Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ

    Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ


    Böyük Britaniyada çalışan gənc azərbaycanlı həkim Heydər Məmmədli hazırda Nottinqam şəhərindəki “Queen’s Medical Centre” xəstəxanasında rezident-həkim kimi fəaliyyət göstərir. Ankara Universitetinin Tibb fakültəsində təhsil aldıqdan sonra ixtisaslaşmaq və fərqli səhiyyə sistemində təcrübə qazanmaq məqsədilə Böyük Britaniyaya üz tutan Heydər Məmmədli gələcəkdə klinik fəaliyyətini elmi-tədqiqat və tədrislə birləşdirməyi, qazandığı bilik və təcrübəni Azərbaycanda tətbiq etməyi planlaşdırır.

    AZƏRTAC-a müsahibəsində Heydər Məmmədli Böyük Britaniyada həkim kimi fəaliyyətə başlamaq üçün keçdiyi mərhələlərdən, NHS sisteminə uyğunlaşma prosesindən, rezident-həkimlərin iş şəraitindən, eləcə də bu yolu seçmək istəyən azərbaycanlı gənclərə tövsiyələrindən danışıb.

    - Tibb təhsili almağa nə zaman qərar verdiniz və bu seçimə sizi nə motivasiya etdi?

    - Tibbə marağım uşaqlıqdan yaranıb. Ailəmizdə həkimlik ənənəsi var və hər iki babam həkim olub. Babalarımdan biri – Xanoğlan Kazımov pediatr olub və uzun illər Masallı rayonunda uşaq xəstəxanasına rəhbərlik edib. Digər babam Nadir Məmmədov isə dəri-zöhrəvi xəstəlikləri üzrə fəaliyyət göstərib.

    Uşaqlıqdan tibbi söhbətlərin və həkimlik mühitinin içində böyüməyim bu sahəyə marağımın erkən yaşlarda formalaşmasına səbəb olub. Zaman keçdikcə həkim olmaq istəyim mənim üçün daha da dəqiqləşdi.

    - Universitet təhsilinizi harada almısınız? Böyük Britaniyada həkim kimi işləmək qərarına necə gəldiniz?

    - Tibb təhsilimi Türkiyənin paytaxtı Ankara şəhərində, Ankara Universitetinin Tibb fakültəsində almışam. 2016-cı ildə universitetə daxil olmuşam, 2022-ci ildə isə məzun olmuşam.

    Böyük Britaniyanı seçməyimin tək bir səbəbi olmayıb. Mühitimi dəyişmək, özümü fərqli səhiyyə sistemində sınamaq və peşəkar olaraq bir addım da irəli getmək istəyirdim. İxtisaslaşmaq üçün azərbaycanlı və türkiyəli gənc həkimlərin daha çox üz tutduğu ölkələr arasında Almaniya, Böyük Britaniya və ABŞ var. Mən ingilis dilini məktəb illərindən bilirdim. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycana ABŞ ilə müqayisədə daha yaxın olması, ailəmlə və ölkəmlə əlaqəni daha rahat saxlamaq imkanının olması da seçimimdə rol oynadı.

    - Türkiyə diplomu ilə Böyük Britaniyada həkim kimi fəaliyyət göstərmək üçün hansı mərhələlərdən keçmək lazımdır? Sizin üçün bu proses nə qədər vaxt apardı?

    - Bu proses yalnız Türkiyə diplomuna aid deyil. Xaricdə tibb təhsili almış həkimlər üçün ilk mərhələlərdən biri ingilis dili biliyini təsdiqləməkdir. Bunun üçün IELTS və ya OET – Occupational English Test imtahanlarından biri verilir. Daha sonra PLAB 1 və PLAB 2 imtahanlarını uğurla keçmək tələb olunur.

    Bu mərhələlərdən sonra Böyük Britaniyada həkim kimi fəaliyyət göstərmək üçün “General Medical Council”a (GMC) müraciət edilir. Müvafiq tələblər yerinə yetirildikdən sonra həkimlik qeydiyyatı əldə olunur.

    Mənim üçün bu proses təxminən bir il çəkdi. Dil imtahanına daha çevik şəkildə müraciət etmək mümkündür, lakin xüsusilə PLAB imtahanlarında yer tapmaq bəzən vaxt apara bilir. Buna görə bütün prosesi başa çatdırmaq üçün təxminən bir il və ya daha artıq müddəti nəzərə almaq daha realdır.

    - İlk dəfə Böyük Britaniyada xəstəxanada işə başlayanda sizin üçün ən böyük fərq nə oldu?

    - Mənim üçün ən böyük fərqlərdən biri həkimin rolunun yalnız gündəlik klinik işlərlə məhdudlaşmaması idi. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində (NHS) xəstələrin müayinə və müalicəsi ilə yanaşı, auditlərdə, keyfiyyətin yaxşılaşdırılması layihələrində, akademik fəaliyyətlərdə və klinik idarəetmədə iştirak da həkimin işinin bir hissəsi hesab olunur. Bu sistem mənim üçün yeni idi. Çox çətin olduğunu deməzdim, amma fərqli iş prinsiplərinə tam uyğunlaşmağım bir neçə ay vaxt aldı.

    - Hazırda Nottinqamda rezident-həkim kimi fəaliyyətiniz necə qurulub?

    - Bizim xəstəxanada rezident-həkimlərin fəaliyyəti əsasən dördaylıq rotasiyalar şəklində təşkil olunur və iş proqramımız əvvəlcədən planlaşdırılır. Bəzi günlər şöbədə çalışır, xəstələri konsultant və daha təcrübəli həkimlərlə birlikdə qiymətləndirir, lazım olan müayinə və müalicələrin həyata keçirilməsini təmin edirik.

