Qırx ilə bərabər bir gün
- 26-10-2023, 18:26
- Maraqlı
- 0
- 267
XX əsrin ən romantik peşələrdən biri pilot peşəsi hesab edilir. Hava gəmisinin sükanı arxasına keçib iş gününü buludların üzərində keçirmək, dünyanı əngin səmalardan müşahidə etmək və daim səfərlərdə olmaqdan romantik nə ola bilər. Elə ona görə də pilot olmaq İlham Əmirov üçün də möhtəşəm bir arzu idi. Bu arzunun ünvanına çatmaq üçün tez böyümək, orta təhsilini əla qiymətlərlə başa vurub attestat almağa tələsirdi. Özünün ideal planlarını qurmuşdu və bu yolda yorulmaq bilmədən oxuyur və çalışırdı.
Çox keçmədi ki, İlham 1976–1979-cu illərdə Belarusiyanın paytaxtı Minskdə Aviasiya Mühəndisliyi Məktəbini, 1980–1984-cü illərdə isə Ukraynadakı Ali Aviasiya Akademiyasını fərqlənmə diplomları ilə bitirdi. Bundan sonra pilot kimi mülki aviasiyada fəaliyyətə başladı. Mavi səmanın gözəlliklərini seyr etmək özgə bir zövq idi. Başqa bir dünyanın ləzzətini yaşadan uçuş sükanın arxasında, o özünü, sözün həqiqi mənasında, quş kimi hiss edirdi. Zaman ötdükcə ilk vaxtlar keçirdiyi həyəcandan əsər-əlamət belə qalmırdı.
–Elə ki, idarə etdiyin təyyarə havaya qalxır bütün qayğılar yoxa çıxır və uşaqlıqda maraqla dinlədiyin “Uçan xalça”nın nağılı reallığa çevrilir, – deyə İlham Əmirov pilot həyatından aldığı zövqü sözlə daha gerçək təsəvvür etməyə çalışır. – Qəlbində bir yüngüllük hiss edirsən, elə bil o öz-özünə, heç bir texnika olmadan uçursan...
Uçuşlara başladığı ötən əsrin səksəninci illərində onun arzularına rəğmən qurduğu planlarda ölkəsinin həqiqi vətəndaşı kimi xalqına və millətinə xidmət etmək əsas xətt idi. Lakin Tanrı İlhamı onun özünün ağlına belə gəlməyən daha böyük bir missiya üçün hazırlayırdı. Elə bir missiya ki, xalqının və Vətəni Azərbaycanın taleyi bu missiyanın uğurla yerinə yetirilməsindən çox asılı olacaqdı.
– SSRİ dağılandan sonra sanki romantika da bitdi. Azərbaycanda vəziyyət günü-gündən ağırlaşırdı, – deyə İlham Əmirov düz 30 il əvvələ, Azərbaycanın xaos yaşadığı illərə qayıdır. – Axı biz pilotlar sakit səma aşiqləriyik. Doğrudur, bəzən səmada da təbiətin şıltaqlıqları ilə qarşılaşırsan. Güclü küləklər, ildırımlar, hava boşluqları, tufan və qasırğalar sənə mane olmağa çalışır. Amma sən peşəkarsansa, bunlar səni heç vaxt qorxutmur... Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra isə biz səmada deyil, doğma Vətəndə çox böyük bəlalarla üz-üzə qaldıq. 10 min metr yüksəklikdə uçanda heç nəyi vecinə almayan biz pilotlar, yerdə baş verənlərdən qorxmağa başladıq...
1993-cü ildə İlhamı qorxudan yenicə müstəqilliyinə qovuşan Azərbaycanın düşdüyü ağır vəziyyət idi. Bir tərəfdən Ermənistanın ölkəyə təcavüzü, digər tərəfdən hakimiyyətdəki xaos və özbaşınalıq Azərbaycanı fəlakətə sürükləyirdi. Belə bir vaxtda xalq arasında Heydər Əliyevin hakimiyyətə dəvət olunması sürətlə ümummilli xarakter alırdı. Hakimiyyətin təpkilərinə, təzyiqlərinə baxmayaraq, artıq küçə və meydanlarda “Heydər baba, xalq Səni çağırır!” kimi çağırışlar açıq-açığına daha gur səslənməyə başlayırdı. Gəncədə baş verən hadisələrdən sonra hakimiyyət böhranı sürətlə dərinləşməyə başlayanda isə xalqın bu təkidli tələbləri daha açıq və geniş xarakter aldı.
