Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
05 mart 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təşkil olunmuş “Azərbaycan qadını – güc və ləyaqət nümunəsi” adlı tədbir keçirilmişdir.
Tədbirdə şəhid ailələrindən olan qadınlar, rayonun fəal qadınları, dövlət və özünü idarəetmə orqanlarında çalışan qadınlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qeyd etmişdir ki, 8 Mart dünyada qadınların hüquq və azadlıqlarının müdafiəsinin, onların cəmiyyət həyatındakı rolunun yüksək qiymətləndirilməsinin rəmzidir. Bu əlamətdar gün ölkəmizdə də xüsusi hörmət və ehtiramla qeyd olunur. Azərbaycan qadını tarix boyu öz müdrikliyi, mərdliyi və vətənpərvərliyi ilə seçilmişdir.
Ümummilli Lider Heydər Əliyev qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakını daim yüksək qiymətləndirmiş, onların hüquqlarının qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu siyasət bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı sosial və humanitar layihələr qadınların cəmiyyətdə rolunun daha da möhkəmlənməsinə böyük töhfə verir.
Bu gün rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınlarımızın xüsusi rolu vardır. Təhsil, səhiyyə, mədəniyyət, dövlət idarəçiliyi və sahibkarlıq sahələrində çalışan xanımlarımız rayonumuzun inkişafına dəyərli töhfələr verirlər. Onlar həm də ailə ocağının qoruyucusu, gələcəyimiz olan övladlarımızın ilk müəllimidir.
Vətən müharibəsi dövründə və sonrakı mərhələdə qadınlarımız böyük fədakarlıq nümayiş etdirmiş, şəhid anaları və xanımları öz mətanətləri ilə hər birimiz üçün nümunəyə çevrilmişlər. Biz onların qarşısında baş əyir, qəhrəman övladlar böyütdükləri üçün dərin minnətdarlığımızı bildiririk.
Əziz xanımlar!
Siz həyatımıza nur, sevgi və mərhəmət gətirirsiniz. Sizin əməyiniz, zəhmətiniz və qayğınız sayəsində cəmiyyətimiz daha da güclənir. Əminəm ki, bundan sonra da rayonumuzun və ölkəmizin inkişafında fəal iştirak edəcək, yeni uğurlara imza atacaqsınız.
Tədbirdə çıxış edən fəal qadınlar ölkədə və rayonumuzda qadınlara daim diqqət və qayğının olduğunu qeyd edərək respublikaımızın bütün sahələrində qadınlara xüsusi önəm verildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını ifadə etdilər.
Sonda Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov tərəfindən tədbir iştirakçılarına gül və hədiyyələr təqdim edilmişdir.






























