndə qayıdıb gecələr xoruz banına qədər oturaraq Nazim Hikməti, Orxan Vəlini, Aşıq Ələsgəri (qoşmalarımdan xoşu gələn Vaqif Səmədoğlu yaradıcılığımın ilk illərində bunu mənə xüsusi tapşırmışdı) və digər yazarlarımızı mütaliə edirdim. Bəzi biganəlikləri görəndə düşünürdüm ki, sözümün canı varsa da, görünür kəsəri azdı... "Gözünə döndüyüm bu kəndin", "Bakı şəhərinə açıq məktub", "Papaq altda kişilər var" və bu kimi bir sıra şeirlərim məhz həmin dövrdə yarandı.

    - İlk kitabınız nə zaman işıq üzü gördü? 

    - O dövrdə şairlik iddiasında olanlar çox olmasa da, ədəbiyyata maraq böyük idi. Qəzet, jurnallarda çap olunmaq, kitab nəşr etdirmək daha çətin idi."Ulduz", "Azərbaycan" jurnallarında şeirlərimiz çıxanda yüzlərlə məktub alırdıq. Bir-birimizi oxuyurduq, uğuruna sevinirdik. Heç unutmaram, Musa Yaqub təzə çıxan şeir kitabının ilk nüsxəsini İsmayıllıdan mənə göndərəndə o qədər sevinmişdim ki... Məhz belə bir vaxtda - 1986-cı ildə "Durna yolu" adlı şeir kitabım müəllifin ilk kitabı seriyasından 5 min nüsxə buraxıldı və iki aydan sonra dostlara alıb hədiyyə vermək üçün dükanlarda kitab qalmamışdı. Onda yaradıcı insanlar yazmağa, yaratmağa həvəsli idi. 2001-ci ildə nəşr olunan "Haqq dünyası" adlı ikinci şeirlər kitabımdan isə Bakıda tək-tək adamın xəbəri olsa da, həmin kitab Rusiyadakı həmvətənlərimiz arasında geniş yayıldı. Mən indi də həvəsdən düşməmişəm. Ancaq bu gün şərtlər bir az başqadı.

    - Fəaliyyətinizin böyük bir hissəsini diasporla iş tutur. Bu ehtiyac və maraq hardan yaranıb?

    - Mən hər zaman azərbaycançılıq ideyalarına, milli - mənəvi dəyərlərimizə yüksək önəm vermişəm. Müstəqilliyimizin ilk illərində məlum səbəblərdən çətin günlər yaşayırdıq. Mənfur düşmənin uzun illər ərzində formalaşmış təbliğat maşını istər Rusiyada, istər digər xarici ölkələrdə xalqımızın əleyhinə geniş kampaniya aparırdı. Bütün bu çətinlikləri aradan qaldırmaq üçün milli birliyə nail olmaq lazım idi. Məhz bu səbəbdən diaspor işi ilə maraqlandım. Xüsusən Rusiyadakı həmvətənlərimizdən kömək almaq, onların bu sahədə fəaliyyətini öyrənmək üçün oraya üz tutdum. İnanırdım ki, günləri nə qədər xoş keçsə də, qürbət qürbətdi. Sankt Peterburqda Nizami Gəncəvinin abidəsinin açılışından sonra diasporumuzun fəal nümayəndələri ilə görüşən Ümummilli liderimiz Heydər Əliyev oradakı diasporumuzun fəaliyyətini tərifləyir, onların işini təqdir edirdi. Məhz buna görə mən də Rusiyanın şimal paytaxtındakı diasporumuzun fəal nümayəndələri ilə görüşmək qərarına gəldim. Elə ilk görüşdən onlar məni yaxşı qarşıladılar və bizim birgə fəaliyyətimiz başladı. Sonralar diasporumuzun gördüyü işlər haqqında respublika qəzetlərində silsilə məqalələrim çıxdı, 2003-cü ildə isə "Neva sahillərində görüşlər" kitabım rus və Azərbaycan dillərində çap olundu. 2001-ci ildə xarici ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə nail olmaq üçün Dünya Azərbaycanlılarının Birinci Qurultayının çağrılması Ulu Öndərimizin uzaqgörən siyasətinin nəticəsi idi. Sevinirəm ki, həmin qurultayın bölmələrinin birinin iclasında mən də öz sözümü dedim. Bu istiqamətdə fəaliyyətim sonralar da davam etdi. 2006-cı ildə 3 jurnalist həmkarımla birlikdə "Dünya azərbaycanlıları" kitabını (Azərbaycan və rus dillərində) ərsəyə gətirdik və həmin kitablar II qurultayın nümayəndələrinə hədiyyə edildi.

