• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

    Prezident İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

     
    Prezident İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar.
    Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.
    Bildirildi ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.
    Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verildi.
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Robopark” layihəsinin məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması, intellektual elmi-texniki yaradıcılığının inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması, eyni zamanda, robot texnikasının əsasları ilə bağlı məlumatlar əldə etmələrinə imkan yaratmaqdır. Layihə çərçivəsində nazirlik Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə 23 nömrəli orta məktəbdə ilk “Robopark” robot texnika laboratoriyası yaradıb.
    Nazirlik tərəfindən “İdeyadan Biznesə” layihəsinin icrasına bu ilin aprelindən başlanılıb. Layihənin reallaşdırılmasına Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri dəstək olub. Yeddi ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.
    Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən qrant alan layihələr kommersiyalaşdırılmış layihələr hesab edilir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb. Layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub.
    “Bakı Telefon Rabitəsi” MMC – “Baktelecom” və “Aztelekom” sərgidə birgə stendlə təmsil olunur. “Baktelecom” GPON texnologiyası ilə “Evədək optika” layihəsini davam etdirir. Bu il 40 min mənzildə bu texnologiya vasitəsilə infrastruktur yaradılıb. Cari ilin əvvəlindən Bakı şəhərində və regionlarda rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə LTE texnologiyası tətbiq edilir. “Aztelecom” ilkin olaraq Xaçmazın kəndlərində simsiz rabitə xidmətinin tətbiqinə başlayıb. Bundan başqa, bu il “Aztelekom” magistral şəbəkənin müasir standartlarla yenidən qurulması layihəsinə də start verib.
    Azərbaycanın malik olduğu ilk regional Data Mərkəzinin “Microsoft” şirkəti ilə əməkdaşlığı nəticəsində müştərilərə ən əlverişli şərtlərlə virtual mühit üçün lisenziyalaşdırılmış əməliyyat sistemi təqdim olunur. Burada saxlanılan məlumatların və beynəlxalq səs trafikinin ehtiyat bazasının yaradılması məqsədilə növbəti ilin ikinci rübündə istifadəyə verilməsi planlaşdırılan Yevlax Ehtiyat Data Mərkəzinin inşası davam edir. Bununla yanaşı, Dövlət Data Mərkəzi layihəsi üzərində də işlərə başlanılıb.
    Gələn il Məlumat Hesablama Mərkəzi tərəfindən istifadəçi ilə veb-səhifənin serveri arasında şifrəli məlumat mübadiləsini həyata keçirmək üçün lazım olan, Azərbaycanda ilk dəfə təhlükəsizlik sertifikatlarının verilməsinə başlanacaq. İndiyədək həm dövlət, həm də özəl saytlar bu sertifikatı xaricdən əldə edirdi. Gələcəkdə bu sertifikatların ixracı da mümkündür. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən “Made in Azerbaijan” brendinə uyğun olaraq yerli mütəxəssislər tərəfindən “AzDoc” adlı proqram hazırlanıb. “Elektron imza və Elektron sənəd haqqında” Qanuna və kargüzarlıq təlimatlarına uyğun olan proqram hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Gələcəkdə isə bütün dövlət təşkilatları bu proqramdan istifadə edə bilər. Proqramda sənədləri elektron imza ilə də təsdiqləmək mümkündür.
    Dövlət Radiotezliklər İdarəsi bu il “Bakutel - 2018” çərçivəsində ən yeni informasiya-kommunikasiya texnologiyalarının ölkədə tətbiqinə şərait yaradılması üçün müasir radiomonitorinq, mobil rabitə xidmətlərinin müqayisəli analizi və digər bu kimi sistem və texnologiyalarını sərgiləyir. Sərgidə 5G – beşinci nəsil mobil rabitə, süni intellekt kimi texnologiyaların işinə və keyfiyyətinə nəzarət prinsiplərini özündə cəmləyən sistemlər nümayiş olunur.
    Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmanla yaradılan bu xidmət avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir.
    Sonra dövlətimizin başçısı və xanımı Azərbaycanda müasir poçtun və rabitənin yaradılmasının 100 illiyinə, eyni zamanda, “Azərbaycan memarlığına” həsr olunan poçt markasını möhürlədilər.
    Sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsinin prototipi də təqdim olunur. Artıq iki ildir innovativ və texnoloji yeniliklərlə təchiz olunan “Şəbəkə” xidmət mərkəzləri yaradılıb. Növbəti - 9-cu “Şəbəkə” mərkəzinin Beynəlxalq Avtovağzal Kompleksində istifadəyə verilməsi nəzərdə tutulur.
    Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verdi.
    Müxbir: Cənab Prezident, müsahibə verdiyiniz üçün çox sağ olun. Azərbaycanda olmağımızdan çox məmnunuq. İcazənizlə Sizinlə söhbətimizi rus dilində davam edək.
    Prezident İlham Əliyev: Olar, buyurun. Azərbaycan dilində də çox gözəl danışırsınız.
    -İlk növbədə, demək istərdim ki, mən Azərbaycana birinci dəfə gəlmirəm və Bakıda həmişə nəyinsə dəyişdiyini görmək çox xoşdur. Siz inkişaf edirsiniz, nailiyyətlərlə kifayətlənmirsiniz. Zəhmət olmasa deyin, son zamanlar Azərbaycanda hansı innovasiyaları xüsusilə inkişaf etdirirsiniz? Mən bilirəm ki, siz təkcə neft sektorunu inkişaf etdirmirsiniz, həm də diqqəti qeyri-neft sektoruna yönəldirsiniz. Siz burada nəyi inkişaf etdirmək istərdiniz?
    - Tamamilə doğrudur. Dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır. Dünya Bankının son məlumatlarına, “Doing busines” hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür. Bu, bizim üçün prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkətləri var. Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu, o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır.
    - Həm də əbədi deyil.
    - Bəli, əlbəttə. Ona görə biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla biz çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun.
    - Zəhmət olmasa deyin, turizm sahəsi. Axı Siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Bildiyimə görə, indi ən çox turist Rusiyadandır. Doğrudur?
    - Bəli, birinci yerdə Rusiyadan gələn turistlərdir. İl hələ ki, yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib. Rusiyalılar inamla birinci yeri qoruyub saxlayırlar. Bizdə son iki ildə turizmin artımı müşahidə edilib. 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz artım olub, bu il hələ ki, bilmirik, amma yenə də artım var. Turistləri, ilk növbədə, burada özlərini təhlükəsiz hiss etdikləri şərait cəlb edir. Rusiyalılara gəlincə, düşünürəm ki, onlar özlərini evdəki kimi hiss edirlər. Burada dil səddi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.
    - Ləziz təamlarınız...
    - Bəli, tamamilə doğrudur. Əlbəttə, təhlükəsizliyin, rahatlığın təmin olunması səviyyəsi, Azərbaycan xalqının qonaqpərvərliyi, eyni zamanda, tarixi abidələr, iqlim - yəni, mən turistlərin Azərbaycana niyə gəldiklərinin səbəbləri barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Mən məmnunluqla onları ölkəmizə dəvət edirəm. Biz onların gəlişinə həmişə şadıq.
    - Müsahibəyə görə çox sağ olun!
    X X X
    Sərgidə “Nafantano” şirkəti də iştirak edir. Bu şirkət artıq 3 ildir fəaliyyət göstərir. Azərbaycan şirkəti olan “Nafantano” onlayn satış həyata keçirir. Şirkət qeyri-adi oyuncaq heyvanlar istehsal edir.
    Tibdə rəqəmsal cərrahiyyə erası yüksək dəqiqlik tələb edən əməliyyatlarda xüsusi naviqasiya qurğularından istifadə edir. Azərbaycan Tibb Universitetində alim və mütəxəssislər qrupunun tədqiqatlarında bu sahədə rəqəmsal kompüter texnologiyalarının son nailiyyətlərinə hesablanmış reallıq eynəkləri istifadə olunur. Kompüter proqramı artırılmış reallıq eynəkləri istifadədə cərraha real görüntü ilə yanaşı, gözlə görünməyən anatomik strukturları aşkarlamağa imkan verir.
    İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də sərgidə təmsil olunur. Burada Agentlik tərəfindən kiçik və orta sahibkarların hüquqlarının qorunması ilə bağlı müraciətlərə online baxılması sistemi təqdim edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yaradılan “Sahibkarlara Dəstək Sistemi” sahibkarların hüquqları ilə bağlı müraciətlərə baxılması və onların operativ həlli üçün online platformadır. Məqsəd sahibkarların hüquqlarının müdafiəsinin mükəmməl mexanizmlərinin tətbiqində səmərəliliyin yüksəldilməsi və çevikliyin artırılmasından ibarətdir.
    “Bakutel” sərgisi gənc layihəçilərə öz ixtira və proqramları haqqında məlumat vermək üçün də geniş şərait yaradır. Sevindirici haldır ki, bu il sərgidə müxtəlif innovasiya mərkəzlərini təmsil edən rekord sayda – 50-dən artıq startap təmsil olunub. Startaplar öz parlaq innovativ ideyalarını turizm, ekologiya, səhiyyə və maliyyə sektorları üçün təqdim edirlər. Məhsulların əsas hissəsi virtual və artırılmış reallıq texnologiyaları, veb-sayt və mobil tətbiqlərdir.
    Belarusun pavilyonunda bu ölkənin şirkətləri innovativ məhsullarını təqdim edir. Ümumilikdə, sərgidə Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi, “Beltelekom”, “Belpochta”, “Giprosvyaz”, Milli Elektron Xidmət Mərkəzi, Milli Nəqliyyat Mübadilə Mərkəzi, “Promsviaz”, İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqat İnstitutu, “Software Applied Systems Institute”, Belarus Milli Telekommunikasiya İnstitutu və “Newland” şirkəti iştirak edir.
    Digər sərgilərdə olduğu kimi, budəfəki sərgidə də qardaş Türkiyə geniş təmsil olunur. Türkiyənin pavilyonu ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkədən “Ptt Turkish Post”, “Turk Telekom International”, “Turkcell”, “Türksat” və “Havelsan” şirkətləri innovativ, müasir məhsullarını təqdim edirlər. Bu şirkətlər əsasən süni peyk, rəqəmsal ticarət, mobil operator xidmətləri üzrə ixtisaslaşıb və dünyada qabaqcıl İKT xidmətləri ilə seçilir.
    İran da “Bakutel” sərgisinin iştirakçıları sırasındadır. İranın stendində “Telecommunications Infrastructure Company”, “Iranian Space Agency”, “Saymantech Ltd”, “Nasim Telecom”, “Samim Group”, “Faraz”, “Harita” və digər şirkətlər iştirak edir. Ümumilikdə, İran bu sərgidə 25 şirkətlə təmsil olunur. Ziyarətçilərə əsasən internet və elektron cihaz xidmətləri, ağıllı şəhər layihələri təklif edilir.
    “Bakutel-2018”də ABŞ da təmsil olunur. Birləşmiş Ştatların stendində Azərbaycanda Amerika Ticarət Palatası ilə yanaşı, “American International Radio”, “Inc. Air”, “Avirtel”, “Parallel Wireless”, “Seabak” və “Transition Networks” şirkətləri məhsullarını təqdim edir.
    İtaliya pavilyonunda İtaliya-Azərbaycan Ticarət Palatası, “GAP İtaliya”, “DBA Group” və “GEM Elettronica” şirkətləri məhsullarını təqdim edir. Təqdim olunan məhsullar arasında kibernetika, elektronika, rəqəmsal arxiv kimi bir sıra qabaqcıl texnologiyalar var.
    Fransa pavilyonu ilə tanışlıq zamanı məlumat verildi ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə yanaşı, bu ölkədən “Linagora”, “Schneider Electric” və “Thales” şirkətləri də sərgidə təmsil edilir. Bu şirkətlər də öz innovativ məhsullarını təqdim edirlər.
    Birləşmiş Ərəb Əmirlikləri də sərgidə təmsil olunur. Əmirliyin PROW və “Xerrow Technologies” şirkətlərinin məhsulları maraqla qarşılanır.
