Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
- Bu gün, 14:09
- Siyasət
- 0
- 12
Kənd təsərrüfatı sahəsində rəsmi statistik məlumatların keyfiyyətinin yüksəldilməsi və hesabatlılığın dəqiqliyinin təmin edilməsi məqsədilə 01 sentyabr 2026-cı il tarixində Masallı Rayon Statistika İdarəsi tərəfindən seminar-təlim təşkil olunmuşdur. Təlimdə Masallı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin məsul əməkdaşları iştirak etmişlər.
Təlimi giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışmışdır. O vurğulamışdır ki, təlim proqramının əsas məqsədi icra nümayəndəliklərinin kənd təsərrüfatı üzrə statistik müşahidələri müstəqil aparmaq, ilkin məlumatları təsdiq edilmiş metodikaya uyğun hesablamaq və nəticələrin keyfiyyətinə nəzarət etmək sahəsində praktiki bacarıqlarını daha da təkmilləşdirməkdir.
Tədbirdə çıxış edən idarə rəisinin müavini Ülfət Məmmədov rəsmi statistika formalarının tərtibi qaydalarından bəhs etmişdir. Qeyd olunmuşdur ki, icra hakimiyyəti başçılarının ərazi dairələri üzrə nümayəndələri Dövlət Statistika Komitəsi tərəfindən seçmə qaydada müəyyən edilmiş fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında sorğular aparmalı, toplanmış icmal məlumatları müəyyən olunmuş vaxt çərçivəsində rayon statistika idarəsinə təqdim etməlidirlər.
İdarənin baş məsləhətçisi Tərahim Kərimli isə rəsmi statistik formaların doldurulması qaydalarını əyani şəkildə nümayiş etdirmiş, seçmə müşahidələr əsasında hesablama metodlarının tətbiqi xüsusiyyətlərini iştirakçıların diqqətinə çatdırmışdır.
Yekunda iştirakçıların sualları ətraflı cavablandırılmış və mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
