    - Qarabağ həqiqətlərinin və milli mədəniyyətimizin dünyaya çatdırılmasında diasporumuzun işini necə qiymətləndirirsiniz?

    - Xaricdə yaşayan həmvətənlərimizi düşünüb-daşındıran ən ağrılı məsələlərdən biri bütün xalqımızın rahatlığını əlindən alan Qarabağ problemidir. Soydaşlarımız müharibənin başladığı ilk günlərdən ermənilərin törətdikləri azğınlıqlara qarşı etiraz səslərini ucaltmış, bu məqsədlə aksiyalar keçirmiş, xarici ölkələrin səfirliklərinə müxtəlif üsullarla həqiqətləri çatdırmağa çalışmışlar. Əvvəllər Azərbaycanla əlaqəni möhkəmlətmək, operativ informasiya mübadiləsi yaratmaq, respublikamızda baş verən prosesləri olduğu kimi dünyaya çatdırmaq üçün müxtəlif cəmiyyətlər və mərkəzlər yaratdılar. Döyüş qabiliyyəti olan bir çox soydaşlarımız vətənə qayıdıb torpaqlarımızın müdafiəsinə qalxdılar. O zaman ürəyi Bakı ilə döyünən soydaşlarımızın respublikamıza ən kiçik töhfələri belə böyük amallara xidmət edirdi. Əsas problemlərdən biri də o idi ki, ilk vaxtlar xarici ölkələrdə yaşayan həmvətənlərimizin çoxu dövlət işlərinə o qədər də həvəs göstərmirdilər. Ən çox azad sahibkarlıqla məşğul olmağı seçir, necə deyərlər, gündəlik qazanca qane olurdular. Amma mənfur qonşularımız əvvəldən yaşadığı ölkələrdə müxtəlif partiyalarda təmsil olunmaqla öz səslərini eşitdirirlər. Son illərdə isə vəziyyət xeyli dəyişib. Diaspor Komitəsinin rəhbərliyi və soydaşlarımızın köməyi ilə bu istiqamətdə də bir çox uğurlara imza atılıb. Heydər Əliyev Fondunun, xüsusən Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Get-gedə formalaşan diasporumuz artıq Avropanın mərkəzində beynəlxalq konfranslar keçirir. Xarici ölkələrdə diasporumuzun nümayəndələri tərəfindən Novruz bayramı şənlikləri keçirilir, müxtəlif səpkili kitablar nəşr edilir, yaradıcı adamlarla görüşlər təşkil olunur. Bütün bunlar isə ölkəmizin adına şərəf gətirir. Mənim 2008-ci ildə Moskvada rus və Azərbaycan dillərində yüksək tirajla nəşr olunan "Moskvada Azərbaycan dünyası" kitabımda bu suala daha dolğun cavab tapa bilərsiniz.

    - Fəaliyyətinizin bir istiqaməti də türkçülük ideyalarının təbliği ilə bağlıdır...

