Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı

08 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Çaxırlı kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Bağırov Namiq Nurəddin oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri Nəsib Bağırov, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid Namiq Bağırovun məzarını ziyarət edib, məzarına gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.
Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.































