Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
Masallı şəhərində əlilliyi olan uşaqlara dəstək məqsədilə növbəti xeyriyyə tədbiri keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov iştirak edib.
Rayon rəhbəri çıxışında belə xeyriyyə tədbirlərinin təşkilinin əhəmiyyətini vurğulayaraq bildirib ki, əlilliyi olan şəxslər, o cümlədən uşaqlar və sosial müdafiəyə ehtiyacı olan digər həssas qruplar dövlətin daim diqqət və qayğısı ilə əhatə olunurlar. Araz Əhmədov tədbirdə iştirak edən uşaqlar və onların valideynləri ilə səmimi söhbət edib, onların qayğı və istəkləri ilə maraqlanıb.
Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən sosial həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə hər zaman xüsusi diqqət və qayğı göstərilir.
Masallı şəhərində yerləşən “Karal Hotel”də keçirilən tədbir “Masallı Xəbərləri” MİP-in təsisçisi və baş redaktoru Rauf Cəbiyevin və təqaüdçü müəllimə, “Tərəqqi” medallı Əminə Abıyevanın təşkilatçılığı ilə baş tutub.
Xeyriyyə tədbiri çərçivəsində “Ümid Yelkəni” İctimai Birliyinin sədri Laləzar Abıyevanın maliyyə dəstəyi ilə Masallı rayonunda yaşayan 35 əlilliyi olan uşağa ərzaq payları təqdim olunub.
Tədbirdə uşaqlar və onların valideynləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, tədbirin təşkilatçılarına və “Ümid Yelkəni” İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər.
Səmimi və xoş ovqatda keçən görüş uşaqların böyük sevincinə səbəb olub.






