İyunun əvvəllərində çıxılmaz vəziyyətə düşən Azərbaycan rəhbərliyi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmək məcburiyyətində qaldı. Ulu öndərlə aparılan danışıqlar və xalqın təkidli tələbləri onu Azərbaycanın taleyinə laqeyd qoya bilməzdi. Hamı başa düşürdü ki, belə bir vaxtda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın yeganə xilas yoludur. Bunu istəməyən isə Azərbaycana diş qıcıyan Ermənistan və ona himayədarlıq edən ölkələr idi.
AXC hakimiyyəti qəti qərar qəbul etdi: Heydər Əliyev Bakıya gəlməlidir. 1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirmək üçün “Tu-134” mülki təyyarəsi Naxçıvana yola düşməli idi. Bu sadə bir reys deyildi və hər pilota da etibar edilə bilməzdi. Belə bir məqamda seçim 10 il fasiləsiz uçuş staji olan, yüksək səviyyəli və təcrübəli pilot “Azərbaycan Hava Yolları” QSC-nin uçuş dəstəsinin komandiri İlham Əmirovun bəxtinə düşdü.
İlham bu xəbəri eşidəndə sevincinin həddi-hüdudu yox idi. Çünki o zaman gənc olmasına baxmayaraq, xalq arasında dillər əzbəri olan Heydər Əliyev əfsanəsi haqqında çox eşitmiş və elə bu eşitdikləri ilə də Ulu Öndərə qəlbində sonsuz sevgi yaranmışdı. İndi isə bu böyük şəxsiyyəti od-alov içində çapalayan Azərbaycanın döyünən ürəyi Bakıya gətirəcək təyyarənin sükanı arxasında oturmaq ona – pilot İlham Əmirova həvalə edilmişdi. Ani sevincdən sonra təyyarənin Naxçıvana və geri uçuşunun Ermənistan hava məkanı üzərindən keçəcəyini biləndə son dərəcə həyəcanlanmışdı. Təyyarə uçuşa hazırlanmağa başlayandan bütün prosesə özü nəzarət edir, xirda detalları belə şəxsən özü yoxlayır, dəmir qanadlı bu nəhəng maşının çətin məqam yaranarsa, sınaqdan üzüağ çıxmasına arxayın olmaq istəyirdi.
Təyyarə uçuş xəttindən havaya qalxandan İlhamın diqqəti nə qədər idarəetmədə olsa da, fikri geriyə qayıdışı hansı hava məkanından həyata keçirəcəyi ilə bağlı idi. İndi o başa düşürdü ki, bir neçə saatdan sonra təyyarəsində Azərbaycanın taleyini dəyişəcək və xalqının xilasına tələsən çox qiymətli bir sərnişin olacaq. Bu sərnişini isə xətasız və xətərsiz Bakıya çatdırmaq məsuliyyəti onun üzərinə düşürdü. Təyyarə Naxçıvana enməmiş İlham geriyə qayıdışın bir neçə hava məkanı marşrutunu götür-qoy edirdi. Ermənistanın üzərindən uçanda geriyə bu yolla qayıtmağın çox qorxulu nəticələr verə biləcəyi düşüncəsinə hakim kəsildiyi üçün heç zaman olmayan qədər həyəcan keçirdi və alnından soyuq tər damcıları göründü.
– Günortaya yaxın təyyarəni Naxçıvan Hava Limanında yerə endirdik, – deyə İlham Əmirovun, tarixin o gərgin anlarını təkrar yaşayırmış kimi baxışları ciddi bir görkəm aldı. – Naxçıvan Hava Limanında gördüklərimiz məni bir qədər də həyəcanlandırdı. Vəziyyət indi sizin təsəvvür edə biləcəyinizdən çox-çox gərgin idi. Bakıda olduğu kimi, Naxçıvanda da bir-birinə tabe olmayan silahlı dəstələr var idi və onlar hər an toqquşa bilərdilər. Amma Bakıdakından fərq bircə onda idi ki, Naxçıvanda Heydər Əliyevin nüfuzu və ona olan inam çox böyük idi və onun əleyhinə çıxanlar xalqın bu sevgisindən qorxurdular. Buna baxmayaraq, Bakıdakı başçılarından tapşırıq alan bəzi qüvvələr hər vəchlə Heydər Əliyevin Bakıya qayıdışına mane olmağa cəhd edirdilər. Hava limanında da belələri az deyildi və əllərində silah var-gəl etməkdə, Bakıdan gələn təyyarəni və onun salonundan düşən insanları, xüsusilə pilotları zəhmli baxışlarla süzüb nəzarətdə saxlamaqda idilər.
