Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Qodman kəndində yaşayan, I Qarabağ müharibəsi şəhidi Rahim Zərbiyevin xəstəlikdən əziyyət çəkən anasını yenidən ziyarət edib.
Ziyarətdə aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev və Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramizoğlu da iştirak edib.
Rayon rəhbəri şəhid anasının səhhəti ilə yaxından maraqlanıb, onun gündəlik qayğıları və qarşılaşdığı problemlər barədə məlumat alıb. Söhbət zamanı şəhid ailəsinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyi vurğulanıb, şəhid anasının müraciət və istəkləri dinlənilib.
Görüş zamanı Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramizoğlu şəhid anasını müayinə edib. Onun səhhəti ilə bağlı tibbi qiymətləndirmə aparılıb, mövcud vəziyyətinə uyğun müalicə təyin olunub və müvafiq tibbi tövsiyələr verilib.
Araz Əhmədov şəhid ailələrinin, xüsusilə yaşlı və səhhətində problem olan ailə üzvlərinin vəziyyətinin daim diqqətdə saxlanılmasının vacibliyini bildirib. Şəhid ailələrinin qayğı və problemlərinin həlli istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilib.
Şəhid ailələri ilə mütəmadi görüşlərin keçirilməsi, onların sosial-məişət qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin görülməsi Masallı Rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qalır.
Qeyd edilib ki, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək, onların müraciət və problemlərinin həlli üçün zəruri dəstək göstəriləcək.

