    Əməliyyatxana günlərində konsultantlarla birlikdə əməliyyatlarda iştirak edir, həm kömək edir, həm də praktiki təcrübə qazanırıq. Klinika günlərində isə ambulator xəstələri qiymətləndiririk. Bununla yanaşı, mütəmadi tədris günlərimiz də olur və həmin günlər bilik və praktiki bacarıqlarımızın inkişafına ayrılır.

    - Xarici həkim kimi NHS sisteminə uyğunlaşmaq çətin oldumu?

    - Çox çətin olduğunu deməzdim, amma sistem fərqli olduğuna görə uyğunlaşmaq müəyyən vaxt tələb etdi. Mən Türkiyədə rezident kimi çalışmamışam, lakin tibb təhsilimin son ilində intern həkim olmuşam. Oradakı təcrübəmlə müqayisədə NHS-də klinik fəaliyyətlə yanaşı, akademik işlərə, auditlərə, keyfiyyətin yaxşılaşdırılmasına və ümumilikdə klinik idarəetməyə daha çox önəm verildiyini gördüm.

    Sistemin iş prinsiplərini və həkimdən gözləntiləri tam anlamağım bir neçə ay çəkdi.

    - Böyük Britaniyada həkimlərin iş yükü və növbə sistemi necədir?

    - Böyük Britaniyada həkimlərin əsas iş həftəsi təxminən 40 saatdır. Rezident-həkimlərin iş yükü isə növbələr də nəzərə alındıqda orta hesabla təxminən 50 saata çata bilir. Növbələrin sayı və müddəti ixtisasdan asılı olaraq dəyişir.

    Gecə növbələri adətən uzun olur və bəzi ixtisaslarda gecə işi daha çoxdur. Məsələn, təcili yardım və cərrahi sahələrdə gecə növbələri daha sıx ola bilər. Rotasiyadan asılı olaraq bir ay ərzində təxminən 4, bəzən isə 7-8 gecə növbəsi ola bilər.

    - Böyük Britaniyada həkim olmaq istəyən azərbaycanlı gənclərə ilk olaraq nədən başlamağı tövsiyə edərdiniz?

    - Ən vacib tövsiyəm odur ki, hələ Tibb fakültəsində oxuyarkən yalnız imtahanlara deyil, portfoliolarının formalaşdırılmasına da diqqət etsinlər. Çünki Böyük Britaniyada ixtisaslaşma prosesində yalnız imtahan nəticələri kifayət etmir. Rezidenturaya seçim zamanı audit və keyfiyyətin yaxşılaşdırılması layihələrində iştirak, liderlik və idarəetmə təcrübəsi, elmi araşdırmalar, nəşrlər və elmi təqdimatlar kimi fəaliyyətlərə də diqqət yetirilir. Ona görə gənclərə tövsiyəm budur ki, tələbəlik illərindən akademik və elmi fəaliyyətə qoşulsunlar, liderlik bacarıqlarını inkişaf etdirsinlər və ingilis dilini yüksək səviyyədə öyrənsinlər. Belə olduqda məzuniyyətdən sonrakı mərhələlərə daha hazırlıqlı başlamaq mümkündür.

    - Gələcəkdə karyeranızı hansı istiqamətdə davam etdirməyi planlaşdırırsınız?

    - Əsas hədəfim gələcəkdə konsultant həkim olmaqdır. Amma karyeramı yalnız klinik fəaliyyətlə məhdudlaşdırmaq istəmirəm. Ən böyük arzularımdan biri universitetdə tədrislə məşğul olmaq və tibb tələbələrinə dərs verməkdir. Bununla yanaşı, elmi araşdırmalarımı da davam etdirmək istəyirəm.

    Gələcəkdə klinik fəaliyyəti, tədrisi və elmi tədqiqatı bir arada aparmaq istəyirəm. Özümü həm həkim, həm müəllim, həm də tədqiqatçı kimi görürəm.

    - Uzunmüddətli perspektivdə Böyük Britaniyada qalmaq, yoxsa əldə etdiyiniz təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək kimi planınız varmı?

    - Əslində, məncə, bu müsahibənin ən gözəl sualı elə sonuncu sualdır. Mənim ən böyük arzularımdan biri rezidentura təhsilimi uğurla başa vurduqdan sonra vətənə qayıtmaqdır.

    Daha konkret desəm, gələcəkdə Xankəndidə Qarabağ Universitetinin Klinikasında çalışmaq istərdim. Orada həm həkim kimi fəaliyyət göstərmək, həm də Qarabağ Universitetinin Tibb fakültəsində təhsil alan gənc azərbaycanlı həkimlərin hazırlanmasına və tədrisinə töhfə vermək mənim üçün çox dəyərli olardı.

    Məqsədim Böyük Britaniyada qazandığım bilik və təcrübəni Azərbaycana gətirmək, ölkəmizin səhiyyəsinə və tibbi təhsilinə fayda verməkdir. Bunu məhz Xankəndidə həyata keçirmək isə mənim üçün xüsusi məna daşıyır.





    Aytən Abbaslı,
    London

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    2. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    3. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    4. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    5. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    6. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    7. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    8. 10:55 27 Sentyabr – Anım Günü
    9. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    10. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    11. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    12. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    13. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    14. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    16. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    17. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    18. 17:17 Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    19. 17:14 Rayon rəhbəri 23 sentyabr 2026-cı il tarixdə Qızılağac kəndində səyyar qəbul keçirib
    20. 13:38 Qələbə hərbi-siyasi yolla həll edildi
    21. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    22. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    23. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    24. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    25. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    26. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    27. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    28. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    29. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    30. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    31. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    32. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    33. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    34. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    35. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    36. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    37. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    38. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    39. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    40. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