Onlardan biri mənə yaxınlaşıb çox acıqlı-acıqlı soruşdu: “Kimi aparmağa gəlmisiniz?” Təbii ki, mən bu suala cavab vermək səlahiyyətində deyildim və olsaydım belə dəqiq cavab verməyəcəkdim. Çox təmkinlə bildirdim ki, “kimlər təyyarəyə minsə onları da apararıq”. Bu yerdə ürəyim dolu olsa da, son dərəcə soyuqqanlı davranmaq lazım gəldiyini və artıq nəsə deməyin düzgün olmadığını başa düşürdüm...
Bir qədər sonra hava limanında canlanma yarandı. Yerli polis orqanlarının nümayəndələri lazımi mövqelərini tutdular. Yalnız bundan sonra qara rəngli “Volqa” “Qaz-24” markalı maşın birbaşa təyyarənin dayandığı yerə yaxınlaşdı. İlhamın gözləri sevincdən parlamağa başladı. Amma sayıq olmaq lazım gəldiyi üçün təyyarənin ətrafını gözdən qoymur, köməkçi pilota da gözü ilə işarə edirdi ki, nəzarəti itirməsin. Heydər Əliyev avtomobildən düşüb onu müşayiət edən bir neçə nəfərlə “trapa” yaxınlaşdı və burada onlardan bəziləri ilə sağollaşıb təyyarəyə qalxdı. İndi artıq Xilaskar salonda yerini tutmuşdu, amma onun Bakıya qədər təhlükəsiz uçmasına tam təminat yox idi.
İlham Əmirov təyyarəni səmaya qaldırandan sonra hələ Bakıdan Naxçıvana uçarkən düşündüyü marşrutların hansının daha təhlükəsiz olacağını bir də təhlil etdikdən sonra, qəti qərara gəldi ki, Naxçıvan – Bakı reysinin ənənəvi marşrutu olan Ermənistan hava məkanından uçmaq, həmçinin Gəncənin üzərindən keçmək çox təhlükəlidir. Nədənsə, yaddaşında Ermənistanda zəlzələ olarkən Azərbaycan təyyarəsinin qəzaya uğraması, Qarakənddə Azərbaycanın bir çox rəhbər şəxslərinin olduğu vertolyotun raketlə vurulması hadisələri canlandı. Bu erməni canilərindən, ondan heç də geri qalmayan daxili xəyanətkar qüvvələrdən nə desən gözləmək olardı. Ermənilər Heydər Əliyevin Bakıya hakimiyyətə qayıdışının onlar üçün istər beynəlxalq aləmdə, istərsə cəbhə xəttində hansı nəticələrə səbəb olacağını yaxşı bilirdilər. Onlar Heydər Əliyevin təyyarədə olduğunu bilsəydilər, təyyarəyə qarşı terror aktından belə çəkinməyəcəkdilər. İstisna deyildi ki, bu barədə onlara Azərbaycandakı xəyanətkar qüvvələr tərəfindən məlumat da sızdırıla bilərdi. Amma bunların xofu azərbaycanlı pilotun əzminə təsir etmədi. Bu anlarda, o, bir amal naminə ağlının və biliyinin daha dərin qatlarını işə salmışdı: Azərbaycanın, xalqının Xilaskarı və son ümidi olan Heydər Əliyevi Bakıya xətərsiz, xətasız çatdırmaq naminə hər şeyə hazır idi.
İlham Əmirov idarə etdiyi “Tu-134” laynerinin diqqəti cəlb etməməsi üçün, seçdiyi marşrutla bağlı lazım olan tədbirləri gördükdən sonra, təyyarənin rabitə sistemini söndürdü. Təyyarəni İran istiqamətinə yönəldərək Azərbaycanın cənub sərhədlərindən Bakıya istiqamət götürdü. Ermənistanın müvafiq aviasiya qurumları Azərbaycan mülki aviasiyasının marşrutu belə dəyişməsindən çaşıb qalmışdılar. Təyyarənin komandiri İlham Əmirova ard-arda suallar verir, nəsə dəqiqləşdirmələr aparmaq istəyirdilər. Amma komandir onlara hansı cavabları verəcəyini yaxşı bilirdi. Ermənistan tərəfdən təhlükə sovuşandan sonra artıq onların sualları belə cavabsız qaldı.
Beləliklə İlham Əmirov ilk baxışdan çox sadə, ancaq salonunda çox dəyərli bir şəxsiyyətin olduğu və bu səbəbdən son dərəcə gərgin bir marşrutla reysə çıxan təyyarəni Bakıya çatdırır və hava limanında uğurla eniş edir. Eniş etmək isə onun üçün elə də çətin bir iş deyildi.
