Главная > Maraqlı > Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlanmışdır

Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlanmışdır


12-10-2023, 10:10. Разместил: admin44


Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Ölkəmiz bu təşkilatın fəal üzvlərindən biri olmaqla, üzv ölkələrlə əlaqələrinin bütün istiqamətlər üzrə genişləndirilməsində maraqlıdır. Rəsmi Bakı İƏT üzvü olan bütün ölkələrlə qarşılıqlı iqtisadi münasibətlərin dərinləşməsinə, üzvlərin Təşkilatın nəhəng iqtisadi potensialından birgə yararlanmasına xüsusi önəm verir.
               
Əməkdaşlıq Təşkilatının Nazirlər üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla Azərbaycanı həm də Türk Dövlətləri Təşkilatı birləşdirir. Ölkələrin sıx əməkdaşlıq etdikləri daha bir müstəvi Asiyadan Avropaya yükdaşımaların ən səmərəli marşrutlarından olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin genişlənməsi üçün bütün iştirakçı dövlətlərlə, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstanla ən sıx əməkdaşlıq formatlarının yaradılmasının aktiv təşəbbüskarlarından biridir: “Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”.
               
Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Hindistandan malların İran üzərindən ölkəmizin ərazisinə, buradan isə Avropa və Rusiyaya ötürülməsini nəzərdə tutan Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təmin olunması üçün öz ərazisindəki infrastrukturun yaradılmasını sürətlə həyata keçirir. İranla sərhədə qədər dəmiryol xətti tam yenilənib, Azərbaycan Astarasından İran Astarasına yeni xətt çəkilib, dəmiryol körpüsü tikilib, İran Astarasında yük terminalları inşa olunub. Bundan əlavə, hazırda ərazidə avtomobil yolu körpüsünün tikintisi aparılır. Bakı həmçinin dəhlizlə daşımaların müddətinin kəskin azalmasına gətirib çıxaracaq Rəşt-Astara dəmiryol xəttinin tikintisində fəal iştirak edir.
               
Azərbaycan azad olunan ərazilərin bərpasını çox kiçik istisnalarla öz hesabına həyata keçirir. İndiyədək bu istiqamətə 7 milyard dollar ayrılıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən böyük quruculuq işləri bölgəyə qayıdacaq əhalinin məşğulluğunu təmin etmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin olunması üçün Cəbrayı və Ağdamda sənaye zonaları yaradır. Ərazidə işləyəcək şirkətlərə, mütəxəssislərə dövlət tərəfindən böyük güzəşt və imtiyazlar verilir.
             
Böyük Qayıdış proqramının uğurla icrası nəticəsində artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Növbəti üç ildə isə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaq.
             
Qeyd edək ki, ötən ilin iyulunda Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Ölkəmizdən Avropaya təbii qazla yanaşı, elektrik enerjisi və yaşıl enerjinin də ixracını nəzərdə tutan memorandumda nəzərdə tutulan müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub.
               
Avqustda istismara verilən “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarından əlavə indiyədək Kəlbəcər rayonunda 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 6,3 meqavat gücündə “Qamışlı” və 3,4 meqavat gücündə “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.
             
Beləliklə, Azərbaycan azad olunan əraziləri yaşıl enerji zonasına çevirmək üçün çox sürətli fəaliyyətlər həyata keçirir.



Paşayev Teymur,
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад