Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib

05 noyabr 2025-ci ildə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bildirib ki, Masallıda fəaliyyət göstərən “Halay” folklor ansamblı təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınan, milli folklorumuzun təkrarolunmaz nümunələrini yaşadan bir kollektivdir. O, kollektivin Azərbaycan mədəniyyətinin qorunması və təbliğində mühüm rol oynadığını vurğulamışdır.
“Halay” Folklor Ansamblının əsasını Ümbülbanu Qulamhüseyn qızı Cəbiyeva və anası, Talış xanları nəslinə mənsub Ağabacı Mir Cavad bəy qızı Hüseynova qoymuşlar. 1985-ci ildən etibarən Ümbülbanu Cəbiyeva qızı Natavan Əliyevaya sənətin incəliklərini öyrətmiş, 1988-ci ildən isə Natavan Əliyeva Mahmudavar kənd Mədəniyyət evinin direktoru kimi fəaliyyətə başlamışdır.
22 fevral 2008-ci ildə Dağıstanın Mahaçqala şəhərində keçirilən “Dağlılar” beynəlxalq rəqs festivalında ölkəmizi təmsil edən və festivalın xüsusi mükafatına layiq görülən Masallı rayonunun Mahmudavar kənd mədəniyyət evinin qızlardan ibarət “Halay” folklor rəqs kollektivi Meksika, Rusiya və Türkiyəyə dəvət almışdır. Həmçinin kollektiv İraq, Macarıstan, Ukrayna, Gürcüstan respublikasında da ölkəmizi təmsil etmişlər.
Görüşdə “Halay” Xalq Folklor Kollektivinin bədii rəhbəri Natavan Əliyeva çıxış edərək rayon rəhbərinə görüşə və kollektivə təqdim olunan yeni rəqs geyim dəstinə görə təşəkkürünü bildirmiş, göstərilən diqqət və qayğının milli dəyərlərin yaşadılmasına böyük stimul verdiyini qeyd etmişdir.
Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı Rayonu üzrə nümayəndəsi Salman Yunusov çıxış edərək rayon rəhbərinə təşəkkürlərini ifadə etmişlər, “Halay” kollektivinə göstərilən diqqətin rayonun mədəni həyatına böyük töhfə olduğunu vurğulamışlar.
Sonda rayon rəhbəri “Halay” kollektivinə müxtəlif hədiyyələr təqdim etmişdir.





































