Главная > Maraqlı > Masallıda “Xocalıya qayıdış” adlı tədbir
Masallıda “Xocalıya qayıdış” adlı tədbir25-02-2025, 18:08. Разместил: admin44 |
Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsi, Masallı rayon üzrə idman və gənclər sektoru, Masallı “Gənclər Evi” sosial xidmət müəssisəsi və Masallı Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı 33-cu il dönümü ilə əlaqədar “Xocalıya qayıdış” adlı tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumlarının nümayəndələri, müharibə iştirakçıları, gənclər və tələbələr iştirak edib. İlk öncə Xocalı soyqırımı qurbanlarının və vətənin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Xocalı soyqırımı və bu faciə ilə bağlı fikirlərini bölüşərək erməni qəsbkarlarının xalqımıza qarşı amansız divan tutmalarından danışdı. Sonra Masallı Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Günay Xəlilova mövzu ilə bağlı geniş məruzə edib. Daha sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Zamin Məmmədov, Masallı rayon üzrə idman və gənclər sektorunun müdiri Sabiq Cahangirov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsinin rəisi Elvin Hüseynli və başqaları çıxış edərək vurğuladılar ki, bu gün burada təkcə Xocalı şəhidlərinin yad etmək üçün deyil, həm də haqq- ədalətin bərpası uğrunda keçdiyimiz çətin, lakin qürurlu yolu bir daha xatırlamaq üçün toplaşmışıq. Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Yekunda tədbir iştirakçıları muzeydə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan foto sərgi ilə tanış oldular. ![]() ![]() ![]() ![]() ![]() ![]() #XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət
Вернуться назад |