“İsmayıl Osmanlı-120” adlı tədbir
- 13-04-2022, 14:44
- Maraqlı
- 0
- 383
Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti İsmayıl Osmanlının anadan olmasının 120 illiyi ilə əlaqədar “İsmayıl Osmanlı-120” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxana əməkdaşı Arzu Hüseynova görkəmli aktyorun həyat və yaradıcılığı haqqında məlumat verərək, onun 1902-ci il aprelin 11-də Şəkidə yoxsul bir ailədə anadan olduğunu bildirib. O, diqqətə çatdırıb ki, kiçik yaşlarından atasını itirən aktyor Şəki ipək fabrikində çalışaraq ailəni dolandırıb. Həyatın hər üzünü görən İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməsə də mükəmməl aktyor olmağı bacarıb.
Sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzə edərək bildirib ki, 1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılan aktyor 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. O, 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib. İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterinə görə bir-birindən fərqlənir. Görkəmli sənətkarın “Azərbaycanfilm”in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az