Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası

13 fevral 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyəti, Respublika Qan Bankı PHŞ və Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Masallı rayonunda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ümumrayon qanvermə aksiyası keçirilmişdir.
Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri və rayon sakinləri qana ehtiyacı olan insanlara dəstək olmaq məqsədilə aksiyada fəal iştirak etmişlər.
Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılmış, onlardan qan analizi götürülərək donor kimi iştirak etməyə uyğun olub-olmadıqları müəyyən edilmişdir.
Aksiya çərçivəsində toplanan qan talassemiya xəstələrinin müalicəsi məqsədilə təmənnasız istifadə olunacaqdır.


