    - Görünür, vətənpərvərlik, türkçülük mənim canımda, qanımdadır. Xəritəyə baxanda düşünürəm ki, necə olub bir ağacın kökündən qol-budaq atan biz türk xalqları bölgə-bölgə, el-el bölünüb bir-birimizdən uzaq düşmüşük? Cavab axtarılası suallar çoxdur. Ancaq həqiqət budur ki, uzun müddət sərhədlər bağlı olduğundan Cənubi Azərbaycandakı həmvətənlərimizlə, Türkiyədəki qardaşlarımızla əlaqələrimiz kəsilib. Xarici ölkələrə səfərlərim zamanı türkdilli qardaşlarımızla görüşəndə sevincim yerə-göyə sığmırdı. Tale elə gətirdi ki, 1995-ci ildə Tükiyədə keçirilən Uluslararası Corum Hitit Fuar və festivalındakı şeir yarışmasında laureat oldum. Həmin zaman İstanbulun Bələdiyyə başqanı olan Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan mənim şeirlərimi rəğbətlə dinləyirdi. Elə o vaxt tədbirdən sonra şeirlərimin mövzusuna uyğun olaraq Qarabağ məsələsində bizə yardımçı olacağını bildirdi. Burada türkdilli ölkələrdən olan gənc şairlərlə də dostlaşdım. 1996-cı ildə də Ankara şəhərində keçirilən türkdilli xalqların Novruz bayramı şənliklərində Mədəniyyət Nazirliyinin xətti ilə iştirak edib respublikamızı yüksək səviyyədə təmsil etdim. Orada biz türkdilli qardaşlarımızla öz ana dilimizdə danışır və bir-birimizi çox gözəl başa düşürdük. Bayram gecəsi TRT-nin "Axşama doğru" verilişində bir daha Qarabağ həqiqətləri haqqında danışdım. Həmin günlər Ankarada mənə çox sayğı göstərirdilər, bir çox tədbirlərə dəvət edilirdim. Azərbaycanlı tələbələr sevinclərini mənimlə bölüşmək istəyirdi. Çorumda olarkən şeirlərimə önəm verən Türkiyə Böyük Millət Məclisinin başqan vəkili Yasin Hətiboğlu tədbirlərin birində məni görüb şəxsi qonaq çağırdı. Qeyd edim ki, bu mənim hələ kənddə müəllim işlədiyim dövr idi.

    - Bəs "Təklə eli, tərəkəmə dünyası" adlı elmi-populyar kitabınız necə ərsəyə gəldi?

    - Bu kitab Azərbaycan xalqının etnik tarixinin öyrənilməsi baxımından maraqlı tədqiqat əsəridir. Kitabda etnogenezimizdə mühüm rol oynayan ən böyük tayfalardan birinin - Təklə tayfasının nümunəsində xalqımızın tarixi, etnoqrafiyası, folkloru və bu sahədə həmin tayfanın yeri və rolu, etnoqrafik özünəməxsusluğu, ədəbi-bədii yaradıcılıq xüsusiyyətləri geniş araşdırılır. Bundan əlavə, xalqımızın etnogenezində iştirak edən türk tayfalarının tarixi münasibətlərinin ümumi mənzərəsinə işıq salınır. Mən həftələrlə, aylarla kənd-kənd, ev-ev gəzərək həmin materialları toplamışam. Ümid edirəm ki, aranı dağa, dağı arana daşıyan, ürəkləri yurd yerlərinin həsrəti ilə çırpınan təklələrin - tərəkəmələrin ömür yolu, həyat yaşantıları, acılı-şirinli xatirələri yaddaşları təzələyəcək, oxucuda Vətənə, torpağa məhəbbət hissini daha da gücləndirəcək.

    - Araşdırmalarında azərbaycançılıq ideyalarının, türkçülüyün öyrənilməsi və geniş yayılmasına üstünlük verən Süleyman Əlisa üçün poetik yaradıcılıq, yazdığı şeirləri əsasən hansı hisslərin ifadəsidir?

    - Dünya mənim üçün evimizdən, doğulub boya-başa çatdığım kənddən başlayır. Əslində, sən ailəni, doğmalarını sevirsənsə, başqaları da sənin ürəyində sevgi hissi yaradacaq. Bu mənada müxtəlif xalqların nümayəndələri olan çoxlu dostlarım var. Əslində, mənim üçün ən əsası insan amilidir. Dünyanı gözəlləşdirən, "soyuq məzəra da zinət olan" İnsan! Ancaq məhz insanların yaratdıqları problemlər bu gün dünyanı məhv olmaq təhlükəsilə üzləşdirib. Halbuki dünya bizim hamımızın doğma evidir. Onu şeytanlardan, iblislərdən qorumalıyıq. "Məni ağır-yüngül eləmə, dünya", "Mən haqqa güvənmişəm", "Haqq dünyası", "Zəmanə adamına açıq məktub" və başqa şeirlərim məhz belə hisslərin təsiri altında yaranıb.

