Rayon rəhbəri Musaküçə kəndində II Qarabağ müharibəsi iştirakçısını ziyarət edib
04 avqust 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin iştirakı ilə II Qarabağ müharibəsi iştirakçısı Babayev Tofiq Rafiq oğlunu səhhəti ilə əlaqədar yaşadığı evdə ziyarət edib.
Görüş zamanı II Qarabağ müharibəsi iştirakçısının sağlamlıq vəziyyəti ilə yaxından maraqlanılıb, müalicə prosesi, sosial-məişət şəraiti və ailəni narahat edən məsələlər dinlənilib. Rayon rəhbəri dövlət tərəfindən II Qarabağ müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl şəkildə davam etdirildiyini bildirib.
Babayev Tofiq Rafiq oğlu və ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, rayon rəhbərinin ziyarətini və səmimi münasibətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və II Qarabağ müharibəsi iştirakçıları mütəmadi olaraq ziyarət edilir, onların müraciətlərinə operativ baxılması, sosial problemlərinin həlli və rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
