Əslində, Bakıda da hər şey onun istədiyi kimi deyildi. Ona görə də Heydər Əliyevə qarşı Bakı Hava Limanında da təxribat ola biləcəyini nəzərə almışdı və bundan çıxış yollarını belə planlaşdırmışdı. Özü bu planını belə açıqlayır:
– Düşünürdüm ki, əgər təyyarəyə hücum olarsa “Tu-134”-ün texniki imkanlarından, elə laynerin qaz-tüstü sistemindən istifadə edərək, baş verə biləcək təhlükəni dəf etməyə hazır olaq. Lakin çox şükürlər olsun ki, buna ehtiyac qalmadı. Heydər Əliyevi qarşılamağa gələn həqiqi vətənpərvər oğlanların qətiyyəti sayəsində böyük Xilaskar öz missiyasını yerinə yetirmək üçün mərkəzə, öz postuna doğru istiqamət götürdü...
Bundan sonra İlham Əmirovun təyyarə komandiri kimi uçuş tarixçəsində çox reyslər olub. Ulu öndər Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz bu günlərdə 40 ilə yaxın uçuş təcrübəsi olan peşəkar pilotumuzdan ən çox yadda qalan uçuşu soruşanda düşünmədən dedi: “9 iyun 1993-cü ildə “Tu-134” təyyarəsində həyata keçirdiyim Bakı–Naxçıvan–Bakı reysi həyat tarixçəmə qızıl hərflərlə yazılıb. Bu, həyatımın 40 ilinə bərabər bir gün idi. Çünki bu uçuşumla mən Bakıya Azərbaycanın xilaskarını, müstəqilliyimizin memarını və dövlətçiliyimizin qurucusu, ulu öndər Heydər Əliyevi gətirmişəm. ”
Təbii ki, İlham Əmirovun mülki aviasiyadakı fəaliyyəti təkcə bu faktla qeydə alınmayıb. O, 40 illik pilot fəaliyyətinin 33 ilini xüsusi əhəmiyyətli dövlət uçuşlarını həyata keçirib. Bu isə o deməkdir ki, İlham Əmirov bu müddətdə dövlət başçısının sərnişini olduğu Azərbaycanın “1 nömrəli uçuş gəmisinin” pilotu və komandiri olub. Bununla yanaşı, o, 30 il əvvəlcə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktor müavini, qurumda struktur dəyişikliklərindən sonra isə “AZAL” QSC-nin vitse-prezident vəzifəsində çalışıb, 30 ilə yaxın uçuş işlərinə rəhbərlik edib.
İlham Əmirovun peşəkar kimi fəaliyyətinin bir göstəricisi də ondan ibarətdir ki, o, Azərbaycan Mülki Aviasiyasında istismarda olan bütün hava nəqliyyat gəmilərini çətinlik çəkmədən idarə edib və bir çoxlarının ilk azərbaycanlı pilotu hesab edilir. Belə ki, 2003-cü ildə Azərbaycana ilk “Aerobus -320” sərnişin hava gəmisini, 2010-cu ildə isə ABŞ-ın Sietl şəhərindən ilk “Boing-767” sərnişin təyyarəsini 14 saatdan artıq idarə edərək Bakıya gətirən məhz İlham Əmirov olub.
Bütün bunlarla yanaşı, pilotumuzun əmək fəaliyyətinə yazılan 40 illik uçuş müddətində bir dəfə də olsun hər hansı insident, uçuş qaydalarının pozulması və sair nöqsanlara yol verməməsi də xüsusi qeyd ediləsi göstəricilərdəndir.
Uçmaq həvəsinin heç zaman sönmədiyini bildirən ustad pilotumuz təəssüflə bildirir ki, bu il 65 yaşı tamam olduğu üçün Beynəlxalq Mülki Aviasiya (İKAO) standartlarının tələblərinə görə, uçuş fəaliyyətini dayandırıb. Pilotumuzun bu xəbəri çox təəssüflə dediyi üçün ixtiyarsız olaraq soruşuram:
– Deyirlər, heç olmasa, bir dəfə təyyarə sürən insanlar bir də heç zaman göydən yerə enmirlər. Bu doğrudurmu?
Gülür və belə cavab verir:
– Bilirsiz, yenidən uçmaq üçün hamı yerə qayıdır, səmanın ənginlikləri adamı daim çəkir. İndi mən artıq təyyarə idarə etmirəm, ancaq əllərim sükan üçün ağlayır...
Məhərrəm SƏFƏRLİ,
Zərdabi mükafatı laureatı
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az