    4G texnologiyası əsasında genişzolaqlı mobil internet xidmətləri göstərən “Sazz” internet şirkəti sərgidə ən son texniki nailiyyətlərini təqdim edir. Şirkət yaxın vaxtlarda respublikamızda 5G texnologiyalarının tətbiqinə hazırlaşır. Yenilikçilik ənənələrinə sadiq qalan şirkət mobil internetin son texnologiyası TDD-LTE–ni də nümayiş etdirir. Bu xidmət 3 sahəni – simsiz televiziya, simsiz telefoniya və təhlükəsizlik kameralarını özündə birləşdirir.
    1995-ci ildə yaradılan “BestComp Group” şirkəti sistem inteqrasiyası, Data mərkəzi həlləri, layihə həlləri, proqram təminatının yaradılması, distribusiya və digər İT xidmətlərin göstərilməsi sahəsində Cənubi Qafqaz və Orta Asiyanın İKT sektorunun liderlərindən biridir. Şirkət dövlət və özəl sektorda əhəmiyyətli layihələrə imza atır.
    Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yardımçı sahəsində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat hərəkətinin təmin edilməsi məqsədilə nəqliyyat qovşağı inşa edilir. Bakı Beynəlxalq Avtovağzalı və “Cisco” şirkətinin birgə hazırladığı “Ağıllı Şəhər” pilot layihəsi vasitəsilə yerli və beynəlxalq daşımaların idarə olunmasında nəqliyyat xidmətlərinin keyfiyyətinin artması, xərclərin azaldılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərdə tutulub. Bakı Beynəlxalq Avtovağzalının SAP şirkəti ilə birlikdə təqdim etdiyi ağıllı jiletlər sürücülərin səhhəti ilə bağlı məlumat verir, eyni zamanda, avtobusda yarana biləcək problemlər barədə onlayn rejimdə sürücünü dərhal xəbərdar edir.
    Azərbaycan Dövlət Reklam Agentliyinin stendi ilə tanışlıq zamanı məlumat verildi ki, agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur. Stendə agentliyin bir çox xidmətləri, o cümlədən açıq məkanda reklam daşıyıcılarının elektron qeydiyyatı portalı, reklam daşıyıcılarının kənardan ölçmə cihazı və proqram təminatı, açıq məkanda reklam mühitinin monitorinq və analizini aparan cihaz və proqram təminatı təqdim edilir.
    Sərgidə “Azərkosmos” ASC tərəfindən “Peyk layihələrimiz” barədə məlumat verilir. Bu stenddə “Azerspace-1” peykinin nailiyyətlərini əks etdirən infoqrafika, “Azerspace-2” peykinin tutumları vasitəsilə Azərbaycan Respublikasının 600 ucqar kənd məktəbinin peyk interneti ilə təmin olunmasına dair perspektiv layihənin məzmunu, “Azersky” peyki tərəfindən əldə olunan təsvirlər vasitəsilə 2018-ci ildə həyata keçirilən “Azərbaycan Respublikasının meşələrinin monitorinqi layihəsi” və “Bitki örtüyünün xəritələşdirilməsi və məhsuldarlığın proqnozlaşdırılması” layihəsi haqqında məlumat verilir.
    Sərgidə “Huawei” şirkəti də məhsullarını təqdim edir. İKT sahəsindəki həllərin dünya üzrə tədarükçüsü olan “Huawei” müştərilərin tələblərinə müvafiq olaraq fasiləsiz innovasiyaların yaradılması istiqamətində çalışır, telekommunikasiya şəbəkələri, korporativ şəbəkələr, abonent qurğuları və bulud hesablamaları sahəsində tərəfdaşlarla yeni əməkdaşlıq imkanları yaradır.
    “Microsoft” korporasiyası da artıq çoxdandır ki, sərgidə fəal iştirak edir. 1975-ci ildə təsis olunan bu şirkət proqram təminatı istehsalında dünya lideridir. Korporasiya geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Ümumilikdə, şirkət İT texnologiyası ilə bağlı ən müasir həll variantlarını nümayiş etdirir. Şirkət ölkəmizdə 2005-ci ildən fəaliyyət göstərir.
