Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- 3-04-2018, 14:55
- Siyasət
- 0
- 1 482
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Əbdülhəmid Gül Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, hüquq mühafizə orqanları, o cümlədən Ədliyyə nazirlikləri arasında sıx əməkdaşlığın ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında bütün səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunularaq bildirildi ki, Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün Azərbaycana bu səfəri də ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcək.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.