Masallı RİH başçısının Xırmandalı ərazisində səyyar görüş-qəbulu
- 11-12-2018, 22:26
- Siyasət
- 0
- 1 443
Masallı RİH başçısının Xırmandalı ərazisində səyyar görüş-qəbulu
Xırmandalı ərazi nümayəndəliyinə daxil olan Ərəb kəndi rayonun ən ucqar yaşayış məntəqələrindəndir. Əvvəllər yolu, qazı, suyu, məktəbi olmayan bu kənd indi fərəhli günlərini yaşayır.
Bütün məişət qayğılarından əsasən azad olan sakinlər ölkə Prezidenti cənab İlham Əliyevə, rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynova minnətdarlıq edirlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Ərəbdə səyyar qəbuluna gələn sakinlərin üzlərində də bu razılıq, sevinc özünü göstərirdi.
Kəndin təzə məktəbinin zalında düzənlənən tədbirdə rayon rəhbəri sakinləri salamlayıb dedi:
-Bu gün kəndinizə ilk gəlişimi xatırladım. Bərbad yolla çətinliklə gəlib bura çıxmışdıq. Yol boyu əkin- biçinsiz torpaqlar, qazsız, məktəbsiz, elektrik təsərrüfatı bərbad bir kəndin görüntüləri adamı narahat edirdi. Bir vaxtlar bu kəndlərə biganəlik olduğu açıq- aşkar hiss edilirdi. İlk qəbulumda neçə-neçə sakinin müraciətini, giley- güzarını dinlədim. Əslində Muğanın başqa kəndlərində də vəziyyət belə idi. Məişətdə işlətmək, mal-qaranın suvarılması üçün su maşınla gətirilirdi. Köhnə evlər adamların rifahından xəbər verirdi. Bu gün isə hamınızın üzü gülür, məni diqqətlə dinləyirsiniz. Muğan kəndlərinin yolları rahatdır, evlərində mavi alov şölələnir. Elektrik təsərrüfatı yenilənib. Dirəklər, transformatorlar dəyişdirilib. Balalarınız təzə məktəbdə, geniş, işıqlı sinif otaqlarında təhsil alır. Ən fərəhlisi isə torpağa bağlanmağınızdır ki, bu, kəndin görüntüsündən hiss olunur.
Qəbula gələnlər deyirlər ki, Bakıdan Masallıya 5 manata, Masallıdan Xırmandalıya yalvar-yaxarla 20 manata gəlmək olurdu. Bu qayğılar indi yoxdur.
RİH rəhbəri bildirdi ki, inkişafınız, problemlərinizin həlli rayondakı infrastruktur layihələrin uğurla həyata keçirilməsindən qaynaqlanır.
Son illərdə Masallıda bir çox problem həllini tapıb. Möhtərəm Prezidentimizin qayğı və diqqəti sayəsində qaz çəkilişi uğurla davam edir. İndi rayonda 11 kiçik yaşayış məntəqəsi qazsızdır ki, gələn il həmin kəndlərdə də qaz yanacaq. Elektrik təsərrüfatı müasir texnologiya əsasında yenilənəcək. Bir çox kəndlərdə SİP kabelləşmə başa çatıb. Yeni, güclü transformatorlar qurulub.
Muğan kəndlərinə içməli su çəkilir. Masallı şəhərində kanalizasiya məsələsi həll edilib. Şəhərdəki quruculuq işləri göz qabağındadır.
Kənd təsərrüfatı da ilbəil irəli gedir. Sizdə də adamların zəhməti sayəsində indi həyətyanı sahələr də əkilib becərilir. Düzdür, su problemi var. Dövlət proqramına uyğun olaraq Viləş dəryaçasının II növbəsinin tikintisi başa çatandan sonra su ehtiyatı 3 dəfə artacaq. Beton kanallar su itkisinin qarşısını alacaq.
Rayon rəhbəri diqqəti ərazidə təhsil və erkən nikahlara çəkərək dedi ki, bu vacib məsələlərə nəzarət edin. Valideynlər bu işdə fəallıq göstərməlidir. Məktəbə gedib uşaqlarınızın dərsində iştirak edin. Bu, müəllimlərin məsuliyyətinə də təsir edəcək. Qızları ərə verməyə tələsməyin. Belələri qanunla cəzalandırılacaq. Hazırda ailə qurmaq istəyən 9 azyaşlı məsuliyyətə cəlb olunub.
Rafil Hüseynov kənddə ortaya çıxan bəzi münaqişələrin həllində ziyalıları, ağsaqqalları birliyə çağırdı, bələdiyyə vergilərinin ödənilməsini tövsiyə etdi.
Səyyar qəbulda iştirak edən rayon polis şöbəsinin rəisi, polis-polkovniki Habil Əmiraslanov çıxış edərək kənddə adamların bir-biri ilə yaxşı ünsiyyətdə olmasının cinayətkarlığın aradan qaldırılmasında mühümlüyünü göstərdi. Polis rəisi erkən nikahların ardan qaldırılmasında profilaktiki tədbirlərin, maarifləndirmənin vacibliyini vurğuladı. H.Əmiraslanov daha sonra sakinləri qanunsuz odlu silahların təhvil verilməsinə və ya sənədləşdirilməsinə çağırdı.
Kənd ağsaqqalı Əhliman Hüseynov Muğan kəndlərində, o cümlədən Ərəbdə görülən işlərə görə ölkə rəhbərinə, problemlərin aradan qaldırılmasında böyük təşəbbüskarlıq və qətiyyət göstərən cənab Rafil Hüseynova minnətdarlıq ifadə etdi.
Hacıtəpə sakini İmaməddin Baxşıyev evinə işıq sayğacının çəkilməsi, xırmandalılı Nuranə Fərzəliyeva həyətinə yolun olmaması ilə əlaqədar müraciət etdilər.
Rayon rəhbəri onların müraciətinin qanun çərçivəsində həll edilməsi üçün göstəriş verdi.
Həsənağa ƏLİYEV,
“Yeni həyat”,
www.yeniheyet.az