Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
01 oktyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti Aparatının Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Zahid Sadıxov açaraq “Şəhərsalma və Memarlıq İli”nin şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının, müasir və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasının təşviqi baxımından əhəmiyyətindən danışıb.
Sonra Masallı Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq-tikinti məsələləri sektorunun aparıcı məsləhətçisi Elşən Abiyev mövzu ilə bağlı çıxış edib. Çıxış zamanı tikinti işlərinin mövcud qanunvericiliyin, şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, tikinti işlərinin müəyyən edilmiş qaydalara uyğun aparılması şəhər və kənd yaşayış məntəqələrinin planlaşdırılmasının düzgün təşkili, əhalinin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin və memarlıq simasının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, qanunsuz tikintilərin qarşısının alınması və bu sahədə nəzarətin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tədbirdə şəhərsalma və tikinti sahəsində mövcud tələblərə əməl olunması, tikinti işlərinə başlamazdan əvvəl qanunvericiliklə müəyyən edilmiş prosedurların yerinə yetirilməsi və qanunsuz tikintilərə yol verilməməsi ilə bağlı maarifləndirici məsələlər müzakirə olunub.
Sonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərsalma və memarlıq sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasının, müasir şəhərsalma prinsiplərinin tətbiqinin və tikinti işlərinin müəyyən edilmiş norma və qaydalara uyğun həyata keçirilməsinin vacibliyi vurğulanıb.
































