Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026

15 sentyabr – “Bilik Günü” münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın böyük məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov və Masallı Rayon Təhsil sektorunun müdiri Elman Rzayev Masallı şəhərində yerləşən Dəfinə məktəb-liseyində olublar.
Rayon rəhbəri məktəb-liseyin kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Araz Əhmədov məktəbdə yaradılmış şəraitlə tanış olub, təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb. Görüş zamanı ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli və savadlı yetişdirilməsinin əhəmiyyətindən danışılıb.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, müasir dövrdə bilik və təhsil cəmiyyətin inkişafının əsas amillərindən biridir. Şagirdlərin keyfiyyətli təhsil alması, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və savadlı gənclər kimi yetişməsi qarşıda duran əsas vəzifələrdəndir.
Tədbirdə müəllimlərin əməyi yüksək qiymətləndirilib, onların gələcək fəaliyyətlərinə uğurlar arzulanıb. Şagirdlərə isə yeni tədris ilində yüksək nailiyyətlər, möhkəm can sağlığı və bol uğurlar dilənib.
Sonda məktəb-liseyin müəllim və şagird kollektivi ilə xatirə fotosu çəkdirilib.





























