Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
05 mart 2026-ci il tarixdə Masallı şəhər Digah küçəsindəki mərasim evində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cənab Prezident İlham Əliyev adından şəhid ailə üzvləri, müharibə iştirakçıları, əlillər, aztəminatlı ailələr və ictimaiyyət nümayəndələrinə Ramazan ayı münasibəti ilə iftar süfrəsi açılmışdır.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları, əlillər, aztəminatlı ailələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev və topraqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon rəhbəri Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdikləri diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı.
Tədbirdə çıxış edənlər ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazanın fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından söhbət ediblər. İnsanlar arasında həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.





