    Rəqəmsal sahəni təşkil edən texnologiyaların nümayiş olunması və müzakirəsi ilə yanaşı, “Bakutel” həm də yüksək texnologiyaların tətbiqi ilə əyləncəli məhsulların təqdim edildiyi nadir platformadır. Bu il burada “3D Production” şirkətinin rəqəmli muzey layihəsi də həyata keçirilib.
    Bu il oyun zonasında “Yüksəklik” kompüter oyunu, milli nağıl qəhrəmanları “Külək” virtual nağılları da təqdim edilir. Oyun zonasında Azərbaycanın görməli yerlərini çap edəcək “3D” printerlər və dronların şousu da nümayiş olunur. Azərbaycanın milli brendi Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası məktəblilərin dərsdənkənar elmi yaradıcı potensialını inkişaf etdirmək üçün “Mən Pilotam” adlı layihəsini təqdim edir.
    Sonra Prezident İlham Əliyev məşhur futbolçu, fransız Robert Pireslə görüşdü. Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. “Arsenal” komandasının liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FIFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.
    Qeyd edək ki, sərgidə, ilk dəfə olaraq, alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında “RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir. Robert Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim etdi.
    Sərgi çərçivəsində Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey də fəaliyyət göstərir.
     
     
     
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 21:36 Masallılı idman mütəxəssisinə fəxri ad verildi
    2. 19:06 Prezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
    3. 19:01 Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
    4. 17:16 Masallıda ulu öndərin anım gününə həsr olunmuş konfrans
    5. 14:52 Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    6. 14:37 Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
    7. 13:58 Masallıda Azərbaycan xalqının ümummilli lideri anılıb
    8. 22:34 Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    9. 22:26 Masallı RİH başçısının Xırmandalı ərazisində səyyar görüş-qəbulu
    10. 15:46 Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    11. 15:40 Masallı cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb
    12. 18:57 Masallı Dövlət Regional Kollecində ulu öndərin xatirəsi yad edildi
    13. 17:34 Masallıda "İngilis dilini öyrənirik" mövzusunda bilik yarışması
    14. 13:49 Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    15. 18:23 Masallıda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
    16. 15:43 Masallıda FHN-nin seminar-müşavirəsi
    17. 22:23 Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    18. 17:35 Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Masallıda maarifləndirmə tədbiri keçirilib
    19. 15:28 Masallı RİH başçısının Hişkədərə ərazisində səyyar görüş-qəbulu
    20. 17:54 Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib
    21. 17:51 Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub
    22. 17:39 Prezident İlham Əliyev Avstriyanın, Koreyanın, Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    23. 16:38 Masallıda Milli Qəhrəmanlar, aprel döyüşçüləri, şəhidlərə həsr olunmuş tədbir keçirilib
    24. 16:11 Heydər Əliyev və azərbaycançılıq məfkurəsi
    25. 22:12 Prezident İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub
    26. 17:51 Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    27. 17:43 Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    28. 17:38 Prezident İlham Əliyev ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib
    29. 17:20 Masallıda Beynəlxalq Əlillər Günü qeyd edilib
    30. 21:14 Prezident İlham Əliyev CISCO şirkətinin nümayəndə heyətini qəbul edib
    31. 18:17 Bioloyi Təbabət Klinikasının Masallı filialının açılışı
    32. 16:54 Masallıda Aprel Şəhidi Nurlan Əsgərlinin xatirəsi anılıb
    33. 16:40 Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib
    34. 17:56 Vəkillər Kollegiyasının üzvləri Masallıda əhaliyə ödənişsiz hüquqi yardım göstərib
    35. 15:42 “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri
    36. 22:34 Masallı taekvondoçusu qitə birinciliyinin gümüş medalını qazandı
    37. 16:22 Masallıda bəndlər bərpa olunur, Muğan kəndlərinə su çəkilir
    38. 15:30 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları arasında inşa müsabiqəsi keçirilib
    39. 14:57 Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    40. 14:47 Masallı RİH başçısının Qızılavar ərazisində səyyar görüş-qəbulu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər   Qızılağac və Masallının digər kəndləri   Azərbaycana gələn turistlər maraqlı Ətraflı oxu
    Bütün xəbərlər
    «    Dekabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    DÜNYA XƏBƏRLƏRİ