Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib

03 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hafıyev Boradigah qəsəbəsində birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Qeysər Heybət oğlunun anası Məmmədova Südabə İbrahim qızını evində ziyarət ediblər.
Görüş zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanılıb, onun müraciətləri dinlənilib. Bildirilib ki, şəhid ailələrinin sosial-məişət problemlərinin həlli, onların qayğı və ehtiyaclarının diqqətdə saxlanılması Masallı Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biridir.
Şəhid anası göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda şəhid Qeysər Məmmədovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
































