Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb

Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı MMA üzrə dünya çempionu adını qazanan Masallıdan olan idmançı Nərmin Əliyeva ilə görüşərək onu tarixi uğur münasibətilə təbrik edib.
Görüş zamanı qeyd olunub ki, Masallıdan olan idmançının qazandığı möhtəşəm nailiyyət ölkə idmanında yeni bir səhifə açıb. Belə ki, Nərmin Əliyeva qaydasız döyüş növü üzrə keçirilən Dünya Çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub və Azərbaycan MMA tarixində dünya çempionu titulunu qazanan ilk qadın idmançı kimi adını tarixə yazdırıb. Bu əlamətdar hadisə 2025-ci ildə ölkə idmanında mühüm uğur kimi qeydə alınıb.
Rayon rəhbəri Nərmin Əliyevaya gələcək yarışlarda da yeni-yeni qələbələr arzulayıb, onun bundan sonra da ölkəmizin idman şərəfini yüksəklərdə saxlayacağına əminliyini ifadə edib.































