• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

    Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər


    Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

    Əvvəlcə Gürcüstanın Baş naziri mətbuata bəyanatla çıxış etdi.

    Baş nazir İrakli Qaribaşvilinin bəyanatı

    -Cənab Prezident.

    Hörmətli dostlar, qonaqlar.

    Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi burada səmimiyyətlə salamlayıram. Cənab Prezidentə təşəkkür edirəm ki, bu gün Gürcüstana səfərə gəlib.

    Ölkələrimiz arasında olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığımızın gündəliyi Sizin səfərinizin əhəmiyyətini vurğulayır. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür. Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq.

    Bu gün bizim çox vacib görüşümüz oldu, müxtəlif məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığı bir daha vurğuladıq. Biz hazırda dünyada baş verən prosesləri müzakirə etdik və razılığa gəldik ki, bu gün Ukraynada baş verən hadisələr məhz danışıqlar yolu ilə həll edilməlidir.

    Onu da nəzərdən keçirdik ki, dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu, həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir.

    Bununla yanaşı, biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik.

    Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm.

    Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.

    Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.

    Cənab Prezident, bir daha təşəkkür edirəm.

    x x x

    Sonra dövlətimizin başçısı bəyanatla çıxış etdi.

    Prezident İlham Əliyevin bəyanatı

    -Hörmətli cənab Baş nazir.

    Hörmətli xanımlar və cənablar.

    İlk növbədə, cənab Baş nazir, ölkənizə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz Gürcüstanın bu gözəl yerində görüşürük, çox gözəl mənzərəli yerlərdir. Eyni zamanda, küləkdir, sanki Bakı küləyidir. Bu, onu göstərir ki, külək də bu gün bizim burada olmağımızı alqışlayır. Yəni, mən doğrudan da özümü evimdəki kimi hiss edirəm. Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam.

    Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük. Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.

    Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Cənab Baş nazir qeyd etdiyi kimi, bu gün bir çox məsələlər müzakirə olundu. Hələ müzakirələr davam edəcək. Əlbəttə ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində idi. İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.

    O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var.

    Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Əlbəttə, təbii ki, bizim ixrac istiqamətimiz Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Yəni, bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir və bu, çox böyük rəqəmdir. Əlbəttə ki, bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Burada Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Yəni, bir sözlə, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var - enerji resursları, nəqliyyat dəhlizləri.

    Onu da bildirməliyəm ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq. Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir.

    Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz, xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət durur. Odur ki, mən bu gözəl fürsətə görə, məni bu gözəl yerə dəvət etdiyi üçün hörmətli Baş nazirə bir daha təşəkkürümü bildirmək istəyirəm, dost, qardaş gürcü xalqına daim firavanlıq, rifah və sülh arzulayıram. Sağ olun.







    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    2. 15:46 Masallı DAİM-də dəyirmi masa
    3. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    4. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    5. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    6. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    7. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    8. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    9. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    11. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    12. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    13. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    14. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    15. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    16. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    17. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    18. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    19. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    20. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    21. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    22. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    23. 23:30 22 iyul Milli Mətbuat günü
    24. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    25. 23:00 22 iyul Milli Mətbuat Günü 
    26. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    27. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    28. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    29. 11:06 Azərbaycan mətbuatı – 150
    30. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    31. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    32. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    33. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    34. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    35. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    37. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    38. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    39. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    40. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