    Şahanə MÜŞFİQ.
    "525".



     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:09 Masallıda "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış" mövzusunda beynəlxalq elmi konfrans
    2. 17:06 Masallıda rayon rəhbərinin 08 may 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 12:13 Azərbaycan-Vyetnam arasında münasibətlərin inkişafı üçün yeni üfüqlər açılır
    4. 16:40 Masallının Banbaşı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    5. 16:37 Masallının Banbaşı kəndində rayon rəhbərinin 07 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    6. 15:47 Masallı şəhər 2 saylı tam orta məktəbində idman meydançasının açılış mərasimi
    7. 15:33 Masallıda Ağsaqqallar Şurasının illik hesabat konfransı - 2025
    8. 16:47 Ərkivanda “Göycə” yetişdirilir - MASALLIDA
    9. 12:36 “Musiqi dünyası”na elmi səyahət
    10. 16:53 Masallıda rayon rəhbərinin 01 may 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 20:23 Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon təşkilatının konfransı 
    12. 20:19 CƏNUBDA ƏN ÇOX BOŞANMA HALI HANSI RAYONDA QEYDƏ ALINIB? BOŞANMALARIN STATİSTİKASI AÇIQLANIB.
    13. 17:36 Masallıda abadlıq və xeyriyyə işləri – aprel 2025
    14. 17:34 Masallının yollarında təmir işləri davam etdirilir
    15. 17:33 Masallıda 07-30 aprel 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    16. 17:32 Masallıda şəhid ailələri və məzarlarını ziyarət - 07-30 aprel 2025-ci il
    17. 14:59 Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib
    18. 23:30 İki ölkə arasında əlaqələr dərin etimada və qarşılıqlı hörmətə əsaslanır
    19. 17:50 Masallıda ətraf mühiti çirkləndirənlər cərimə edildi
    20. 17:49 Masallıda növbəti əmək yarmarkası keçirilmişdir
    21. 16:47 İRAN - AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ YENİ SƏHİFƏLƏR
    22. 14:53 Tərlan Musayevanın “Ulu Öndərə mənəvi borcum” kitabı işıq üzü görüb
    23. 14:29 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibə beynəlxalq cəmiyyətdə böyük marağa səbəb olub
    24. 14:13 Azərbaycan-Çin arasında imzalanan sənədlər qarşılıqlı əlaqələri daha da möhkəmləndirəcək
    25. 23:30 İkitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edir
    26. 18:18 Masallıda aktiv xeyriyyəçilərin mükafatlandırılmasına başlanıldı
    27. 18:03 Masallıda minifutbol idman növü üzrə rayon turniri keçirilib
    28. 15:39 Nurlu ömür yolu
    29. 14:12 Masallıda 2025-cü ilin may ayına olan səyyar-görüş qəbulları barədə
    30. 09:46 Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir
    31. 23:30 Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib
    32. 16:41 Masallıda Rayon rəhbəri Şəhid analarını ziyarət etdi
    33. 16:38 Azərbaycana fəda edilmiş şərəfli ömür
    34. 16:34 Azərbaycan Prezidentinə yazırlar
    35. 23:30 Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan onun dilidir
    36. 17:34 Masallıda rayon rəhbərinin 24 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 16:05 Ələşrəf Niftiyevin "Deyək,Susmayaq " kitabının təqdimatı keçirilib
    38. 23:30 Dil bir xalqın ruhudur, kimliyidir
    39. 22:44 Masallıda rayon rəhbəri Ərkivan qəsəbə şəhidlər abidəsində
    40. 17:18 Masallıda rayon rəhbəri Babaser kəndində şəhid ailəsini ziyarət etdi
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